Təkamül ağla və məntiqə zidd bir nəzəriyyədir

Təkamül ağla və məntiqə zidd bir nəzəriyyədir

Təkamül nəzəriyyəsinin elm və ağılla izah edilə bilməyən iddiasına görə, sonsuz kainatdakı heçlik, zamanla təsadüfən baş verən hadisələrin nəticəsində insanı meydana gətirmişdir. Bu inanılması qeyri-mümkün nəzəriyyəyə görə, tozun torpağın da olmadığı heçlikdə, əvvəl toz, torpaq, daşlar, sular, dağlar, okeanlar özbaşına meydana gəlmişdir. Sonra bunlardakı bəzi atomlar necə oldusa təsadüfən birləşərək kalsium, fosfor, karbon kimi elementləri meydana gətirmişdir. Bu cansız, ağlı, yaddaşı, məlumatı, şüuru olmayan elementlər də milyonlarla il içində necə oldusa nəfəs alan, danışan, düşünən, sevinən və kədərlənən bir ruha sahib olan, icadlar edə biləcək zəkaya, məlumata, şüura sahib, yaddaşı olan, kitabxanalarla kitablar yazan insanlara çevrildilər. Yəni toz, torpaq, palçıq yığınları, milyardlarla il içində təsadüflərin təsiriylə əti, canı, qanı olan, fövqəladə fabriklər tikərək bu fabriklərdə ən son model avtomobillər istehsal edən, kosmos sistemləri quran, saraylar tikən, sənət möcüzələri meydana gətirən insanlara çevrilmişdir. Daşın, torpağın təsadüflər nəticəsində bir gün insana çevrildiyinə inanmaq, uşaq nağıllarına inanmaqdan daha da məntiqsiz və ağıldankənardır. Uşaqlar da belə bir nağıla inanmazlar.

Əgər təkamülçülər bu iddialarında səmimidirlərsə, o zaman onların iddiasına görə bu sözdə təkamülün təkrar yaşanmaması üçün heç bir səbəb olmaması lazımdır. Məsələn dünyanın ən böyük bataqlığına gedib, milyardlarla il sonra burada bir sarayın tikilməsini, bir-birlərinə vəsiyyət edərək gözləyə bilərlər. Bu bataqlıqda oturub gözləsinlər, baxaq oradakı qayaların, daşların, palçığın içində, sarayları tikəcək bir insan meydana gələcəkmi? Bir insan yox, palçığın içində tək bir canlı hüceyrəsi meydana gələcəkmi? Hətta, təsadüflərə kömək etmək üçün bataqlığın içini tuta bildiyi qədər karbon, fosfor, azot, dəmir, maqnezium, oksigen kimi canlı hüceyrəsi üçün lazım olan elementlərlə doldursunlar.

Burada tək bir canlı hüceyrəsinin də özbaşına meydana gəlməsi qətiyyən mümkün deyil. Tək bir canlı hüceyrəsi belə fövqəladə kompleksdir; içində enerji istehsal edən stansiyalar; həyat üçün zəruri olan ferment və hormonları istehsal edən fabriklər; istehsal olunacaq bütün məhsullarla əlaqədar məlumatların qeyd olunduğu bir məlumat bankı; bir bölgədən digərinə xam maddələri və məhsulları daşıyan kompleks sistemlər, boru xətləri; çöldən gələn xam maddələri işə yarayacaq parçalara ayıran inkişaf etmiş laboratoriya və neftayırma zavodları; hüceyrənin içinə alınacaq və ya hüceyrədən çıxardılacaq vəsaitlərin giriş-çıxışını idarə edən mütəxəssisləşmiş hüceyrə pərdəsi zülalları vardır. Bu tərif, hüceyrənin ən sadə və səthi tərifidir. Hüceyrənin tək bir xüsusiyyəti belə cild-cild kitablarla izah edilə biləcək qədər kompleks və ehtişamlıdır.

Madam ki, təkamülçülər bu qeyri-mümkün hadisələrə inanırlar, o zaman saraylar tikmək, son model bir avtomobil istehsal etmək, körpülər tikmək üçün bir miqdar palçıq götürüb gözləsinlər. Bu palçıqda əvvəl özbaşına bir hüceyrə, sonra amöblər, balıqlar, kərtənkələlər, atlar, meymunlar və ən sonunda insan meydana gəlməsini gözləsinlər; sonra da bu insanın avtomobillər hazırlamasını, ixtiralar edərək mədəniyyətlər qurmasını izləsinlər. Bunun reallaşmayacağını əslində ən qatı təkamülçü belə çox yaxşı bilməkdə, ancaq eyni iddianı Latınca terminlər və ağır bir üslubla izah edincə, bunun inanılması mümkün olduğunu zənn etməkdədir.

Təsadüflər, palçığın içindən hüceyrə kimi mütəşəkkil sistemi çıxara bilərmi? Təsadüflər, bu ən kiçik mütəşəkkil sistemi gedərək daha da kompleks hala gətirib, insan kimi bir varlığı meydana gətirə bilərmi? Təsadüflər, bir meymuna danışmağı, gözəl baxmağı, kompliment deməyi, düşünməyi, saraylar tikməyi, mədəniyyətlər, ölkələr qurmağı, gəmilər tikərək qitələr kəşf etməyi, laboratoriyalar düzəltməyi və ya özünü meydana gətirən hüceyrələri araşdıraraq təcrübələr etməyi öyrədə bilərmi? Hansı təsadüf bir meymuna ruh verə bilər? Bu sualların hər birinin cavabı, hər insan üçün çox açıq və qətidir; təsadüflər nə insanı, nə də insanın ən kiçik parçası olan hüceyrəni meydana gətirə bilməz.