Beynimizdə əmələ gələn dünyanın əsli ilə əsla təmasda ola bilmərik

Beynimizdə əmələ gələn dünyanın əsli ilə əsla təmasda ola bilmərik

Həyatımız boyu yaşadığımız, gördüyümüz, hiss etdiyimiz hər şey beynimizdə meydana gəlir. Məsələn, kresloda oturaraq pəncərədən çölə baxan hər hansı bir insan kreslonun bərkliyini, döşəmənin sürüşkənliyini beynində hiss edir. Mətbəxdən gələn qəhvə qoxusu mətbəxdə, yəni uzaqda deyil, beyninin içindədir. Pəncərədən gördüyü dəniz mənzərəsi, quşlar, ağaclar beynində əmələ gələn görüntülərdir. Onu qəhvəyə qonaq edən dostu və qəhvənin gözəl dadı da beynində əmələ gəlir. Qısası, evində oturduğunu və pəncərədən çölə baxdığını zənn edən insan, əslində, beyninin içindəki ekrandan salona, pəncərədən görünən mənzərəyə baxır. Belə ki, insan beynindəki ekranda baxdığı, mənalı şəkildə cəm edilən hisslərinin bütününə həyat deyə bilər və heç bir zaman beynindən kənara çıxa bilməz.

Baxdığımız bu ekrandan kənarda maddənin həqiqətinin necə olduğunu heç vaxt bilə bilmərik. Əslinin də bizim gördüyümüz kimi olub-olmadığını, məsələn, yarpağın rənginin xarici aləmdə də yaşıl olub-olmadığını bilmirik. Yediyimiz konfetin dadının bu cür olduğunu, yoxsa beynimizin onu bu cür şərh etdiyini öyrənmək imkanımız qətiyyən yoxdur. Məsələn, daha əvvəl gördüyünüz bir mənzərəni gözünüzdə canlandırın. Mənzərə qarşınızda deyil, amma onu beyninizdə görürsünüz. Bununla bağlı elmi yazıçı Rita Karter belə deyir:

Bir üz və ya mənzərə gördükdə tam əslini görmürük, gördüyümüz orijinalının şərhi və ya tamamilə yenidən işlənmiş formasıdır... Bunlar nə qədər çox yaxşı surətlər olsa da, orijinalından əksik və ya fərqlidir.12

Eyni vəziyyət o mənzərəyə baxdığınız an üçün də əsaslıdır. Mənzərəni uzaq yerdən gözünüzdə canlandırmağınızla qarşısında durub ona baxmağınız arasında heç bir fərq yoxdur. Dolayısilə, mənzərəyə baxarkən onun əslini deyil, beyninizdə işlənmiş formasını görürsünüz. Bu barədə bir az düşünən insan bu həqiqəti bütün aydınlığı ilə görəcəkdir. Bu insanlardan biri olan Corc Berkeley “İnsan bilgisinin prinsipləri üzərində tədqiqat” adlı əsərində bu həqiqəti belə ifadə edir:

... Görmə yolu ilə işıq və rəng, onların müxtəlif dərəcələri və fərqləri düşüncəsinə malik oluram. Toxunma ilə yumşağı və bərki, isti və soyuğu qavrayıram... Qoxu alma mənə qoxuları, dadbilmə dadları, eşitmə isə səsləri öyrədir... Bu hisslərdən bəziləri birlikdə müşahidə olunduqları üçün onlara ortaq ad verilir və onlar bir şey hesab edilirlər. Beləliklə, məsələn, müəyyən nizamlama içərisində rəng, dad, qoxu, forma və bərklik birlikdə müşahidə edildikdə alma sözü ifadə edilən ayrı bir şey kimi qəbul edilir; digər hisslər cəmi ilə daş, ağac, kitab və digər hiss edilən şeyləri meydana gətirirlər...13

Berkeleyin bu sözlərində ifadə etdiyi həqiqət budur: beynimizdə yaşadığımız müxtəlif duyğuların cəmlənməsi ilə bir cismi tərif edirik. Bu misalda olduğu kimi, almanın dadı, qoxusu, bərkliyi, qırmızı rəngi, yuvarlaqlığı və digər xüsusiyyətləri ilə bağlı hisslər beynimizdə bütünlükdə qavranılır və biz bu bütünə “alma” deyirik. Amma biz heç vaxt almanın əsli ilə təmasda ola bilmərik. Bizim tək görə bildiyimiz, qoxulaya bildiyimiz, dada bildiyimiz, toxuna bildiyimiz və ya hiss edə bildiyimiz beynimizdəki surətlərdir.

