Maddə ruhun izahıdır

Maddə ruhun izahıdır

Musiqi dinləyərkən ritmdən zövq alan, yemək yeyərkən dadından ləzzət alan və ya almayan, qarşısındakı insanı sevən, şəfqət göstərən, öz mənliyini araşdıran, beynini laboratoriyada tədqiq edən, kəşflər edən, problemləri həll edən, uğurlarına görə sevinən, qərar verən, musiqi bəstələyən, kitab yazan varlıq, görəsən, şüursuz təsadüflər nəticəsində meydana gələ bilərmi?

Görəsən, hansı təsadüfi kimyəvi reaksiya insana gözəl davranmağı, incə düşüncəli olmağı, fədakarlıq etməyi öyrədə bilər?

Görəsən, hansı təsadüfi hadisə nəticəsində insan öyrənmə, hafizəsində saxlama, qarşısındakını tərbiyə etmə, dövlətləri idarə etmə qabiliyyəti qazanmışdır?

Təkamül nəzəriyyəçiləri bütün bu sualları cavablandıra bilməmiş və (Allah’ı tənzih edirik) Allah’ın varlığını inkar etmək üçün irəli sürdükləri təkamül yalanı Allah’ın qeyri-adi əsərlərindən olan şüur qarşısında yerlə yeksan olmuşdur.

Təkamül tərəfdarları Darvinin yaşadığı dövrdə cavabsız qalmış şüur məsələsinə Darvindən sonra müxtəlif açıqlamalar gətirməyə çalışdılar. Fantastik ibtidai insanların bir-birləri ilə ünsiyyət qurmağa, ov ovlamağa və alət düzəltməyə başlayaraq beyinin təkamül keçirdiyini iddia etdilər. Beyinin inkişafı ilə dilin təkamül keçirdiyini, nitq qabiliyyətinin şüuru formalaşdırdığını və bu şəkildə insanı digər heyvanlardan fərqləndirən ən əsas fərqin ortaya çıxdığını müdafiə etdilər. Bu iddiaların heç biri təkamülə əsas ola bilmədi. Fosil qeydlərində bu iddiaların hər hansı birinə dəlil olan tapıntı yoxdur. Dil və şüur üzərində aparılan elmi fəaliyyət və təcrübələr bu cür inkişafın təsadüfən baş verməsinə dair bütün ehtimalları aradan qaldırdı. Darvinistlərin əllərində ancaq iddiaları var idi. Bu iddialar bütün təkamülçü kitablarda az-çox bənzər şəkildə uydurma ssenari ilə izah edilir, ancaq heç bir təkamülçü mənbədə buna dair elmi dəlil göstərilmirdi. Bu çarəsiz vəziyyətin yeganə izahı var: təkamül prosesi heç vaxt baş verməyib!

Darvinistlər əbəs yerə insan şüurunun “təkamülünü” “elmi cümlələrlə” bəzəməyə çalışırlar

Darvinistlər “ortaya çıxma faktı” adlı amilin şüurun təkamülünə səbəb olduğunu müdafiə edirlər. Onların fikrincə, bir təsadüf heç gözlənməyən başqa bir şeyin meydana gəlməsinə yol aça bilər. Buna dair klassik nümunələri isə sudur. Buna əsasən, oksigen və hidrogen atomları öz-özlüyündə suya bənzər xüsusiyyət daşımır, ancaq müəyyən nisbətdə birləşdikdə əmələ gələn su molekulları əvvəlcədən təxmin edilməyən müxtəlif xüsusiyyətlər meydana gətirir. Təkamülçülər bunu insanın şüuru məsələsinə tətbiq etdilər və insan şüurunun meydana gəlməsinə beyinin kimyəvi quruluşunda baş verən təsadüfi dəyişiklik səbəb olduğunu iddia etdilər. Çarəsizlikdən heç cür təcrübədən keçirilə bilməyən, elmi dəlili olmayan belə bir iddianı şüur məsələsinə tətbiq etmək çıxılmaz vəziyyətdə olduqlarının açıq-aşkar göstəricisi idi.

