Yerin özünəməxsus temperatur intervalı

Yerin özünəməxsus temperatur intervalı

Amerikalı geoloqlar Frank Press və Reymond Siver Yer səthinin temperaturundakı incə əyara diqqət çəkirlər. Geoloqlar bildirirlər ki, həyat sadəcə məhdud temperatur intervalında mümkündür və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı ehtimal olunan temperaturların təqribən 1%-ini təşkil edir. Yerin temperaturu məhz bu dar intervaldadır. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)

Bu temperatur intervalının qorunması, əlbəttə, Günəşlə Yer arasındakı məsafə qədər Günəşin yaydığı istilik enerjisi ilə də yaxından əlaqədardır. Hesablamalara əsasən, Yerə gələn Günəş enerjisində 10% azalma olsa, yer üzü metrlərlə qalınlıqda buzlaq təbəqələri ilə örtülər. Enerji bir az artıq olduqda isə bütün canlılar yanaraq ölər.

Yerin ideal temperaturunun planetdə mütənasib paylanması da vacibdir. Bu müvazinətin tənzimlənməsi üçün bəzi xüsusi tədbirlər görülmüşdür. Məsələn, Yerin oxunun 23 dərəcə, 27 dəqiqə maili olması qütblərlə ekvator arasında atmosferin əmələ gəlməsinə mane olan ifrat temperaturun qarşısını alır. Əgər Yerin oxu maili olmasaydı, qütb bölgələri ilə ekvator arasındakı temperatur fərqi artar və həyat üçün əlverişli atmosfer əmələ gəlməzdi.

Yerin öz oxu ətrafında fırlanma sürəti də temperaturun mütənasib paylanmasına kömək edir. Yer 24 saat ərzində öz oxu ətrafında bir dövr edir və bu sayədə gecə və gündüz qısa olur. Qısa olduğu üçün gecə ilə gündüz arasındakı temperatur fərqi də çox azdır. Bir günü bir ilindən uzun olan (yəni öz oxu ətrafında fırlanma müddəti Günəş ətrafında fırlanma müddətindən çox olan) və buna görə gecə ilə gündüz arasındakı temperatur fərqi 1000 °C olan Merkuri ilə Yer kürəsini müqayisə etdikdə Yer kürəsindəki temperatur müvazinətinin əhəmiyyətini daha yaxşı anlayarıq.

 Yerlə Günəş arasındakı məsafə, Yerin öz oxu ətrafında fırlanma sürəti, oxunun mailliyi, yer üzünün landşaft formaları kimi bir-birindən asılı olmayan bir çox amil planetin həyata uyğun şəkildə isinməsinə və temperaturun planetdə mütənasib paylanmasına kömək edir.

Yer üzünün formaları da temperaturun mütənasib paylanması üçün uyğun yaradılmışdır. Yerin ekvatoru ilə qütblər arasında təqribən 1000°C temperatur fərqi var. Əgər bu temperatur təpəlik və dağları olmayan səthdə olsaydı, sürəti saatda 1000 km-ə çatan fırtınalar Yer kürəsinin altını üstünə çevirərdi. Lakin yer üzü temperatur fərqindən əmələ gələn güclü hava axınlarının qarşısını alan təpə və dağlarla örtülüdür. Bu maneələr, yəni sıra dağlar Çində Himalay dağları ilə başlayır, Anadoluda Toros dağları ilə davam edir və Avropada Alp dağlarına qədər sıra dağlar şəklində uzanaraq qərbdə Atlantik okeanı, şərqdə Sakit okeanla birləşir. Okeanlarda isə ekvatorda əmələ gələn artıq temperatur suyun temperatur fərqini tarazlaması nəticəsində şimala və cənuba ötürülür.

Habelə, Yerin atmosferində temperaturu mütəmadi tənzimləyən bəzi avtomatik sistemlər də yaradılmışdır. Məsələn, bir bölgə həddindən artıq isindikdə su buxarlanması artır və buludlar çoxalır. Bu buludlar Günəşdən gələn şüaların bir qismini əks etdirərək aşağıdakı havanın və yer səthinin həddindən artıq isinməsinin qarşısını alır.

Yerlə Günəş arasındakı məsafənin xüsusi yaradıldığını qəbul etmək istəməyənlər belə məntiq qururlar: “Kainatda Günəşdən daha böyük və ya kiçik ulduzlar var. Bunların da öz planet sistemləri ola bilər. Bu ulduzlar əgər Günəşdən daha böyükdürsə, onda həyat üçün ideal planet Yerlə Günəş arasındakı məsafədən daha uzaqda olardı. Məsələn, qırmızı nəhəng ulduzun ətrafında Plutonun məsafəsində fırlanan bir planet bizim Yer kürəmiz kimi mülayim temperaturda ola bilər. Belə bir planet həyat üçün Yer kürəsi qədər uyğun olardı”.

Bu iddia əsassızdır, belə ki, müxtəlif kütlələri olan ulduzların fərqli şüalar yaydığı nəzərə alınmayıb. Ulduzların yaydığı şüaların dalğa uzunluğu bu ulduzların kütləsi və səth temperaturundan asılıdır. Məsələn, Günəşin yaxın ultrabənövşəyi, görünən işıq və yaxın infraqırmızı şüalar yaymasının səbəbi 6000 °C səth temperaturunun olmasıdır. Əgər Günəşin kütləsi bir az böyük olsaydı, səth temperaturu daha yüksək olardı.

Bu təqdirdə, Günəşin yaydığı şüaların enerji səviyyəsi artar və Günəş öldürücü təsirə malik ultrabənövşəyi şüaları daha çox yayardı. Buradan belə nəticəyə gəlirik ki, həyatın üçün əlverişli şüalar yayan ulduzlar mütləq bizim Günəşimizə yaxın kütləyə malik olmalıdırlar. Bu ulduzların bir planetdə həyatın olmasına imkan verməsi üçün həmin planetlə ulduz arasındakı məsafə Yerlə Günəş arasındakı məsafə qədər olmalıdır. Başqa sözlə, qırmızı nəhəng ulduzun, mavi nəhəngin və ya kütləsi Günəşdən fərqli olan hər hansı ulduzun ətrafında fırlanan bir planet həyat üçün əlverişli ola bilməz. Həyata imkan verən yeganə enerji mənbəyi Günəş kimi bir ulduzdur. Həyat üçün uyğun yeganə planet məsafəsi ilə Yerlə Günəş arasındakı məsafədir.

Buraya qədər deyilənlərdən başa düşüldüyü kimi, Yer və Günəş aralarındakı məsafə, orbitləri, oxlarının mailliyi, yaydıqları işıq, enerji, qısası, hər cür xüsusiyyətlə birlikdə Allah tərəfindən insanların həyatı üçün yaradılmışdır. Təkcə Günəşlə Yer arasındakı məsafənin məhz lazımi ölçüdə olması belə möcüzəvidir, digər yüzlərlə, hətta minlərlə xüsusiyyətin lazımi ölçülərdə olması insan ağlının hüdudlarını aşır. Belə möhtəşəm sistemin təsadüfən əmələ gəlməsi, şüursuz atomların əmələ gətirdiyi göy cisimlərinin təsadüfən lazımi yerdə yerləşmələri, həyat üçün lazımi müvazinətləri müəyyən etmələri və uyğun sistemlər əmələ gətirmələri mümkün deyil. Bu qüsursuz sistemlər insanlar üçün Allah`ın üstün qüdrətinin və yaratmasının dəlilidir.