Həşəratlların üstün dizaynı

Həşəratlların üstün dizaynı

Milyonlarla həşərat növünü bir-bir təhlil etsək, hər birinin fərqli quruluşda olduğunu görərik. Təkcə qanadlarına görə bir-birindən fərqlənən bir çox həşərat növü var. Məsələn, kəpənəyin qanadları ilə milçəyin qanadları tamamilə fərqli quruluşdadır. Eyni şəkildə, iynəcə ilə çəyirtkə, tarakanla qarışqa, arı ilə birə kimi çox fərqli quruluşlara malik, hələ tam sayı müəyyən edilməmiş milyonlarla həşərat var. Həşəratların hər birinin xüsusiyyətlərini burada bir-bir təhlil edə bilmərik, ancaq quruluşlarındakı bəzi ortaq dizaynları təhlil edə bilərik.

XARİCİ ÖRTÜK

Həşəratların skeleti yoxdur. Skeletin əvəzinə bədənlərini zireh kimi örtən xarici örtükləri var. Bu zireh isə kitin adlı maddədən təşkil olunub. Kitin çox yüngül və incədir. Ona görə, həşəratlar onu daşımaqda çətinlik çəkmirlər. Həşəratın bədənini xaricdən örtməsinə baxmayaraq skelet funksiyası yerinə yetirəcək qədər möhkəmdir. Ancaq həm də çox elastikdir. Bədənin içindəki əzələlərin ucları kitin örtüyünə birləşib və bu əzələlərin gərilib-boşalması ilə kitin örtüyü hərəkət edir. Bu, həşəratlara hərəkətlərində cəldlik qazandırdığı kimi, xarici zərbələrin də təsirini azaldır. Üzərində xüsusi örtük maddəsi olduğuna görə su keçirmir. Həşəratın bədənindəki mayeləri də çölə buraxmır. İstidən, hətta radiasiyadan təsirlənmir. Əksər hallarda, ətraf mühitə tam uyğun rəngdə olur. Bəzən də digər canlıları qaçırtmaq üçün parlaq rəngdə olur. Elm adamları və dizaynerlər üçün kitini süni əldə etmək hələlik xəyaldır. Xüsusilə, Birinci Dünya Müharibəsindən etibarən kitindən istifadə edərək istehsal ediləcək məmulat və vəsaitlərin dizaynı qurulmuşdur.

HƏŞƏRATLARIN GÖZÜ

Korlar üçün süni tor qişa hazırlamaq istəyən elm adamları bu işə milçəyin gözündəki kimi həssas şəkildə düzülmüş, işığı mərkəzə fokuslayan linzaları bir qəlibə tökməklə başladılar. Tədqiqatçılar, əvvəlcə, bir yarımkürədən təqribən 8700 ədəd linzanı yerləşdirəcək qəlib hazırladılar. Daha sonra ultrabənövşəyi şüa ilə təmas etdikdə reaksiyaya girərək bərkiyən süni qatranla bu qəlibi doldurdular. Bu məmulatı bir az isidərək qabından çıxartdılar və beləliklə, iynə ucu böyüklüyündə süni mürəkkəb göz əldə etdilər.

Elm adamları bəzi kimyəvi xüsusiyyətlərinə görə bu məmulatı seçdilər. Görülən iş bu seçimin nə qədər doğru olduğunu göstərdi. İşıqla təmas edən maddə kimyəvi quruluşunu dəyişdirdi və işığı daha da dərinə ötürən konusvarı kanal əmələ gətirdi. Beləliklə, səthindəki kiçik çıxıntılardan linza kimi istifadə edən və bunlarla təmas edən işığı daha da dərinə ötürən maraqlı material əldə edildi.

Hələlik, bu süni göz hər hansı görüntüləmə cihazına birləşdirilməyib. Ancaq rəqəmli kamerada istifadə edilənlərə bənzər görüntü reseptoruna birləşdirilir. Məsələn, həzm sistemini göstərən cihazda istifadə edilə bilir. Tədqiqatçılar, əslində, bundan daha üstününü hədəfləyirlər və süni tor qişa hazırlayıb korlara kömək etməyi düşünürlər.

