Təkamül nəzəriyyəsi nə üçün biologiyanın əsasını təşkil etmir

Təkamül nəzəriyyəsi nə üçün biologiyanın əsasını təşkil etmir

Təkamülçülər tərəfindən tez-tez təkrarlanan bir iddia var: təkamül nəzəriyyəsinin elmin əsasını təşkil etməsi yalanı... Bu iddianı ortaya atanlar təkamül nəzəriyyəsi olmadan biologiya elminin inkişaf edə bilməyəcəyini, hətta mövcud olmayacağını iddia edirlər. Əslində, bu iddia çarəsizlikdən irəli gələn demaqoqluqdan ibarətdir. Türkiyənin elm sahəsində yetişdirdiyi tanınmış simalardan biri olan filosof prof. dr. Arda Denkel bu mövzunu belə şərh edir:

“Məsələn, “Təkamül nəzəriyyəsini inkar etmək bioloji və geoloji elmlərin, fizika və kimyanın kəşflərini də inkar etmək deməkdir” fikri tamamilə səhv nəzəriyyədir. Çünki iddia edilən növdən məna çıxarmaq (burada bir modus tollens) üçün əvvəlcə kimya, fizika, geologiya və biologiyanın kəşflərini ifadə edən bəzi nəzəriyyələr təkamül nəzəriyyəsini ehtiva etməlidir. Lakin kəşflər və ya onların ifadələri nəzəriyyələri ehtiva etmir, bundan əlavə onları sübut etmirlər”. (Arda Denkel, Cumhuriyet Bilim Teknik Eki, 27 Fevral 1999)

Təkamülün elmin əsası olması iddiasının nə qədər əsassız və boş olması sadəcə elm tarixinin nəzərdən keçirilməsi ilə başa düşülür. Əgər bu iddia doğru olsaydı, təkamül nəzəriyyəsinin ortaya atılmasından əvvəl dünyada elmi irəliləyiş olmaz, bütün elmlər təkamül nəzəriyyəsinin ortaya atılmasından sonra meydana gələrdi. Lakin biologiya, paleontologiya (fosilləri öyrənən elm) kimi elm sahələrinin hamısı təkamül nəzəriyyəsindən əvvəl meydana gəlmiş və inkişaf etmişlər. Təkamül isə bu elm sahələrinə sonradan aid edilmək, zorla qəbul etdirilmək istənilən bir fərziyyədir.

Təkamülçülərin bu metodunun bir bənzəri Stalin dövründə SSRİ-də tətbiq edilmişdi. O dövrdə Sovet İttifaqının rəsmi ideologiyası olan kommunizm dialektik materializm kimi tanınan fəlsəfəni bütün elmlərin əsası hesab edirdi. Bunun bir nəticəsi kimi Stalin bütün elmi fəaliyyətlərin dialektik materializmə uyğunlaşdırılmasını əmr etmişdi. Beləliklə, SSRİ-də yazılan bütün biologiya, fizika, kimya, tarix, siyasət, hətta incəsənət kitablarının əvvəlinə bu elmlərin dialektik materializmə, Marksın, Engelsin, Leninin fikirlərinə əsaslandığına dair giriş bölmələri əlavə edilirdi.

Amma SSRİ süqut etdikdə bu məcburi şərhlər kitablardan çıxarılmış və kitablar yenə eyni məlumatlardan ibarət olan texniki, elmi kitablar şəklində qalmışdır. Dialektik materializm kimi bir cəfəngiyatdan əl çəkilməsi əsla elmi kölgədə qoymamış, əksinə, elmin üzərindəki təzyiq və məcburiyyətləri aradan qaldırmışdır.

Bu gün də müasir elmi təkamülə bağlı olmağa məcbur edən heç bir səbəb yoxdur. Elm müşahidə və təcrübəyə əsaslanır. Təkamül isə müşahidə edilə bilməyən keçmiş haqqında ortaya atılmış bir fərziyyədir. Habelə, bu fərziyyənin iddia və teoremləri hər dəfə elmin və məntiqin qanunları tərəfindən təkzib edilmişdir. Bu fərziyyə tərk edilsə, əlbəttə ki, elm heç bir itki verməyəcək. Amerikalı bioloq Harper bu mövzu barədə belə deyir:

“Tez-tez darvinizmin müasir biologiyanın əsası olduğu iddia edilir. Lakin əksinə, əgər darvinizmə edilən bütün istinadlar aradan qaldırılsa, biologiya elmində heç bir dəyişiklik olmayacaq...” (G. W. Harper, "Alternatives to Evolution", School Science Review, cild. 61, sentyabr 1979, s. 26)

Hətta əksinə olaraq, elm cəfəngiyat və uydurmalarla dolu belə bir nəzəriyyənin israrından qurtulduğu üçün daha sürətli və sağlam şəkildə irəliləməyə davam edəcəkdir.