Canlılardakı qüsursuz simmetriya

Canlılardakı qüsursuz simmetriya

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)

Əlinizə bir cüt balıqqulağı götürün və simmetrik şəkildə qarşı-qarşıya qoyun. Xətlərin düzülüşündə, böyükdən kiçiyə doğru sıralanmasında qüsursuz bir nizam və simmetriya görəcəksiniz. Təbiətdəki hansı canlı araşdırılırsa araşdırılsın, hər dəfə fövqəltəbii nizam, qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyi görünəcək.

Güzgüdə üzünüzə baxın, qüsursuz simmetriya görəcəksiniz. Əlinizə bir jurnal götürüb vərəqləyin. Vərəqlədiyiniz səhifələrdə qarşınıza çıxan insanlar, quşlar, çiçəklər və kəpənəklər də eyni simmetriyaya malikdir.

Kainatdakı hər şeyin öz-özünə və təsadüfən ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin müdafiəçiləri təbiətdəki rəng müxtəlifliyi, nizam və simmetriya qarşısında heç nə deyə bilmirlər. Bu cür qüsursuz bir nizamın özbaşına və təsadüfən ortaya çıxmayacağı aydındır. Təkamülçülərin qarşıya qoyduqları heç bir iddia ilə təbiətdəki canlıların rənglərinin, naxışlarının, simmetriyanın meydana gəlməsini izah etmək mümkün deyil. Bu, hər bir ağıllı insanın dərhal görəcəyi qədər açıqdır. Belə ki, təkamül nəzəriyyəsinin banisi olmasına baxmayaraq, Çarlz Darvin də bu həqiqəti etiraf etmək məcburiyyətində qalmışdır:

"Parlaq rənglilik, erkək balıqların kürt yatması, parlaq dişi kəpənəklər – bu gözəlliyin təbii seçmə ilə reallaşdığını düşünə bilmirəm".

Əlbəttə ki, ətrafımızda gördüyümüz saysız-hesabsız gözəlliyin, əlvan kəpənəklərin, güllərin, bənövşələrin, çiyələklərin, albalıların, göz oxşayan rəngləri ilə tutuquşuların, tovuzquşlarının, leopardların, qısaca desək, bütün ehtişamı ilə yer üzünün təsadüfən meydana gəldiyini heç bir ağıllı və məntiqli insan iddia edə bilməz.

Canlılar bu xüsusiyyətlərə sahib olaraq Allah tərəfindən yaradılmışlar. Allahın elmi hər yeri əhatə etmişdir. Ondan başqa ilah yoxdur.

Kəpənəklərdəki simmetriya

Yan tərəfdəki şəkildə kəpənəklərin qanadlarını ilk dəfə görürmüş kimi araşdırın. Qüsursuz estetika və simmetriya, göz oxşayan rənglər və naxışlar qarşısında, şübhəsiz ki, heyran olacaqsınız.

İndi bir parçanı düşünün. Bu, kəpənək naxışlarından ilhamlanıb toxunmuş, çox estetik və keyfiyyətli bir parçadır. Belə bir parçanı mağaza vitrinlərində gördüyünüz zaman nə düşünürsünüz? Çox güman ki, bu parçanın naxışlarını çəkən, çəkərkən də kəpənək qanadlarındakı naxışları nümunə götürən bir sənətkarın varlığı ağlınıza gəlir və onun sənətini təqdir edirsiniz. Elə isə bu həqiqəti təqdir etməlisiniz: heyranlıq duyduğunuz sənət kəpənəkləri nümunə götürərək parçanı bəzəyənə deyil, kəpənək qanadlarındakı naxışları və rəngləri nümunəsiz olaraq yaradan Allaha aiddir. Kəpənəklərin rəngli və fərqli naxışlara sahib olan qanadları Allahın rəng sənətinin ehtişamlı təcəllisindən biridir. Belə ki, bir parça naxışı özbaşına, təsadüfən ortaya çıxmadığı kimi, qanadlardakı rəng və naxış simmetriyası da qətiyyən təsadüfən meydana gələ bilməz.

Şəkildə gördüyünüz kəpənəklərin yeganə heyrətamiz xüsusiyyətləri sahib olduqları möhtəşəm qanadlar deyil. Kəpənəklərin bədən dizaynı da qüsursuzdur. Kəpənəklər çiçəklərin nektarı ilə qidalanırlar. Kəpənəklərin bir çoxunda dərində olan nektarı almaq üçün xortumcuq (proboscis) adlandırılan bir orqan var. Proboscis çiçəklərdəki nektar kimi maye qidaları əmmək, ya da su içmək üçün istifadə edilən uzun dildir. Kəpənəklər uzun dillərini istifadə etmədikləri zaman içəriyə doğru sarıyırlar. Bu dil uzanmış halda kəpənəyin boyundan 3 dəfə uzun olur.

Kəpənəklərin də digər həşəratlarda olduğu kimi, skeletləri var. Bu xarici skelet yumşaq toxumaya sahib olan sərt təbəqələrdən meydana gəlir və zirehli paltara bənzəyir. Bu təbəqə xitin maddəsindən ibarətdir. Bu təbəqənin meydana gəlməsi çox maraqlıdır.

Məlumdur ki, kəpənək tırtılları metamorfoz prosesi keçirirlər. Tırtıl əvvəlcə pup olur, sonra kəpənəyə çevrilir. Bu dəyişmə ərzində qanadlarda, bığcıqlarda, ayaqlarda və digər orqanlarda kiçik dəyişikliklər meydana gəlir. Uçuş əzələləri, qanadlar kimi müxtəlif mərkəzlərdəki hüceyrələrdə dəyişikliyin hər mərhələsində özlərini yenidən nizamlayır. Bundan başqa, bədəndəki hər sistem də (həzm sistemi, ifrazat sistemi və tənəffüs sistemi) dəyişir.

Kəpənəklərin sahib olduqları dizayn müxtəlifliyi sonsuz güc sahibi olan Allaha aiddir. Allah hər canlıya ehtiyacı olan xüsusiyyətləri verəndir.

Allah, Ondan başqa ilah yoxdur. Diridir, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)