İnsanın mənşəyi

İnsanın mənşəyi

Darvin 1871-ci ildə nəşr olunan "İnsanın əmələ gəlməsi" (Descent of man) adlı kitabında insan və meymunların ortaq əcdaddan törədiyini irəli sürdü. O vaxtdan bəri Darvinin davamçıları bu iddianı dəstəkləməyə çalışmışlar. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, başda fosillər (daşlaşmış canlı qalıqları) olmaqla "insanın təkamülü" iddiası heç bir konkret elmi kəşf ilə dəstəklənməmişdir.

Cəmiyyətdəki insanlar demək olar ki, bu həqiqətdən xəbərsizdir və təkamül nəzəriyyəsinin bir çox elmi faktlarla sübut olunmuş həqiqət olduğunu zənn edir. Səbəb isə bu mövzunun mediada daim müxtəlif yollarla gündəmdə tutulması və sübut olunmuş həqiqət kimi təqdim edilməsidir. Əslində isə "insanın təkamülü" ssenarisinin elmi əsası olmadığını təkamülçülər də bilir. Harvard Universitetinin paleoantropoloqlarından Deyvid Pilbim belə deyir:

"Başqa elm sahəsi ilə məşğul olan hansı ağıllı elm adamını gətirsəniz və ona əlimizdəki məhdud dəlilləri göstərsəniz, "bu mövzunu unudun; davam etmək üçün kifayət qədər dəlil yoxdur" deyəcək".

Paleoantropologiya haqqında əhəmiyyətli bir kitabın müəllifi olan Uilyam Fiks isə belə deyir:

"İnsanın mənşəyi haqqında şübhələnməyinizə heç bir lüzum olmadığını deyən bir çox elm adamı hələ də var, ancaq yeganə çatışmamazlıqları heç bir sübutlarının olmamasıdır..."

İnsanın təkamülü iddiasının həqiqətən də heç bir elmi əsası yoxdur. "Dəlil" kimi önə sürülənlər isə ancaq bəzi fosillərin (daşlaşmış canlı qalıqlarının) birmənalı və əsassız şərh olunmasından ibarətdir.

"Sübutu olmayan" bu təkamül iddiasına əsasən, insanın nəsil ağacı avstralopitek (australopithecus- lat. "australis"- cənub, yun. "pithecus"- meymun ) adlı bir meymun növü ilə başlayır. İddiaya görə, avstralopitek zaman ərzində ayağa qalxmış, beyni böyümüş və müxtəlif mərhələlərdən keçərək müasir insana (Homo sapiens) çevrilmişdir. Ancaq tapılan fosillər bu ssenarini dəstəkləmir. Hər cür ara keçid növ iddiasına baxmayaraq, insan və meymunlara aid fosillər arasında keçilməz sərhəd var. Hətta bir-birinin əcdadı kimi göstərilən növlərin əslində eyni dövrdə yaşamış müasir növlər olduği məlum olmuşdur.

"İnsan təkamülü" tezisi nəyə əsaslanır?

Təkamülçülər əllərində olan çoxlu fosillər üzərində fərziyyələr qurmuş və insanın təkamülü tezisini əsasını bu fərziyyələrilə əsaslandırmışlar. Tarix boyu 6000-dən çox meymun növü yaşamışdır. Bunların böyük qisminin nəsli kəsilmişdir. Bu gün yer üzündə cəmi 120-yə yaxın meymun növü yaşayır. Məhz bu 6000-dən çox nəsli kəsilmiş meymun növünün fosilləri təkamülçülər üçün “dəlil” mənbəyi təşkil edir.

Digər tərəfdən, müxtəlif insan irqləri arasında da böyük fərqlər var. Qədim dövrdəki insan irqləri arasında fərqlər daha böyükdür. Zaman ərzində insan irqləri müəyyən qədər bir-biri ilə qarışmış və assimilyasiyaya uğramışdır. Buna baxmayaraq, bu gün dünyada yaşayan skandinavlar, zəncilər, piqmeylər, eskimoslar və ya Avstraliya aborigenləri arasında böyük fərqlər mövcuddur.

Təkamülçü paleoantropoloqlar tərəfindən "insanabənzər” (hominid) adlandırılan fosillərin əslində müxtəlif meymun növlərinə və ya itmiş insan irqlərinə aid olmadığını göstərən heç bir sübut yoxdur. Başqa cür desək, insan ilə meymunlar arasında heç bir "ara keçid növ" nümunəsi yoxdur.