Kainat bir zamanlar yox idi

Kainat bir zamanlar yox idi

İnsanlar tarixən yaşadıqları ucsuz-bucaqsız kainat və onun sərhədləri barədə maraqlanıblar. Alimlər, mütəfəkkirlər əsrlərdir bu mövzu ilə bağlı saysız araşdırmalar edib, bir çox nəzəriyyələr irəli sürüblər. 20-ci əsrə qədər kainatın sonsuzdan bəri var olduğu və sonsuza qədər var olacağına inanılırdı. Lakin sonralar aparılmış elmi araşdırmalar göstərdi ki, kainatın bir başlanğıcı var, yəni kainat yaradılmışdır. Kainatın başlanğıcının olduğu, yox ikən bir anda böyük partlayış nəticəsində yaradıldığı müasir fizika tərəfindən bir çox təcrübə, müşahidə və hesablamalarla isbat edilmişdir.

1929-cu ildə Kaliforniya Maunt Vilson (Mount Wilson) rəsədxanasında amerikalı astronom Edvin Habl (Edwin Hubble) istifadə etdiyi nəhəng teleskopla səmanı müşahidə edərkən ulduzların aralarındakı məsafədən aslı olaraq qırmızı rəngə doğru yaxınlaşan işıq yaydıqlarını müşahidə etdi. Bu kəşf elm dünyasında böyük əks-səda yaratdı. Çünki məlum fizika qanunlarına görə, müşahidənin edildiyi nöqtəyə doğru hərəkət edən işığın spektrı bənövşəyi rəngə doğru, müşahidənin edildiyi nöqtədən uzaqlaşan işıq spektrı isə qırmızıya doğru sürüşür. Hablın müşahidələri zamanı ulduzların işıq spektrlarında qırmızıya doğru sürüşmə müşahidə edilmişdi. Yəni ulduzlar bizdən müntəzəm olaraq uzaqlaşırdılar. Habl qısa müddət sonra çox mühüm bir şeyi də kəşf etdi: ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birlərindən də uzaqlaşırdılar.

Hər şeyin bir-birindən uzaqlaşdığı kainat qarşısında belə bir nəticəyə gəlindi ki, bu da kainatın hər an "genişləndiyini" göstərirdi. Mövzunu daha yaxşı anlamaq üçün kainatı şişirdilən şarın səthi kimi təsəvvür etmək mümkündür. Şarın səthindəki nöqtələrin şar şişirdildikcə bir-birlərindən uzaqlaşdıqları kimi, kainatdakı cisimlər də kainat genişlədikcə bir-birlərindən uzaqlaşırdılar. Kainat genişlədiyinə görə daha keçmiş zamana getsək, kainatın bir nöqtədən başladığı ortaya çıxırdı. Aparılan hesablamalar kainatın bütün maddəsini özündə ehtiva edən bu "tək nöqtə"nin "sıfır həcmə" və "sonsuz sıxlığa" malik olduğunu göstərdi. Kainat həcmi sıfır olan bu nöqtənin partlaması nəticəsində meydana çıxmışdı. Kainatın başlanğıcı olan bu böyük partlayışa ingiliscə "Big Bang" adı verildi və bu nəzəriyyə də eyni adla adlandırıldı. Əslində, sıfır həcm bu mövzunun nəzəri ifadə formasıdır. Elm insan ağlının sərhədlərini aşan “yoxluq” anlayışını ancaq “həcmi sıfır olan nöqtə” sözü ilə ifadə edə bilir. Əslində isə “sıfır həcmli nöqtə”nin özü də “yoxluq” mənasını verir. Kainat da yoxluqdan var olmuşdur. Başqa sözlə deyəsi olsaq, yaradılmışdır.