Buraya qədər izah edilənləri yenidən düşündükdə bu həqiqət bütün açıqlığı ilə ortaya çıxacaqdır. Məsələn,

- İşığın olmadığı beyində rəngarəng işıqlarla bəzənmiş prospektə, bütün rəngləri, canlılığı və parlaqlığı ilə baxa biliriksə, onda bu prospektin, işıqlı lövhələrin, vitrinlərin, küçə işıqlarının, avtomobillərin işıqlarının beynimizdəki elektrik siqnallarından ibarət surətlərini görürük.

- Beynimizə heç bir səs girə bilmədiyi üçün biz heç bir zaman yaxınlarımızın səslərinin əslini eşidə bilmərik. Eşitdiklərimiz hər zaman surətidir.

- Biz heç vaxt dənizin sərinliyini, günəşin istiliyini hiss edə bilmərik. Biz daima beynimizdə onların surətlərini hiss edirik.

- Eyni şəkildə, bu günə qədər heç bir insan nanənin əslinin dadına baxmamışdır. Nanə kimi hiss etdiyi dad, əslində, beynində əmələ gələn hissdir. Çünki nanənin əslinə nə toxuna bilər, nə onun əslini görə bilər, nə də əslinin qoxusunu və dadını ala bilər.

Beləliklə, biz həyatımız boyu bizə göstərilən surətləri qavramaqla yaşayırıq. Ancaq bu surətlər o qədər həqiqidir ki, heç vaxt bunun surət olduğunun fərqinə varmırıq. Məsələn, indi başınızı qaldırın və olduğunuz otaqda gözünüzü ətrafa gəzdirin. Özünüzü içində mebellər olan otağın içində görürsünüz. Oturduğunuz kreslonun qollarına toxunduqda sanki həqiqətən bu qolların əslinə toxunurmuş kimi bərkliyini hiss edirsiniz. Göstərilən görüntülərin həqiqiliyi, bu görüntülərin yaradılışındakı sənətin mükəmməlliyi sizi və sizin kimi milyardlarla insanı bunların xarici aləmdəki maddənin özü olduğuna inandırmaq üçün kifayətdir. Hətta insanlar o qədər inanırlar ki, dünyaya aid bütün hisslərin beyinlərində yarandığını orta sinif kitablarında oxuduqlarına və hətta bioloji kitablar bu həqiqətlərlə dolu olduğuna baxmayaraq, bunların beyinlərindəki surətləri ilə təmasda olduqlarına çətinliklə inana bilirlər. Bunun səbəbi görüntünün möhtəşəm sənətlə, son dərəcə həqiqi və qüsursuz şəkildə yaradılmasıdır.

Bu günə qədər heç bir insan beynindəki hisslərdən kənara çıxa bilməmişdir. Hər insan beynindəki hüceyrənin içində yaşayır və duyğularının ona göstərdiklərindən başqa heç bir şey hiss edə bilməz. Ona görə, duyğuları xaricindəki dünyada nələr olduğunu heç vaxt bilməz. Bu səbəbdən, “maddənin əslini bilirəm” demək səhv mühakimədir, çünki heç bir insanın buna dair dəlili yoxdur. İnsan sadəcə beynində əmələ gələn xəyal ilə təmasda olur. Məsələn, rəngarəng çiçəklərlə bəzənmiş bağçanı gəzən insan bu bağçanın əslini deyil, beynindəki surətini görür. Ancaq bu bağça o qədər həqiqidir ki, hər insan xəyalında əmələ gələn bu bağçadan həqiqi imiş kimi zövq alır. Hətta bu günə qədər milyardlarla insan bu bağça kimi gördüyü hər şeyin əslini gördüyünü hesab etmişdir.

Bundan əlavə, bunu da bildirməliyik ki, texnologiyanın və ya elmin inkişafı da bunu dəyişdirmir. Çünki hər elmi tapıntı və ya texnoloji kəşf də insanların beynində əmələ gələcək, ona görə, bu yolla da xarici aləmə çıxmaq mümkün olmayacaq.