Tunisin demokratiya imtahanı davam edir

Tunisin demokratiya imtahanı davam edir

 2011-ci ilin yanvar ayında səyyar satıcı bir gəncin polis qüvvələrinin təzyiqinə görə özünü yandırması ilə başlayan xalq hərəkatının gətirdiyi çevrilişdən sonra yeni bir konstitusiya, demokratik standartlara uyğun olan parlament, prezident seçkiləri və çox səsli bir milli məclis yarada bilən Tunis əldə etdiyi bütün bu müsbət irəliləyişlərə baxmayaraq, hələ də demokratiyanı tamamlaya bilməyib.
 
Xatırlasaq görərik ki, 2014-cü ilin oktyabr ayında keçirilən parlament seçkilərində Nida Tunis Partiyası birinci, Nahda Hərəkatı Partiyası ikinci, Azad Milli Birlik Partiyası üçüncü yerdə qərarlaşmış, 2014-cü ilin dekabr ayında prezident seçilən Beji Kaid əs-Səbsi sabiq Daxili İşlər Naziri Əl-Habib əs-Sıyda yeni hökuməti qurmaq vəzifəsini vermişdir. Ötən günlərdə Əs-Sıyd 24 nazirin daxil olduğu yeni kabineti açıqladı, lakin gözlənilən etimad votumu sessiyası, qrup rəhbərlərinin qərarındakı bəzi xüsusları qəbul etməmələri üzərində ertələndi.  Növbəti  plenum tarixi isə hələ müəyyən edilməyib. Yəni müvəqqəti hökumət prezident əs-Sebsiyə istefasını təqdim etsə də, deyəsən vəzifələrini bir müddət də icra edəcək.
 
Hər zaman razılaşma mesajları verən və demokratiyaya olan inancını həm sözləri, həm də etdikləri ilə büruzə verən Rəşid əl-Qannuşinin Nahda Hərəkatı olaraq yeni hökumətə səs verməyəcəyini açıqlaması isə başqa bir hadisəyə diqqət çəkdi. Əl-Qannuşi prezidentə təqdim edilən yeni hökumətin Tunis xalqının tələblərinə cavab vermədiyini, xalqın bütün təbəqələrini təmsil etmədiyini və böyük çətinliklərlə mübarizə aparacaq gücdə olmadığını bildirdi. Lakin keçiriləcək müşavirələrin hökumətin tərkibi və proqramı haqqında milli razılığa səbəb olacağına inandığını və ümid etdiyini dilə gətirən əl-Qannuşi hər zaman olduğu kimi sülhsevər və demokrat rəftarını bir daha göstərmiş oldu.
 
Bu bir həqiqətdir ki, Respublikanın elan edilməsindən indiyədək demokratik və sərbəst seçkilər keçirmək mümkün olmayan Tunisdə inqilabdan sonra sabitlik, rifah və təhlükəsiz bir gələcək üçün mühüm addımlar atıldı. Ancaq diktatorluqdan demokratiyaya sakitliklə keçərək 2014-cü ili çox müvəffəqiyyətli statistika ilə başa vursa da, ölkə qarşısında həll edilməsi vacib olan mühüm problemlərin olduğu da açıq-aşkardır. Xalq hələ də iqtisadi rifah, demokratik idarə sistemi, ədalət və insan hüquqları kimi məsələlərin bərpasını gözləyir. Əlbəttə ki, ölkənin banisi və ilk dövlət başçısı Həbib Burqibanın 30 illik diktatorluğundan sonra 23 il də Zeynəl Abidin ibn Əlinin dəmir yumruğu altında yaşamağa məcbur olan tunislilər keşmişlə müqayisədə gələcəyə daha çox ümidlə baxırlar. Ancaq işsizlik, inflyasiya və çətin həyat şərtlərinin aradan qaldırılması kimi tələbləri davam edir. Eyni zamanda diktatorluğun bir gün yenə geri qayıdacağı və ölkənin qarışıq bir vəziyyətə düşəcəyi məsələsindən də hələki qurtulmaq mümkün olmayıb.
 
Prezident əs-Səbsi xalqın bu narahatlığını aradan qaldırmaq üçün seçkilərdən əvvəl bərabərlik və ədaləti təmin edəcək hüquqi sistemi mütləq təsis edəcəyinə söz vermiş, seçki kompaniyasının böyük bir hissəsini isə iqtisadi dirçəliş üzərində quraraq etibar qazanmağa çalışmışdı. Xalqın haqlı olduğu bu narahatlığı aradan qaldırmaq üçün əs-Səbsi və yeni seçiləcək hökumət əvvəlki qaranlıq günləri xatırlatmayacaq şəkildə son dərəcə azad, qabaqcıl bir demokratiya mühitini ölkəyə hakim etməli, terrorizmi yox edəcək, iqtisadi dirçəlişi təmin edəcək və xalqın etibarını qazanacaq işlər görməlidirlər.
 
Yeni seçilən hökumət ilk əvvəl şəffaf bir idarə və fəaliyyət ardıcıllığını tətbiq etməli və diktatorluq dövrünün hər an alovlanacağına inanan bəzi insanların şübhələrini aradan qaldıraraq baş verə biləcək küçə nümayişlərinin qarşısını almalıdır. Digər tərəfdən də inqilabın, əsasən iqtisadi səbəblərə görə baş verdiyini unutmamalı, düzgün və etibarlı iqtisadi siyasət həyata keçirməlidir. Eyni zamanda təhlükəsizlik qüvvələrində islahatlar keçirməli və polis təhsilini təmin etməli, siyası tənlik xaricində hər hansı bir ehtimal buraxmamalı, bütün ehtimallara özlərini qanuni olaraq ifadə etmək fürsəti verməlidir. Ancaq həm yeni hökumət, həm də bütün Tunis xalqı ilk növbədə ictimai bütövlüyü qorumalı, birlik və bərabərlik mesajları verməlidir. Bütün ölkə ayrı-seçkiliyi bir kənara atıb əl-ələ verməli, dostluq və qardaşlıq ruhu ilə hərəkət edib parçalanmağı tez bir zamanda aradan qaldırmağa çalışmalıdır. Yaddan çıxmamalıdır ki, Tunisin dincliyə, rifaha, sülh və sabitliyə qovuşması üçün ən əsası bu qardaşlıq mühitinin bərpası vacibdir. Yalnızca bu zaman azadlıq, demokratiya və ədalətin tam olaraq yaşandığı bir ölkə qurmaq mümkün olacaq. Ziyalı və müasir bir gələcək üçün keyfiyyətə, mədəniyyətə, incəsənətə və gözəlliyə diqqət yetirən, fikir azadlığını, insan hüquqlarını və demokratiyanı müdafiə edən qabaqcıl bir dünya görüşünü həyata keçirmək bütün Tunisin vəzifəsidir. Ən az zərərlə Ərəb Baharını geridə qoyan Tunisin demokratik döngəni başa vurması üçün həm inqilabı alovlandıracaq iqtisadi problemləri, həm də ictimai anlaşma fonunda baş verən problemləri həll etməsi lazımdır. İnanırıq ki, yaşadığı keçid dövründə Tunisin ən böyük dəstəkçisi ictimai sülh və demokratik sabitliyin həsrətini çəkən xalq olacaqdır.