Atmosferin ideal nisbətləri

Atmosferin ideal nisbətləri

Yerin atmosferi həyat üçün xüsusi şərtlərdən ibarət yaradılmışdır. Atmosfer 77% azot, 21% oksigen və 1% karbon və arqon kimi digər qazların qarışığından təşkil olunmuşdur.

Əvvəla, bu qazlardan ən əsası olan oksigendən başlayaq. Oksigen çox vacib qazdır, çünki insan kimi kompleks orqanizmə malik canlılar enerji əldə etmək üçün yararlandıqları bir çox kimyəvi reaksiyalar oksigenlə həyata keçir. Bu səbəbdən bizim də daima oksigenə ehtiyacımız var və bu ehtiyacı təmin etmək üçün tənəffüs edirik. Maraqlıdır ki, nəfəs aldığımız havadakı oksigen miqdarı çox həssas müvazinətlə tənzimlənmişdir. Maykl Denton buna belə diqqət çəkir:

“Atmosferimizdə daha çox oksigen ola bilərdi, buna baxmayaraq, həyata imkan verərdimi? Xeyr! Oksigen aktiv elementdir. Hal-hazırda atmosferdə olan oksigenin miqdarı, yəni 21% həyatın təhlükəsizliyi üçün tam ideal ölçüdədir. 21%-dən 1% artıq oksigen bir ildırımın meşə yanğınını başlatma ehtimalını 70% artırır”. (Michael Denton, Nature's Destiny, s. 121)

İngilis biokimyaçı Ceyms Lavlok isə bu həssas müvazinəti belə ifadə edir:

“Oksigen  25%-dən artıq olduğu təqdirdə, hazırda qida kimi istifadə etdiyimiz bitki növlərinin çoxu, bütün tropik meşələr və arktik tundraları böyük yanğınlarla məhv olardı… Atmosferdəki hazırkı oksigen miqdarı təhlükənin və faydanın çox yaxşı tənzimləndiyi ölçüdədir”. (James J. Lovelock, Gaia, Oxford: Oxford University Press, 1987, s. 71)

Atmosferdəki oksigen miqdarının dəyişməməsi də mükəmməl təkrar istehsal sistemi sayəsində baş verir. Heyvanlar mütəmadi oksigen qəbul edirlər və zəhərli karbon qazını xaric edirlər. Bitkilər isə bu prosesin əksini həyata keçirir və karbon qazını həyatverici oksigenə çevirərək həyatın davam etməsini təmin edirlər. Hər gün bitkilər milyard tonlarla oksigeni atmosferə buraxırlar.

Atmosferdəki oksigenin miqdarı bir az artsaydı, Yer qısa müddətdə həyat üçün əlverişsiz planetə çevrilər, kiçik bir qığılcım böyük yanğınlara səbəb olar, bütün Yer kürəsi qısa müddətdə yanıb məhv olardı.

Əgər bitkilər və heyvanlar eyni reaksiyanı həyata keçirsəydilər, Yer kürəsində həyat mümkün olmazdı. Məsələn, həm heyvanlar, həm də bitkilər oksigen hasil etsəydilər, atmosfer yandırıcı xüsusiyyət qazanar və kiçik bir qığılcım böyük yanğınlar törədərdi. Nəticədə, Yer tamamilə yanıb məhv olardı. Əgər həm bitkilər, həm də heyvanlar karbon qazı xaric etsəydilər, bu dəfə də atmosferdəki oksigen sürətlə tükənər və bir müddət sonra canlılar nəfəs almalarına baxmayaraq, boğularaq ölərdilər.

Ancaq Allah həyatın müvazinətini elə qüsursuz sistemlə yaratmışdır ki, atmosferdəki oksigen miqdarı həyat üçün ən ideal miqdarda qalır. Bu miqdar, Lavlokun ifadəsi ilə, təhlükənin və faydanın çox yaxşı tənzimləndiyi ölçüdədir.

Atmosferdəki karbon qazının miqdarı bir az azalsaydı, Yerin səth temperaturu qorunmazdı. Yer üzü daima istilik itirər, bütün okeanlar donar və Yer kürəsi həyat üçün əlverişsiz olardı.

Atmosferin qaz tərkibi yaşayan canlılar üçün həssas nisbətdədir. Hər qaz lazım olan ölçüdə və miqdardadır. Məsələn, bizim üçün zərərli olan karbon qazı, əslində, çox mühüm qazdır. Çünki bu qaz Günəşdən gələn şüalardan bir qisminin yer üzündən əks olunaraq kosmosa qayıtmasının qarşısını alır və beləliklə, Yerin temperaturunun qorunmasına kömək edir. Atmosferi təşkil edən qazların miqdarı Yerdə meydana gələn bioloji və tektonik proseslər sayəsində daima tənzimlənir. Bu müvazinətin min illərdir qorunması və canlıların ehtiyacı olduğu şəkildə mühafizə edilməsi də bir nizamı və bu nizamı yaradan Allah`ın varlığını göstərir.