Bu elmi fəaliyyət bəşəriyyətə fayda verəcək. Ancaq digər tərəfdən, bu tədqiqat düşündürən və cavab tələb edən bir çox sual doğurur: elm adamlarının mükəmməl sistem kimi təqlid etdiyi arı gözü dizaynı ilk dəfə necə meydana gəlib?

Arılar tədqiqatçıların da qeyd etdiyi kimi, bir hüceyrə kimi həyata başlayır və böyüdükcə bu gözəl optik sistemi özləri inşa edirlər. Əgər tədqiqatçıların bildirdiyi kimi, arının bu xüsusi optik sistemi özünün inşa etdiyini qəbul etsək, arının belə bir mühəndislik möcüzəsinin optik detallarını, onları qabarıq şəkildə düzən riyazi formulu, lazımi zülalların, sinir quruluşunun genetik düzülüşünü bildiyini qəbul etməli olacağıq. Halbuki, arının belə bir qabiliyyətinin olmadığı açıq-aşkardır.

Arı həyata bircə hüceyrə kimi başladıqdan etibarən yumurtanın içində mütəşəkkil böyüyür. Bu proses bir-biri ilə əlaqədar həssas hissələrin (toxumaların) doğru vaxtda və doğru şəkildə sintez edilməsi ilə davam edir. Beləliklə, bir işçinin qoyduğu ilk kərpiclə başlayan prosesdə ortaya mükəmməl binanın çıxması kimi, bircə hüceyrənin bölünməsi ilə başlayan prosesdə bığcıq, göz, qanad, ayaq və başqa mürəkkəb orqanlardan ibarət canlı meydana gəlir. Nəticədə, uçmaq kimi mürəkkəb funksiya yerinə yetirən, elm adamlarını heyran edən bir həşəratın bütün bunları öz istəyi ilə əmələ gətirmədiyi, varlığına görə üstün Yaradana borclu olduğu qəti həqiqətdir.

Şübhəsiz ki, arını göz və başqa orqanları ilə yoxdan yaradan Allah`dır. Elm adamları texnoloji irəliləyişləri hədəf seçərkən, əslində, Allah`ın üstün elm və qüdrətinin əsəri olan yaradılışı təqlid edirlər.

DİZAYN MÖCÜZƏSİ: HƏŞƏRATLARIN AYAQLARI

Hər kiçik canlı həşərat adlandırılır. Ancaq həşəratları digər kiçik canlılardan fərqləndirən bir xüsusiyyət var. Boyu və çəkisi nə qədər olsa da, hər həşəratın ancaq 6 ayağı olur. Lakin sayı dəyişməsə də, ayaqların funksiyaları həşəratların növlərinə görə fərqlənir. Məsələn, səhrada yaşayan həşəratların ayaqları bədənlərinin yerə toxunmasının qarşısını almaq üçün hündürdür. Beləliklə, qızmar qumların yandırıcı təsirindən özlərini qoruya bilirlər.

Ayaqlarının fərqli funksiyası olan digər həşərat isə Cənubi Afrikada yaşayan onymarcisdir. Onymarcis ayaqları sayəsində əsl sürət rekordu qırır. Yeriyərək saniyədə 1 metr məsafə qət edir.

Həşəratların ayaqlarındakı digər yaradılış dəlili isə çox güclü əzələləridir. Bu əzələləri sayəsində xüsusilə arxa ayaqları ilə hündürə tullana bilirlər. Hər şeydə olduğu kimi, burada da uca Allah`ın yaratma sənətini görürük. Çünki tullanaraq hərəkət edən həşəratların arxa ayaqları məhz ehtiyaclarına uyğun şəkildə güclüdür. Hər canlı yaşadığı mühitə uyğun dizayn edilib. Məsələn, üzən həşəratların böyük əksəriyyətinin ayaqları palitra formasındadır.

