Canlılardakı bütün zülallar niyə sol əllidir?

Canlılardakı bütün zülallar niyə sol əllidir?

Faydalı zülalın əmələ gəlməsi üçün təkcə bu zülalı təşkil edən amin turşularının müəyyən sayda, qüsursuz düzülməsi və üçölçülü olması kifayət etmir. Bütün bunlarla yanaşı, həmin amin turşularının hamısı sol əlli olmalı və aralarında heç bir sağ əlli amin turşusu olmamalıdır.

Kimyəvi cəhətdən eyni amin turşusunun həm sağ əlli, həm də sol əlli olmaqla iki növü var. Bunların arasındakı fərq üçölçülü quruluşlarının bir-birinə zidd tərəfli olmasından qaynaqlanır. Eynilə insanın sağ və sol əllərindəki fərq kimi…

 

 

Şəkil: 1. L- amin turşusu    2. D-amin turşusu

Bir amin turşusunun həm sağ əlli, həm də sol əlli olma ehtimalı 50% olduğu halda, bütün canlılardakı amin turşularının ancaq sol əlli olması üstün yaradılışı göstərir.

 

Hər iki qrupdan olan amin turşuları bir-birləri ilə asanlıqla birləşir. Ancaq təhlillər təəccüblü faktı üzə çıxarmışdır: ən sadə orqanizmdən ən mürəkkəbinə qədər bütün canlılardakı zülallar ancaq sol əlli amin turşularından təşkil olunur. Zülalın quruluşuna bircə sağ əlli amin turşusu əlavə olunsa, həmin zülal yararsız hala düşər. Hətta bəzi təcrübələrdə bakteriyalara sağ əlli amin turşuları əlavə edilib, lakin bakteriyalar bu amin turşularını dərhal parçalayıblar, bəzi hallarda isə bu parçalardan yenidən istifadəyə yararlı sol əlli amin turşuları sintezləyiblər.

Bir anlıq təkamülçülərin dediyi kimi, canlıların meydana gəlməsi üçün lazım olan amin turşularının öz-özünə əmələ gəldiyini fərz edək. Bu təqdirdə, təbiətdə sağ və sol əlli olmaqla eyni miqdarda amin turşusu olardı. Dolayısilə, bütün canlıların orqanizmində sağ və sol əlli amin turşuları qarışıq miqdarda olmalı idi. Çünki kimyəvi cəhətdən hər iki qrupdan olan amin turşularının bir-biri ilə asanlıqla birləşməsi mümkündür. Halbuki, bütün canlı orqanizmlərdəki zülallar ancaq sol əlli amin turşularından təşkil olunmuşdur.

Zülalların bunların arasından ancaq sol əlli amin turşularını necə seçdiyi və araya heç bir sağ əlli amin turşusunun necə qarışmadığı təkamülçülərin açıqlaya bilmədiyi məsələlərdən biridir. Təkamülçülər bu qədər xüsusi, şüurlu seçici prosesi heç cür açıqlaya bilmirlər.

Habelə, açıq-aydın göründüyü kimi, zülalların bu xüsusiyyəti təkamülçülərin təsadüf problemini daha da çətinləşdirir. Bu vəziyyət təkamül nəzəriyyəsinin kor-koranə müdafiəçisi olan “Britannika” adlı elmi ensiklopediyada belə ifadə edilir:

“… Yer üzündə bütün canlı orqanizmlərdəki amin turşuları, zülallar kimi mürəkkəb polimerlərin quruluşları eyni asimmetriya tipindədir. Sanki tamamilə sol əllidirlər. Bu, bir baxımdan, milyon dəfələrlə havaya atılan qəpiyin daima eyni üzü  üstə düşməsinə bənzəyir. Molekulların necə sol əlli və ya sağ əlli olduğu başa düşülmür. Bu seçim anlaşılmaz şəkildə yer üzündəki həyatın mənbəyinə bağlıdır”. (“Fabbri Britannica” elmi ensiklopediyası, cild 2, say. 22, səh. 519)

 

 

Bir qəpik milyon dəfələrlə havaya atıldıqda daima eyni üzü üstə düşürsə, bunu təsadüflə açıqlamaq məntiqlidir, yoxsa birinin şüurlu şəkildə havaya atılan pula müdaxilə etdiyini qəbul etmək?

Cavab aydındır. Belə bir prosesin təsadüfən meydana gəlməsi mümkün deyil. Üstəlik, burada bəhs etdiyimiz proses qəpiyin milyon dəfələrlə eyni üzü üstə düşməsindən daha çətin ehtimaldır. Ancaq təkamülçülər bu açıq-aydın həqiqətə baxmayaraq, sırf  müdaxilənin olduğunu qəbul etmək istəmədiklərinə görə təsadüfə sığınırlar. Amin turşularının lazımi zülalları əmələ gətirmək üçün bir-birləri ilə razılaşdığına, xüsusi planla sol əlli olanlarını seçdiklərinə inanırlar. Halbuki, hər ağıllı insan buraya qədər bəhs etdiyimiz möcüzəvi hadisələrdən anlayar ki, canlılar sonsuz qüdrət sahibi Allah tərəfindən qüsursuz yaradılıblar.