Atmosferdəki karbon qazının Yer səthinin orta temperaturunu 35°C artırdığı müəyyən edilmişdir. Yəni atmosferdə karbon qazı olmasaydı, Yerin orta temperaturu 14°C deyil, -21°C olardı. Bu təqdirdə, bütün okeanlar donar və Yer kürəsində həyat olmazdı.

Havanın sıxlığı

Atmosferin ən əsas xüsusiyyətlərindən biri də nəfəs almağımıza imkan verən ideal sıxlığıdır.

Havanın təzyiqi 760 mm civə sütunudur. Sıxlığı dəniz səviyyəsində bir litrə bir qramdır. Havanın dəniz səthindəki axıcılığı isə sudan 50 dəfə çoxdur. Adi rəqəmlər kimi görünən bu ölçülər, əslində, insanın həyatı üçün böyük əhəmiyyət daşıyır. Çünki hava ilə nəfəs alan canlıların yaşaması üçün atmosferin əsas xarakteristik xüsusiyyətləri – sıxlığı, axıcılığı, təzyiqi və s. hal-hazırkı ölçülərdə olmalıdır.

Nəfəs alarkən ciyərlərimiz hava müqaviməti adlanan qüvvəyə qarşı enerji sərf edir. Hava müqaviməti havanın hərəkətə qarşı göstərdiyi sabitlikdir. Ancaq bu müqavimət atmosferin xüsusiyyətləri sayəsində çox zəifdir və ciyərlərimiz asanlıqla havanı qəbul edib xaric edirlər. Bu müqavimətin bir az artması ciyərlərimizin işini ağırlaşdırar. Bunu belə bir misalla açıqlaya bilərik: şprisin iynəsi ilə su çəkmək asandır, ancaq bal çəkmək çox çətindir. Çünki balın axıcılığı sudan azdır və sıxlığı çoxdur.

Əgər atmosferin sıxlıq, axıcılıq, təzyiq kimi ölçüləri bir az fərqli olsaydı, nəfəs almaq bizim üçün iynə ilə bal çəkmək qədər çətinləşərdi. “Şprisin iynəsi qalın ola bilər”, yəni: “Ağciyər kanalları genişlənə bilər”, -deyə düşünə bilərsiniz. Onda ağciyərlərdəki kiçik kanallar olmazdı. Bu təqdirdə, ciyərlərin hava ilə təmas edən sahəsi kiçilər və ciyərlər bədən üçün kifayət qədər oksigen qəbul edə bilməzdi. Yəni havanın sıxlıq, axıcılıq, təzyiq kimi xüsusiyyətləri mütləq müəyyən ölçüdə olmalıdır. Nəfəs aldığımız havanın dəyərləri məhz bu ideal ölçüdədir.

Professor Maykl Denton bu mövzu haqqında belə şərh verir:

“Əgər havanın sıxlığı və ya sabitliyi bir az çox olsaydı, hava müqaviməti artar və hava ilə nəfəs alan canlıya ehtiyacı olan oksigen miqdarını təmin edən tənəffüs sistemi dizayn etmək qeyri-mümkün olardı. Ehtimal olunan atmosfer təzyiqləri ilə oksigen miqdarlarını müqayisə edərək həyat üçün uyğun rəqəm axtardıqda, çox məhdud intervalla qarşılaşırıq. Həyat üçün lazım olan şərtlərin hamısının bu kiçik intervalda olması, əlbəttə, qeyri-adi uyğunluqdur”. (Michael Denton, Nature's Destiny, s. 128.)

Atmosferin dəyərləri təkcə nəfəs almağımız üçün deyil, mavi planetin mavi qalması üçün də vacibdir. Əgər atmosfer təzyiqi indiki ölçüsündən beşdə bir miqdar azalsaydı, dənizlərdəki buxarlanma artardı. Atmosferdə yüksək miqdara çatan su buxarı Yer kürəsində istixana təsiri yaradaraq planetin temperaturunu həddindən artıq yüksəldərdi. Əgər atmosfer təzyiqi indiki ölçüsündən artıq olsaydı, onda atmosferdəki su buxarının miqdarı böyük ölçüdə azalar və Yer kürəsindəki quru ərazilər, demək olar ki, tamamilə səhralaşardı.

Ancaq bu ehtimalların heç bir baş vermir, çünki Allah Yeri, Günəş sistemini və bütün kainatı qüsursuz yaradıb. Yer kürəsindəki bütün müvazinətləri bizim həyatımız üçün bir-birinə uyğundur.