Səs və qoxunu təqlid edən bacarıqlı canlılar

Səs və qoxunu təqlid edən bacarıqlı canlılar

Bir quşun özünü yaralı göstərərək düşmənlərindən xilas olacağını, bir həşəratın termit qoxusunu təqlid edərək termit yuvasında gizlənəcəyini, bir tırtılın kraliça qarışqanın səsini təqlid edərək qarışqa koloniyasında kraliça münasibəti görəcəyini bilməsi qeyri-mümkündür. Uca Rəbbimiz təbiətdəki canlıların hər birini yaşadığı mühitə uyğun müxtəlif xüsusiyyətlərlə yaratmışdır. Bu xüsusiyyətlərdən biri də canlıların düşmənləri tərəfindən tanınmasının qarşısını almaq və yem tapmaq üçün yaradılan təqlid qabiliyyətidir.

Təqlid müşahidə, diaqnoz, hafizə və nəticə çıxarma kimi ağıl tələb edən xüsusiyyətlərlə ortaya çıxan bacarıqdır. Bu bacarığın ən mühüm mərhələsi isə müşahidə aparmaqdır. Bir insanın səsini, qoxusunu və ya hərəkətlərini təqlid etmək üçün onu hərtərəfli təhlil etmək lazımdır. Müxtəlif mərhələlərdən keçən bu bacarıq milyonlarla il əvvəl ilk yaradıldıqları gündən bəri bəzi canlılar tərəfindən müdafiə və yem tapmaq məqsədilə istifadə edilir.

Əslində, bu insanlar onlara bəxş edilən bu xüsusiyyətlər sayəsində müdafiə olunduqlarını və həyatlarını davam etdirdiklərini dərk etmirlər. Ancaq Uca Allahın ilhamı ilə onlara nemət kimi verilən bu xüsusiyyətlərdən ustalıqla istifadə edirlər. Sonsuz mərhəmət və elm sahibi Rəbbimiz canlılar üzərində təcəlli edən elmini ayədə belə bildirir:

Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır... (Nəhl surəsi, 66)

Təqlid ustası quşlar

Ağac kötüyünü təqlid edən patu quşu

Venesuela meşələrində yaşayan patu quşu təqlid ustasıdır. Quşun tükləri və üstünə qonduğu ağacın qabığı bir-birinə çox bənzər yaradılmışdır. Bu cəhətdən canlının təbii kamuflyajı var. Kötüyün üstündə onu görmək çox çətindir. Bu xüsusiyyətindən əlavə, quş ağac kötüyünü sanki təqlid edir. Yanına yaxınlaşdıqca quş təqlidini daha da təkmilləşdirmək üçün hərəkətə keçir. Çox yavaş şəkildə quyruğunu endirir, onu ağac kötüyünün oyuğuna soxur. Beləcə, quşla ağacın birləşmə yeri bilinmir.

Quşu ələ verəcək yeganə ipucu dimdiyi və gözləridir. Buna görə, eyni tərzdə yavaşca dimdiyini dik şəkildə göyə doğru uzadaraq başını qaldırır, gözlərini yumur və möhkəm gərilir. Quşdan 90 sm uzaqda olduqda belə quş hərəkətsiz və donuq durur. Bu sayədə ağac kötüyündən onu ayırd etmək qeyri-mümkün olur. Təhlükə uzaqlaşdıqda isə quş rahatlayır və təqlidinə son verir  (David Attenborough, The Life of Birds, səh.164).

