Elektrik siqnalları toxunma hissinə necə çevrilir? Toxunma hissindən məhrum olsaydıq, nə olardı?...

Elektrik siqnalları toxunma hissinə necə çevrilir?  Toxunma hissindən məhrum olsaydıq, nə olardı?...

Elektrik siqnalları toxunma hissinə necə çevrilir?

Toxunma hissindən məhrum olsaydıq, nə olardı?...

Belə olan  halda, isti-soyuq, bərk və ya  iti uclu bir cismə toxunduğumuzda cismin xüsusiyyətləri ilə bağlı heç bir məlumat əldə edə bilməz, bir çox çətinliklə və təhlükəli vəziyyətlə qarşılaşardıq. Halbuki Rəbbimiz bir millimetrdən də nazik olan dərimiz vasitəsilə bizə toxunma hissini vermişdir. Bunun sayəsində biz bir çox məlumatı qəbul edə bilirik.

Toxunma hissi dəri hüceyrələri tərəfindən elektrik siqnallarına çevrilərək beyinə çatdırılır və beyində şərh olunur. Siz bir maddəyə toxunanda onun bərk, yumşaq, nazik və ya sürüşkən olduğunu beyninizdə hiss edirsiniz. Barmağınızın ucundakı reseptorlar (qəbul edicilər) maddəyə aid məlumatları beyninizə elektrik siqnalı kimi çatdırır və bu siqnallar beyninizdə toxunma hissi kimi qəbul edilir. Məsələn, siz hamar olmayan səthə toxunduğunuzda onun hamar olub-olmadığını əsla bilə bilməzsiniz. Çünki qabarıq səthin əslinə heç vaxt toxuna bilməzsiniz. Sizin qabarıq səth barədə məlumatınız beyninizin müəyyən qıcıqları şərh etmə formasıdır.


Elektrik siqnallarının toxunma hissinə necə çevrilməsi hələ də tam dəqiq məlum deyil

Dəridə isti-soyuğa, toxunuşa, ağrıya və təzyiqə reaksiya verən müxtəlif həssaslıq dərəcələrində milyonlarla sinir hüceyrəsi var. Beyinə hissi qıcıqlar göndərən və dəriyə  həssaslıq qazandıran da bu sinir şəbəkəsidir. Bir topu tutduğunuzda və ya bir masaya toxunduğunuzda hərəkətiniz nə qədər yüngül olsa da, barmağınızın ucunda təzyiq hiss edirsiniz. Yüngül hərəkət belə barmaq ucunda toplanmış minlərlə həssas sinir reseptorlarını hərəkətə gətirir. Dəri səthindəki sinir uclarını örtən xüsusi hüceyrələrdə təzyiqlə bərabər elektrik cərəyanı başlayır. Bu axın sinir lifləri vasitəsilə saniyədə 130 metr sürətlə onurğa və baş beyinə çatdırılır. Sirakuz Universiteti Hissi Araşdırma İnstitutunun sinir alimi Stenli Balanovski: "Lakin bunun necə olduğunu heç kim tam dəqiqliklə bilmir", - deyərək bu kompleks siqnal sisteminin fövqəladə quruluşunun təsadüflərlə açıqlana bilməyəcəyini ifadə edir.

Dərinin üç hiss etmə forması: təzyiq, istilik və ağrı

İnsanlar dəri vasitəsilə üç şeyi hiss edirlər: əlimizə əməliyyat əlcəyi taxıb barmağımızı soyuq su ilə dolu qaba batırdığımızda barmağımız suya dəymədiyi halda, nəmlik hiss edirik. Çünki dərimizin nəmlik olaraq qəbul etdiyi hiss təzyiq və istilikdir. Nəmlik hissini yaşadan isə beynimizdir.

Təzyiq, istilik və ağrı ilə əlaqəli hisslər müxtəlif formalarda özünü göstərir. Təzyiq reseptorlarının yüngül qıcıqlandırılması qıdıqlanma hissinə, ağrı reseptorlarının yüngül qıcıqlandırılması isə ağrıya səbəb olur. Hər iki hiss də fiziki olaraq var olan bir obyektdən deyil, sinirlərdən qaynaqlanır. Yəni siz bir cismə toxunduğunuzda onun bərk, yumşaq, yaş, yapışqan və ya ipək kimi olduğunu beyninizdə hiss edirsiniz.

Nə üçün bədənimizin hər yeri eyni həssaslığa malik deyil?

Kor insan barmaq ucları ilə Brayl əlifbasını (kor əlifbasını) oxuyur. Ancaq bunu bədəninin başqa üzvü ilə, məsələn, barmağın oynaqları, ya da xarici səthi ilə edə bilməz. Çünki barmaq uclarında həssaslıq dərəcəsi daha çoxdur. Bu, həmin hissədə reseptorların sayının çox olması ilə əlaqədardır.

