Ən təbii dezinfeksiyaedici: Göz yaşı

Ən təbii dezinfeksiyaedici: Göz yaşı

Orqanizmimizdə həyati əhəmiyyətə malik bir çox maye ifraz olunur. Bunlardan biri də göz yaşıdır. 98.2 %-i  sudan ibarət göz yaşı tərkibində fərqli miqdarlarda müxtəlif maddələr olan çox xüsusi mayedir. Qalan hissəsində qan plazması ilə eyni miqdarda sidik cövhəri və plazmadakından daha az miqdarda qlükoza, duzlar və üzvi maddələr yerləşir. Göz yaşının bu möhtəşəm birləşməsi sağlam görmək üçün çox vacibdir.

Bəzi insanların sadəcə duzlu su olduğunu zənn etdiyi göz yaşı gözü necə qoruyur?

Sağlam, aydın görmək üçün niyə göz yaşına ehtiyac var?

Göz yaşı daha az ifraz olunduqda hansı xəstəliklər meydana gəlir?

Göz yaşının funksiyaları

Göz yaşının tərkibindəki birləşmələr yaxşı, aydın görməni təmin edir. Birləşmələrin miqdarında və ya quruluşunda ən kiçik fərq olarsa, gözə infeksiya düşər və ya gözümüz aydın görmə xüsusiyyətini itirər. Göz yaşının funksiyalarını 4 əsas başlıq altında sadalamaq olar:

  1. Gözün səthini nəmləndirmək və göz quruluşunun vuracağı ziyanın qarşısını almaq
  2. Mikroskopik cəhətdən nahamar olan göz səthini optik cəhətdən hamarlaşdırmaq
  3. Gözün buynuz qişasına lazım olan oksigen və digər qida maddələrini təmin etmək
  4. Gözü bakteriya və infeksiyalardan qorumaq

3 müxtəlif təbəqə, 3 müxtəlif funksiya

Kompleks quruluşa malik göz yaşını təşkil edən birləşmələr 3 təbəqədə qruplaşdırılmışdır:

  1. Yağ təbəqəsi: göz yaşının ən üst təbəqəsidir. Bu təbəqə sayəsində altdakı maye təbəqənin buxarlanaraq funksiyasını itirməsinin və göz yaşının alt göz qapağından axıb getməsinin qarşısı alınır. Yağ ifraz edən vəzlərin yerləşdiyi təbəqə çox nazik olmasına baxmayaraq, göz yaşının kənara axmasına və buxarlanmasına mane olur.
  2. Maye təbəqə: bu təbəqə göz yaşının əsas təbəqəsidir. Yağ təbəqəsinin altında, ortada yerləşir. Üç təbəqə arasında ən qalınıdır. Duz, zülal və lizozim adlı xüsusi kimyəvi maddədən ibarət mürəkkəb quruluşu var.

Maye təbəqə gözün buynuz qişasını qidalandıran oksigen daşıyır, tullantı maddələrini buynuz qişadan uzaqlaşdırır, buynuz qişada infeksiya törəməsinin qarşısını alır.

Görüntülərin normal olması üçün gözün buynuz qişasındakı su həcmi sabit miqdarda qalmalıdır. Əgər bu nisbət pozulsa, buynuz qişa şişər və forması pozular. Maye təbəqə buynuz qişadakı su miqdarını tənzimləyərək görüntü keyfiyyətinin yüksək olmasını təmin edir.

  1. Selik təbəqəsi: gözün səthində yerləşən konyuktiva adlı incə qılafdakı hüceyrələr tərəfindən ifraz edilir. Gözün üzərində yerləşir, göz yaşının ən alt təbəqəsidir. Səthindəki epitel qatı hidrofobikdir, yəni suyu sevməyən, kənar edən quruluşu var. Əgər bu təbəqə maye təbəqənin yerində olsaydı, gözün üzərində dayana bilməz, ona görə də bir işə yaramazdı. Selik təbəqəsində gözün üstündə dayanan musin adlı xüsusi kimyəvi maddə var. Göz yaşı bu maddə və selikli təbəqə sayəsində yerin cazibə qüvvəsinə qarşı müqavimət göstərərək gözün ön səthində dayana bilir.

Göz yaşı ifrazının miqdarı nə üçün vacibdir?

Göz yaşı ancaq buynuz qişanın qurumasının qarşısını alacaq və göz almasının səthinin sürüşkənliyini təmin edəcək miqdarda ifraz olunur. Beləcə, göz hərəkət etdikdə göz qapağının daxili hissəsi ilə gözün üstü arasında sürtünmədən qaynaqlanan narahatlıq baş vermir.