Balasını qorumaq üçün yaralı təqlidi edən qızıl quşu

Pataqoniyada yaşayan qızıl quşu yuvasını açıq sahələrdəki otlaqlarda qurur. Ana quşun qarnında böyüyən yumurtanın səthi yumurtlamazdan dərhal əvvəl torpaq naxışı ilə örtülür. Bu naxışlar yumurtanın kamuflyajı üçün yaradılan xüsusi müdafiədir. Beləliklə, yumurtalar otların arasında görünmürlər. Bir təhlükə, yırtıcı quş və ya insan yuvaya yaxınlaşdıqda isə qızıl quşu heyrətamiz təqlid nümayiş etdirir: quş yuvasından çıxaraq qaçmağa başlayır. Sonra otların üzərində yaralı və qanadı qırılmış quş təqlidi edir. Yad canlı ona doğru yaxınlaşdıqda yenidən qaçmağa başlayır. Aradakı məsafə açılarsa, dərhal yerə yataraq yaralı təqlidini təkrarlayır. Məqsədi yaxınlaşan düşmənin diqqətini yuvadan ayırmaqdır. Təhlükəni kifayət qədər uzaqlaşdırdıqda təqlid sona çatır. Qızıl quşu uçaraq yuvasına geri qayıdır. (Russel Freedman, How Animals Defend Their Young? səh.51 Harika Canlılar - 3 Belgeseli)

Göründüyü kimi, quş burada möhtəşəm ağıl işlədir və təqlid nümayiş etdirir. Bu ağıl və bacarığın quşa aid olmadığı, quşun bütün bunları uca Rəbbimizin ilhamı ilə etdiyi aşkardır. Allahın canlılar üzərindəki hakimiyyəti bir Quran ayəsində belə bildirilmişdir:

...  Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın... (Hud surəsi, 56)

İlan səsini təqlid edən quşlar

Bəzi heyvanlar düşmənlərini yanıltmaq üçün səslərindən müxtəlif cür istifadə edirlər. Məsələn, ağac oyuqlarında yuva quran bir çox quş narahat edildikdə ilan kimi fısıldayır. Yuvaya hücum edən yırtıcı heyvanlar da oyuqda ilan olduğunu düşünərək bu oyuğa girmirlər. Kiçik tırtıllardan bəziləri də təhlükə hiss etdikdə fısıldayır və bədənlərindəki saxta göz naxışlarını şişirirlər. (Jill Bailey, Mimicry and Camouflage, səh.50)

Bayquşun müdafiə məqsədli təqlidləri

Bala bayquşu qorxutduqda çölə açılan qanadlarını və başındakı tüklərini çox iri görünənə qədər qabardaraq qorxuducu görkəm alır. Bir tərəfdən də böyük gözlərini sonacan açaraq dəvətsiz qonaqlara baxır. Bu sayədə bala bayquşun üzü daha böyük heyvanın üzü kimi görünür.

Gözə bənzər xalları olan bayquşun (Glaucidium perlatum) başının arxasında diqqətçəkən gözləri olan təqlidi üz var. Uca Allahın bayquşa xüsusi bəxş etdiyi bu təqlidi üz arxadan gələn düşmənləri uzaqlaşdırır. (Prof. Peter JB Slater,The Encyclopedia of Animal Behaviour, səh.62)

Təqlidçi şalalar

Şalalar cırcırama və çəyirtkəyə bənzər canlılardır. Altı ayaqlı şalaların yarasa və quşlardan, ilan və tarla siçanlarına qədər iti görən bir çox düşməni var. Allah bu canlıları özlərini başqa canlılara bənzədərək qoruyacaqları xüsusiyyətlərlə, yəni təbii kamuflyajla birlikdə yaratmışdır. Bu xüsusiyyətlərindən əlavə, şalaların hərtərəfli müdafiə taktikaları var. Məsələn, qorxuducu nümayişləri onlara hücum edən heyvanların uzun müddət dayanmasına səbəb olur. Bu zaman şalalar qaçıb uzaqlaşmaq üçün vaxt qazanırlar.