Çox bəsit canlı kimi görünən qarışqaların ayaqlarını tədqiq edən elm adamları həm mükəmməl dizayn, həm də robot istehsalçılarına ilham verən sistemlə qarşılaşırlar. Massaçusets Universitetinin bioloqlarından Elizabet Breynerd (Elizabeth Brainerd) və tədqiqat qrupu Harvard və Vürzburq universitetləri ilə birgə qarışqa və arıların tavan kimi səthlərdə tərsinə və dik şəkildə necə yeridiklərini araşdırıblar və maraqlı nəticələr əldə ediblər. Şüşə səthlərdə sürətlə yeriyən arı və qarışqalar kameraya çəkilib və bu həşəratların ayaqlarındakı yapışqan orqanların digər canlılardan fərqli olduğu üzə çıxıb. Nümunə kimi, bir kərtənkələ növü olan gekkon verilib. Gekkonların ayaqlarındakı yapışqan yastıqlar hər addımdan sonra yapışdığı səthdən sıyrılıb qopur.

Bu isə yavaş və statik hərəkətə səbəb olur. Həşəratların ayaqlarındakı sistem isə daha dinamik quruluşdadır. Breynerd bu barədə belə deyir:

"Qarışqaların və arıların ayaqları heyrətamiz quruluşdadır. Mikroskop altında baxdıqda hər bir ayaq buğanın buynuzlarına bənzəyən bir cüt pəncədən ibarətdir, bu pəncələrin arasında "arolium" adlanan yapışqan ayaq yastıqları yerləşir. Həşərat bir səthdə qaçdıqda pəncələr səthdən yapışmağa çalışır. Əgər pəncələr səthdən yapışa bilməsə, geri çəkilir və yapışqan yastıqlar işə düşür. Ayaq yastığı sürətlə açılır və qanla şişir, pəncələrin arasından çıxaraq yapışqan yastığın səthə yapışmasını təmin edir. Sonra sönür və geri qatlanır. Bütün bu proses saniyənin on və ya yüzdə biri qədər qısa müddətdə tamamlanır və həşərat sürətlə hərəkət edərkən şimşək kimi hər addımda təkrarlanır. Bundan əlavə, ayaq yastığı nəm kağız parçasının pəncərə şüşəsinə yapışması kimi, həşəratların yumşaq səthlərə yapışmasını təmin edən maye ifraz edir".

Tədqiqatçılar pəncələrin hərəkətini tənzimləyən vətərlərin təkcə pəncələrin geri çəkilməsini deyil, ayaq yastığını hərəkət etdirməyə də xidmət etdiyini üzə çıxarıblar. Bu sistem mexaniki və hidravlik sistemlərin birləşməsindən təşkil olunmuş mükəmməl dizayndır. Robot istehsalçıları bu sistemi təqlid edərək tibdə istifadə ediləcək kiçik robotların istehsalı üzərində çalışırlar.

BIĞCIQ

Həşəratların bığcıqları da xüsusi dizayna malikdir. Bu canlılar ətraflarında baş verənlərdən bığcıqları ilə xəbərdar olurlar. Xəbərləşmək üçün istifadə etdikləri kimyəvi maddələri bığcıqları tutur və təhlil edirlər. Bığcıqlar bəzən lamisə orqanı hesab edilsə də, əsl funksiyaları həşəratın həssas qoxu hissini təmin etməkdir. Bığcığın üzərində çoxlu sayda qoxu siniri düzülüb. Bu sayədə həşərat qidaları qoxulayır, qarşı cinsə aid feromon adlı kimyəvi xəbərləşmə maddəsini və ya qoxu molekullarını müəyyən edir. Qarışqa və bal arısı kimi həşəratlar bığcıqlarından digər canlıları tanımaq və kimyəvi ünsiyyət üçün də istifadə edirlər. Bu canlılar qarşı tərəfə bığcıqları ilə toxunaraq aldıqları kimyəvi impulsları təhlil edir və qarşı tərəfin dost, yoxsa düşmən olduğunu müəyyən edirlər. Ağcaqanadlar bığcıqları ilə səsləri də tuturlar. Bundan əlavə, bığcıqlar həşərata estetik görünüş verir.

Həşəratların yuxarıda bəhs etdiyimiz xüsusiyyətləri kitabxana dolu kitabların mövzusunu təşkil edir. Əslində,sa bu xüsusiyyətlər həşəratlar haqqında bildiyimiz məhdud məlumatlardır. Hələ kəşf edilməmiş və ya tədqiq olunmamış milyonlarla həşərat var və bunların hər birinin özünəməxsus dizaynı var.