Əlbəttə, bu, çox məntiqsizdir və texniki cəhətdən qeyri-mümkündür. Çünki hər kəs yaxşı bilir ki, insan şüuru su misalındakı kimi fiziki qanunlardan asılı hadisə deyil. İnsanın çiyələyi görünüşü, qoxusu və dadı ilə təsəvvüründə canlandırması, ailəsinin və yaxınlarının görüntülərini və səslərini sanki yanında imiş kimi hiss etməsi, əlbəttə ki, beynindəki atomların daha əvvəl məlum olmayan bir şeyi meydana gətirmək üçün hərəkət etmələrinin nəticəsi deyil. Bütün bunları həqiqi imiş kimi qavraması insanın istəyidir və o əsnada düşündüyü şeydir. Fiziki xüsusiyyətə malik atomların müxtəlif formalarda birləşərək metafizik anlayış olan şüuru meydana gətirməsi qeyri-mümkündür. Bu, ancaq darvinistlərin xəyalıdır, çünki şüur təkamülün ağılsız, dəlilsiz iddiaları ilə qətiyyən açıqlana bilməz.

Darvinistlər ruh sahibi olduqlarını dərk etmirlər

Müasir elm insan ağlının materialistlərin iddia etdikləri kimi beyin hüceyrələri arasındakı mübadilədən qaynaqlanmadığını təsdiqləmişdir. Başqa sözlə, insan orqanizmində bədənin öz funksiyalarına aid olmayan və fiziki xüsusiyyəti olmayan varlıq var. Materialist fəlsəfənin məhsulu olan və maddənin mütləq varlığından başqa heç bir açıqlamanı qəbul etməyən təkamül nəzəriyyəsi maddi varlığı olmayan insan ruhunu qətiyyən açıqlaya bilmir.

Burada bir həqiqəti yenidən xatırlatmaqda fayda var: təkamül nəzəriyyəsinin canlıların inkişafı ilə bağlı sübut edilmiş bircə iddiası, dəlili də yoxdur. Təkamül nəzəriyyəsi canlıların mənşəyi ilə bağlı ancaq uydurma ssenarilərə və saxta dəlillərə əl atmış, canlıların təkamül keçirmədiyini sübut edən elmi və paleontoloji faktları ört-basdır etməyə çalışmışdır. Bu yolla saxtalığı aşkar edilmiş fosillərdən təbliğat vasitəsi kimi istifadə etmiş, onları ara-keçid nümunələri kimi göstərərək insanları aldatmağa çalışmış və hətta bunun üçün saxtakarlığa əl atmışdır. Təkamülçülərin canlıların “təkamülü” ilə bağlı saysız-hesabsız ssenariləri və nağılları var. Ancaq bunların tək biri belə elmi cəhətdən sübut edilməmişdir. Habelə, elm və texnologiya belə bir təkamül prosesinin qeyri-mümkün olduğunu açıq-aşkar elan etmişdir.

Təkamülün düşdüyü çıxılmaz vəziyyətlər arasında şüur məsələsinin xüsusi yeri var, çünki fiziki dəlillərlə varlığı açıqlana bilməyən bu mövzu ilə bağlı təkamülçülər heç bir ssenari uydura bilmirlər. Müasir texnologiyanın məhsulu olan qabaqcıl detektorlar və cihazlar materialistlərin beyində ağıl meydana gətirən bölgə və ya proses axtarışlarını boşa çıxarmışdır. İnsan ağlının materialist cəhətdən izah edilməsi qeyri-mümkündür.

Materialist düşüncə tərzinə malik insanlar şüuru qavraya bilmirlər. Bu insanlar ruh sahibi olduqlarını, şüurla hərəkət etdiklərini anlamırlar. Darvinizmi müdafiə etmələrinin yeganə səbəbi budur. Əgər şüur kimi olmayan qeyri-adi varlığın fərqinə varsalar, ruhlarının olduğunu anlasalar, darvinist olmaları qeyri-mümkündür. Bu, tamamilə metafizik həqiqətdir.

Darvinistlər şüurun olduğunu həqiqətən hiss etsəydilər, ruhun təkamül keçirdiyini əsla iddia edə bilməzdilər

Darvinistlər reduksiya edilməz kompleksliyə malik insan gözünün təsadüfən təkamül keçirdiyini və işığı qavrama, yəni görmə xüsusiyyəti qazandığını iddia edirlər. Rəngləri görən, ətrafındakıları qavrayan, bunları şərh edən insanı təsadüflərin, hüceyrədaxili reaksiyaların nəticəsi kimi görürlər. Gözdəki hüceyrələrin işığı qavradığını və bizə rəngli dünyanın göstərilməsi üçün bu mexanizmin və beyinin varlığının kafi olduğunu iddia edirlər. Ancaq bu hüceyrənin bir görüntünü görüb qavramaq üçün açılıb-örtülməsi, şüurla qərar verməsi, qısaca desək, ruhum əmrinə tabe olaraq hərəkət etməsi kimi fövqəltəbii hadisəni dərk edə bilmirlər.