Eşşəkarısı şalaları qısa bığcıqları, şəffaf, pərdəyə bənzər ön qanadları və dar qarın hissələri ilə ən incə təfərrüatına qədər eşşəkarılarını təqlid edirlər. Həqiqi eşşəkarılarından yeganə fərqləri iynələrinin olmamasıdır. Hətta duruşları belə həqiqi eşşəkarılarından fərqlənmir. Təqlid o qədər ustalıqla edilir ki, heyvanlar bu canlılara yaxınlaşmağa belə cəsarət etmirlər. (International Wildlife, May/June 1998, səh. 24-28)

Termitin qoxusunu təqlid edən həşərat

Yırtıcı redovid böcəyi (Salyarata varilgata) ağaclarda yaşayan termit növü ilə qidalanır. Ovunu tutma taktikası çox maraqlıdır. Əvvəlcə termit yuvasındakı qidaların arasında gizlənir. Termitlərin özünəməxsus qoxuları var. Termitlər kordur və yuvalarına girən düşmənlərini də qoxu fərqindən tanıyırlar. Termit yuvasında gizlənən redovid böcəyi də bir müddət sonra termit qoxusu verməyə başlayır, buna görə öz qoxusu bilinmir. Bu həşərat düşmənlərinə qarşı yırtıcı olan termitlərin hücumundan termit qoxusunu təqlid edərək qorunur.

Məgər göylərdə və yerdə olanların, Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi? (Həcc surəsi, 18)

Kraliça qarışqanın səsini təqlid edən tırtıl

Bir tırtıl növünün qarışqaların hücumundan xilas olmaq üçün kraliça qarışqanın çıxardığı səsləri təqlid etdiyi məlum olub (http://www.dailymail.co.uk/sciencetech/article-1137267/Getting-chest-Study-reveals-ants-talk-other.html).

Oksford Universitetindən Ceremi Tomas və tədqiqat qrupunun apardığı və "Science" jurnalında dərc olunan araşdırmaya əsasən, maculinea rebeli növündən olan kəpənəyə çevrilən tırtıl növü düşmən qarışqalardan xilas olmaq üçün myrmica schenki növündən olan kraliça qarışqanın səsini təqlid edir. Beləliklə, qarışqaları "hipnoz edən" tırtıl işçi qarışqalar tərəfindən yuvaya aparılır və burada kraliça kimi qayğı görür. Qarışqa yuvalarının içinə miniatür mikrofon və səsgücləndirici yerləşdirən və kraliça qarışqanın işçi qarışqalara ünvanlanan səsini qeyd edib səsləndirən Tomas və tədqiqat qrupu kraliçanın səsini eşitdikdə bığcıqları havada və çənələri açıq saatlarla hərəkətsiz dayanan işçi qarışqaların tırtılın təqlid etdiyi səs qarşısında da eyni vəziyyətdə gözlədiyini görüblər. Tırtılın bu taktikası digər bəzi qarışqa növlərində işə yaramır. Başqa qarışqa növləri bəzi kimyəvi maddələr yayaraq maculinea rebeli tırtılını ifşa edə bilirlər.

Müdafiə məqsədli təqlid edən başqa canlılar

Müxtəlif koloniyalar arasındakı müharibələrdə qarışqalar bir sıra taktikalardan istifadə edirlər. Bunlardan ən çox yayılanı qarışqaların özlərindən daha uzun və böyük canlıları təqlid etmələridir. Qarışqalar ayaqlarını mümkün qədər düzləşdirərək və başlarını qaldıraraq daha uzun görünməyə çalışaraq düşmənlərini uzaqlaşdırmağa çalışırlar. (Bert Hölldobler-Edward O.Wilson, Journey to The Ants, Harvard University Press, Cambridge, 1994, səh. 70)

Pişik güvəsi tırtılı da qorxduqda bir növ "şahlanaraq" qorxunc görünüş qazanır. Başını içəriyə çəkərək "çiyinlərini" donqarlaşdırır. Beləliklə, üzərində iki qara nöqtə olan qırmızı parlaq halqa ortaya çıxır. Tırtılın aldığı bu forma üzə bənzəyir. Qırmızı halqa isə xəbərdarlıqdır (Hayvanlar Ans., C.B.P.C Publishing, Böcekler, səh.150)