Göz yaşını təşkil edən birləşmələrin kifayət miqdarda ifraz olunmaması və ya bir birləşmənin əksik olması gözün səthində quru nöqtələrin əmələ gəlməsinə səbəb olar. Bu təqdirdə, gözlə göz qapağı arasında daima sürtünmə baş verər və gözün hər hərəkəti bizim üçün əziyyətə çevrilərdi. Məsələn, göz yaşı quruluğu olan xəstələrdə gözlərdə daima yanma və gözün içinin qumla dolu olması hissi olur. Gözlər batır, qaşınır, şişir, qızarır və xəstəliyin ağır mərhələlərində xəstə görmə qabiliyyətini itirir. Göz yaşı birləşmələrində pozuntu və ya çatışmazlıq olanlar hər 10-15 dəqiqədə gözlərinə süni göz yaşı damcısı tökürlər. Bir çox insanda bu xəstəlik var və müvəqqəti rahatlıq təmin edən göz damcısı və dərmanları üçün çoxlu pul sərf edir.

Təkamül nəzəriyyəsini tamamilə təkzib edən reduksiyaedilməz komplekslik

Süni göz damcısından daha üstün xüsusiyyətlər malik olan və insan orqanizmində hasil edilən göz yaşı müxtəlif kimyəvi maddələrdən təşkil olunmuşdur və bu maddələr həssas nisbətdə birləşirlər. Bundan başqa, göz yaşı ilə birlikdə göz yaşını ifraz edən vəzlər, avtomatik göz yaşı ifraz etmə mexanizmi və ifrazat kanalları da var. Bunları düşündükdə göz yaşının təsadüfən əmələ gəldiyni və təsadüfən gözə yerləşdiyini iddia etmək ağıl və məntiqdən kənardır. Buna görə, göz yaşının təsadüfən əmələ gəldiyini iddia edən elm adamları cavablaya bilmədikləri bəzi suallarla üzləşirlər:

İnsan orqanizmində göz üçün həm bu qədər güclü təmizləyici funksiya yerinə yetirən, həm də gözə heç bir zərər verməyən maye necə sintezlənmişdir?

Əgər göz mərhələ-mərhələ əmələ gəlibsə, bu ideal maye “təsadüfən” əmələ gələnə qədər göz necə qorunub?

Göz yaşı olmadan gözün xarici amillərdən qorunması və təbii baxımının öz-özünə edilməsi mümkün deyil. Belə olduqda, göz yaşı olmayan göz təkamülçülərin ssenarilərində iddia etdiklərinin əksinə, təsadüfən əmələ gələ bilməz, bir müddət sonra funksiyasını itirib əsla qüsursuz quruluşunu əldə edə bilməzdi. Bu fakt gözün reduksiyaedilməz kompleksiliyinin ən bariz nümunələrindən biridir.

Unutmaq olmaz ki, göz yaşı indiyə qədər yaşamış və hal-hazırda yaşayan bütün insanlarda var. Hər kəsdə eyni xüsusiyyətlərə malikdir. Aydındır ki, gözün bircə hissəsinin belə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Gözü tam halda yaradan, hər insanda eyni xüsusiyyətlərin olmasını təmin edən üstün güc sahibi Allahdır. Göz Allahın qüsursuz yaratmasının təcəllilərindən biridir. Allahın sonsuz yaratma elmi Quranda belə xəbər verilir:

O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. (İnfitar surəsi, 7-8)

Göz yaşı necə dezinfeksiya edir?

Çox insanın ancaq ağladıqda axan duzlu su hesab etdiyi göz yaşı xüsusi bir mayedir. İlkin funksiyası gözü mikroblara qarşı qorumaqdır. Tərkibindəki lizozim fermenti bir çox bakteriya növünü parçalayır və mikrobları öldürür. Lizozim sayəsində göz infeksiyalardan qorunur. Bu  maddə binaları mikroblardan təmizləmək üçün istifadə edilən güclü dezinfeksiyaedicilərin tərkibindəki maddələrdən də təsirlidir. Bəs bu cür güclü dezinfeksiyaedici necə olur ki, göz kimi həssas orqana heç bir zərər vermir və əksinə, gözü mükəmməl qoruyur? Bu, Allahın  üstün yaratma sənətinin nümunələrindən biridir. Göz yaşı kimyəvi quruluşuna ən uyğun şəkildə yaradılmışdır. Yaradılışın hər xüsusundakı möhtəşəm uyğunluq, eyni şəkildə, göz və göz yaşına da aiddir.

Gözdə həm də yağlama sistemi mövcuddur. Bu sistem gündə təxminən yüz min dəfə dörd tərəfə çevrilən gözün bu hərəkətlər nəticəsində aşınmasının qarşısını alır.