Bütün həyatımız boyu fasiləsiz işləyən ən böyük nasos: ürək

Bütün həyatımız boyu fasiləsiz işləyən ən böyük nasos: ürək

Yer üzünün ən mükəmməl quruluşa malik nasosu, hal-hazırda, sinənizin sol tərəfində işləyir. Ürək mükəmməl yaradılış xüsusiyyətləri və fasiləsiz döyünməklə 1 gündə orqanizmimizdəki qanı 1000 dəfə dövr etdirir.

Ürək təqribən yumruğunuz böyüklüyündə ətdən ibarət nasosdur. Ancaq qüvvəsini düşündükdə dünyanın ən güclü, ən uzunömürlü, ən sərfəli cihazıdır. Bunun bir çox səbəbi var. Əvvəla, ürək işləyərkən çox böyük qüvvə sərf edir. Bu qüvvə sayəsində ürək qanı 3 metr hündürlüyə qədər qaldıra bilir. Ürəyin iş qabiliyyətini belə bir misalla daha yaxşı açıqlaya bilərik. Ürək bir saatda orta ölçülü avtomobili yerdən təqribən 1 metr hündürlüyə qaldırmağa yetəcək qədər enerji meydana gətirir.

Ancaq ürəyin ən əsas xüsusiyyəti fasiləsiz işləməsidir. Ürək dəqiqədə 70 dəfə və ildə təqribən 37 milyon dəfədən çox hərəkət edən əzələdir. Bir insanın ürəyi həyatı boyu təqribən 2.5 milyard dəfə döyünür və təqribən 300 milyon litr qan vurur. Bu isə 10.000 ədəd neft çənini dolduracaq maye miqdarına bərabərdir. Ürək biz yatdıqda belə saatda təqribən 340 litr qan vurur. Başqa sözlə, ürək bir avtomobilin yanacaq çənini saatda 9 dəfə doldura bilər. Fiziki hərəkətlər zamanı, məsələn, qaçarkən ritmini daha da artırır və saatda təqribən 2270 litr qan vurur.

Ürək hər döyündükdə müəyyən miqdarda qanı böyük qüvvə ilə orqanizmin hər tərəfinə vurur. Bu əzələnin qüvvəsini anlamaq üçün yumruğunuzu saniyədə bir dəfə olmaqla nə qədər sıxa biləcəyinizi sınayın. Qısa müddətdə yorulacaq və davam edə bilməyəcəksiniz. Barmaqlarınızı və əlinizi hərəkət etdirən əzələlər bir neçə dəqiqədə yanmağa və ağrımağa başlayacaq. Buna baxmayaraq, ürək bir dəqiqə belə dincəlmədən ömür boyu gərilib-boşalır.

Ürəyin başqa bir xüsusiyyəti isə dəyişən şərtlərə görə lazımi qədər qan vurmasıdır. Normal şərtlərdə ürək dəqiqədə təqribən 70 dəfə döyünür. Yorucu gimnastik hərəkətlər zamanı əzələlərimizin daha çox oksigenə ehtiyacı olur. Bu zaman ürək iş ritmini artırır, dəqiqədə 180 dəfə döyünərək 5 dəfə artıq qan vurur. Normal şərtlər altında bu sürətlə və fasiləsiz işləyən bir cihaz bir müddət sonra xarab olar. Ürək isə illər boyu heç vaxt ritmini itirmədən fəaliyyətini davam etdirir.

Ürək bir mayeni digər tərəfə vuran bəsit nasos deyil. Eyni anda iki müxtəlif mayeni iki müxtəlif istiqamətə ötürən çox xüsusi yaradılışa malikdir. Normal nasoslar kimi yeksənəq iş ritmi yoxdur. Dəyişən vəziyyətə görə hansı sürətlə işləyəcəyini tənzimləyir. Bu xüsusiyyətlərini nəzərə aldıqda ürəyi içində mükəmməl kompyuter olan xüsusi yaradılışa malik nasosa bənzədə bilərik.

Ürəyin digər xüsusiyyəti qanın içində axıcı maddələri nasoslaya bilməsidir. Orqanizmə yeridilən dərmanlar və ya qəbul edilən qida maddələri qana qarışdıqda ürəklə nasoslanaraq bütün orqanizmə göndərilir. Bu yolla hüceyrələr qidalanır və xəstəliklər sağalır.