Nəticə

Aləmlərin yaradanı olan Allah canlılarda tayı-bərabəri olmayan qüsursuz sistemlər yaratmışdır. Təbiətdəki canlı növlərinin hər birində ayrı-ayrı yaradılmış üstün xüsusiyyətlər var. Bu məqalədə ancaq bir neçəsindən bəhs etdiyimiz canlılardakı təqlid qabiliyyətləri bu canlıların uca Rəbbimiz Allahın üstün ağlı və ilhamı ilə hərəkət etdiklərini göstərir. Bütün bu möhtəşəm yaradılışın sahibi göylərin, yerin və bunların ikisi arasındakıların yeganə hakimi olan uca Allahdır. Ağıl sahibi insanlar isə Allahın yaratması üzərində düşünməli və Onu tərif edib şanını ucaltmalıdırlar. Allah Quran ayələrində belə buyurur: 

Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 36-37)

Kamuflyaj olaraq özlərini qoruyan canlılar

Canlılar yaşadıqları mühitə çox uyğun yaradılmış bədən quruluşu, formaları, rəngləri və naxışları ilə xüsusi qorunurlar. Bu canlıların bəzilərinin bədənləri yaşadıqları mühitlə o qədər uyğundur ki, onları ətraf mühitdən ayırd etmək çox çətindir.

  • Bəzi həşərat növləri kütləvi şəkildə təqlid qabiliyyətindən istifadə edərək düşmənlərindən qorunurlar. Məsələn, Madaqaskarda yaşayan tropik yarımsərtqanadlı növü olan phiatidlərin qanadları parlaq və rənglidir. Ağac gövdəsində toplu şəkildə dincəldikdə həşəratdan çox çiçəyə bənzəyirlər. Bu da həşəratla qidalanan canlıları yanıldır. (Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New York, 1992, səh.41)
  • Xərçəng hörümçəklərinin misumena varia növü üzərinə qonduğu çiçəyin rəngindən asılı olaraq sarıdan ağa qədər rəngini dəyişdirə bilir. (Marco Ferrari, Colors for Survival, Barnes and Noble Books, New York, 1992, səh.52)
  • Bir çox heyvan kamuflyaj qabiliyyətləri sayəsində olduqları mühitin rəngini alırlar. Ancaq osminoq həm rəngini, həm də formasını dəyişərək düşmənlərindən gizlənir. Osminoqun bədənində xromotofor adlanan minlərlə kisə var. Bu kisələri kompleks əzələ şəbəkəsi tənzimləyir və içlərində piqment var. Osminoq kisələri büzərək və ya boşaldaraq özünü hər hansı arxa plan rənginə və ya görüntüsünə bənzədə bilir. Bu zaman digər əzələlər də osminoqun dəri toxumasını dəyişdirir. Osminoq bu iki metodu birləşdirərək mükəmməl kamuflyaj olur. Osminoq Allahın ilhamı ilə hərəkət etdiyinə görə, bu mükəmməl müdafiə texnikasından istifadə edir.
  • Avstraliyada yaşayan lir quşu qırqovula bənzəyən mükəmməl naxışlı qanadlarından başqa, bənzərsiz səs təqlid etmə qabiliyyəti ilə məşhurdur. Digər quş və heyvan səsləri ilə yanaşı, mişar, avtomobil motoru, siqnalı kimi mexaniki səsləri də təqlid edir.

Bəzi heyvanlar yaşadıqları mühitə uyğun rəngdə olmaq üçün fəsillərə uyğun tüklərini dəyişirlər. Bu heyvanlar qış aylarında ağappaq kürkə bürünür, yaz gəldikdə torpağın və bitki örtüyünün rənginə uyğun tamamilə yeni görünüşə malik olurlar. Mühitə görə rəng dəyişdirmə heyvanların bədənlərində yaradılmış kompleks mexanizmlər sayəsində baş verir. Günəşdə qalan insan dərisinin qızarıb tündləşməsinə bənzəyən bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliyinə yol açır.

Qızıl quşu

Lir quşu

Şala

Maculinea Rebeli

Misumena Varia

Osminoq

Buqələmun