Ancaq kürəyimiz barmaq uclarımız kimi həssas deyil. Bu, çox hikmətlidir. Əgər əksinə olsaydı, paltarların bədənimizə dəyməsi və ya bir yerə söykənmək bizi narahat edərdi. Digər tərəfdən, bir obyektin yumşaqlığını, bərkliyini müəyyən etmək üçün və ya bir şeyə toxunmaq üçün barmağımızın yerinə kürəyimizdən istifadə etmək lazım gələrdi. Bu detalları düşünsək, Allahın bədənimizi ehtiyacımıza və rahatlığımıza uyğun xüsusi şəkildə yaratdığını açıq şəkildə görərik.
Nə üçün geyindiyimiz paltarları bir müddətdən sonra hiss etmirik?

Toxunma reseptorları ani dəyişikliklərə reaksiya verir, lakin sabit qıcıqlara qısa müddətdə adaptasiya olurlar. Məsələn, qol saatını taxanda metalın sərinliyini, qalınlığını, ağırlığını hiss edirik. Bir müddətdən sonra isə varlığını unudur və dərimizə toxunan obyektləri hiss etmirik. Çünki beyin təmasın başlanğıcı və sonu haqqında məlumatlandırılır, lakin möcüzəvi şəkildə ara mərhələlərdə beyinə məlumat axını olmur.

Əgər bədənimiz geyindiyimiz paltarların, taxdığımız aksessuarların varlığını hər an hiss etsəydi, bu, şübhəsiz, narahatlıq verərdi. Ancaq saatın qayışı açılıb düşsə, dərimizdəki yeni təsir diqqətimizi çəkər. Dərimizin sabit qıcıqlara adaptasiya olması çox hikmətlidir və Rəbbimizin  böyük rəhmətidir.

Dərimizlə əlaqədar bu xüsusiyyətlər Allahın elminin, sənətinin, ağlının təzahür etdiyini göstərən yaradılış dəlilidir. Bu dəlillər bizə Allahı lazımi şəkildə təqdir etməyimizi, bizi yaradan Rəbbimizi tanımağımızı, Onun üzərimizdəki rəhmətini görməyimizi və Ona şükür edərək qulluq vəzifəmizi yerinə yetirməyimizi xatırladır. Bütün insanların bu mövzudakı məsuliyyəti Quran ayələrində belə bildirilmişdir:

Doğurdanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir? İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.  (İnsan surəsi, 1-3)


Ağrı hissi necə yaranır?

Ağrı hissi bədənimizdə bir toxumanın zərər gördüyünü bildirən xəbərdarlıqdır. Sinir reseptorlarının bir neçə milyonu ağrıları qəbul edir və nə qədər çox zərbə alsalar, o qədər çox xəbərdar edilirlər. Məsələn, ayağımız masanın kənarına dəyəndə və ya yerdəki iti cismin üzərinə basanda ağrı hiss edirik.

Ağrı hissinin həyatımızda vacib yeri var, çünki onlar bədənimizdə problem olduğunu bildirir. Dərimizdəki reseptorlar bizə zərər verən şeylərə reaksiya verəndə (beynimizə təcili mesajlar göndərəndə) ağrı hiss edirik. Bundan sonra narahatlığı aradan qaldırmaq üçün dərhal tədbir görürük.

Bəzi hisslər ağrı, bəziləri batma, bəziləri yanma, bəziləri də sancı şəklindədir. Batma hissi beyinə ən sürətli şəkildə (saniyədə 30 metr sürətlə) çatır. Bu hissi qəbul edən reseptorlar dərinin xarici qatındadır. Yanma və ya sancı hisslərinin siqnalları isə beyinə batma hissi ilə müqayisədə daha yavaş (saniyədə 2 metr sürətlə) çatır.

Batma, yanma və ağrı hisslərinin sürət fərqində də böyük hikmət var. Məsələn, əvvəlcə kəskin batma ağrısını hiss etməyimiz (bir arının sancması), sonra yavaşca yanma hissinin meydana gəlməsi çox əhəmiyyətlidir. Çünki batma hissi təhlükəyə qarşı sürətli qorumanı təmin edir.
Yaralanmadan sonra ağrı hissi nə üçün azalır?

İnsanlar yaralandıqları anda və yaralandıqdan qısa müddət sonra ağrı hissi azalır. Beləliklə, insanın yaralı olduğu halda, özünü qoruması və ya təhlükədən uzaqlaşa bilməsi üçün gücü olur.

Ağrı hissinin çatdırılması da sinir hüceyrələri vasitəsilə reallaşır. Bu hüceyrələr ağrını, sancını yox edən, bədəni rahatlaşdıran "endorfin" maddəsi ifraz edirlər. Endorfin beynimizin istehsal etdiyi ağrıkəsicidir. Endorfin ağrının hiss edildiyi anda ifraz olunur, amma təhlükə sovuşduqdan sonra təsiri keçir. Bunun sayəsində ciddi yaralanan insanlar belə müəyyən müddət şiddətli ağrı hiss etmirlər.

Ağrıkəsici dərmanlar da eyni funksiyanı daşıyır. Bir çoxu xəstəlikləri və yaraları müalicə etmir, onlar yalnız ağrını hiss etməyimizə maneə olan kimyəvi maddələrdir. Yaralanma əsnasında ağrı hissinin azalması Allahın insanlar üzərindəki rəhmətinin və hikmətli yaratma sənətinin nümunələrindən biridir. Rəbbimizin üstünlüyü Quranda belə xəbər verilmişdir:

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi?  (Nəhl surəsi, 17)