Heç bir darvinist öz şüurunun olduğunu hiss etmir. Bunu hiss edərək darvinizmi müdafiə etməsi qeyri-mümkündür. Öz şüurunu hiss edərək sadəcə hüceyrə yığınından ibarət olduğunu, bakteriyadan törədiyini, hər varlığın şüursuz təsadüflərin əsəri olduğunu iddia etməsi mümkün deyil. Normal şüur və vicdanla bunu iddia edə bilməz. Darvinistlər içlərində görən, düşünən, dərk edən, şərh edən, sevən, sevinən, kədərlənən varlıq olduğunun fərqinə varmırlar. Fərqinə vardıqları an maddəni ilahlaşdırma düşüncəsindən dərhal əl çəkərlər.

Bir insanın yaşıl rəngi görməsi, qarşıdan gələn dostunu tanıması, onu gördüyünə görə sevinməsi elmin izah edəcəyi məsələ deyil. Bu, fizikanın fövqündə duran həqiqətdir və fiziki və ya maddi səbəb və məfhumla açıqlana bilməz. Öz şüurunun olduğunu dərk edən insan isə hər şeyin mütləq maddədən ibarət olduğunu iddia etməz. Məhz bu səbəbdən darvinistlər tamamilə fərqli düşüncə tərzi və qavrama formasına malikdirlər. Doğrusunu Allah bilir.

Allah Quranda bu cür insanların möcüzə görsələr belə, inanmayacaqlarını belə xəbər vermişdir:

Əgər Biz mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti bilməz. (Ənam surəsi, 111)

Normal düşünən insan asanlıqla öz içindəki şüuru qavrayıb dərk edən “mən”i görər, beynindən kənarda şüurunun olduğunu anlayar. Ancaq darvinistlər fərqli düşüncə tərzinə malik olduqlarına görə, həm maddədən kənar şüurun olduğunu, həm də özlərinə aid şüurun varlığını görə bilmirlər. Hər hansı darvinistdə bunu görmək, müşahidə etmək çox asandır.

Şüursuz hadisələr şüur meydana gətirə bilməz

Təkamülçülər təsadüflərin, kortəbii, şüursuz amillərin şüuru necə meydana gətirdiyini açıqlamalıdırlar.  Şüursuz hadisələrin necə şüurdan daha üstün davrandıqlarını, şüurlu varlıqdan daha artıq şüur əlaməti göstərdiyini izah etməlidirlər. Əgər iddia etdikləri təkamül prosesi doğrudursa, əvvəlcə elmi dəlillər gətirməli, sonra bütün məntiqsizliklərə açıqlama verməlidirlər. Təkamülçülər buna elmi açıqlama verə bilmirlər. Şüursuz hadisələrin şüur meydana gətirməsi kimi dilemmaya heç bir həll yolu tapa bilmirlər. Bu mövzu ilə əlaqədar yazılmış təkamülçü kitablarda, minlərlə təkamülçü məqalədə və konfransda bunu açıqlaya bilməyiblər.

Mütləq maddənin varlığına dair irəli sürdükləri nəzəriyyə maddədən kənardakı bu möcüzə qarşısında çıxılmaz vəziyyətdə qalıblar. Allah’ın varlığını inkar etmək üçün ortaya atılmış bu yalan Allah’ın qeyri-adi əsəri olan şüur qarşısında yerlə yeksan olmuşdur. Allah bir ayədə belə buyurur:

Onlar hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi ilə dağlar yerindən oynasa belə, yenə də Allah’ın dini qarşısında acizdir! (İbrahim surəsi, 46)

Fərqli düşüncə sistemi darvinistləri maddədən asılı edir, maddədən başqa açıqlamaları inkar etmələrinə səbəb olur. Ancaq normal şüura və sağlam düşüncə sisteminə malik insan dünyanın hisslərdən ibarət olduğunu və bu hissləri qavrayan “mən”in xarici aləmdəki işıqdan, beyindən, gözdən, qulaqdan, elektrik impulslarından fərqli şey olduğunu asanlıqla görə bilər. Xarici aləmdəki işıq gördüyümüz qırmızı rəngin səbəbi ola bilər, ancaq onun qırmızı olduğunu qavrayan, tanıyan, qırmızının nə olduğunu bilən “mən”in bir izahı olmalıdır. Normal düşünən insan bütün hisslərin ruha aid olduğunu dərhal anlayar. Çünki belə bir insan öz şüurunun, yəni “mən” dediyi şüurun fərqinə varır. Belə insan bütün materialist açıqlamaların məntiqsizliyini və əsassızlığını asanlıqla görür, darvinizmin nə qədər böyük yanılma olduğunun dərhal fərqinə varır.