Necə görürük? Necə eşidirik? Necə dadırıq?

Necə görürük? Necə eşidirik? Necə dadırıq?

Görmə prosesi olduqca mərhələli şəkildə reallaşır. Görmə əsnasında hər hansı cisimdən gələn işıq seli (fotonlar) gözün önündəki büllurdan qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə siqnalları sinir yolları vasitəsilə beyinin arxa hissəsindəki görmə mərkəzinə çatdırılır. Bu elektrik siqnalı bir sıra ardıcıl proseslərdən keçdikdən sonra beyindəki bu mərkəzdə görüntü olaraq qavranılır. Yəni görüntü əslində beyinin arxasındakı kiçik və işıq şüalarının heç bir şəkildə daxil ola bilmədiyi, qapqaranlıq nöqtədə meydana gəlir.

Bir cisimdən gələn işıq fotonları elektrik siqnalına çevrilərək beyində görüntü meydana gətirirlər. Görürəm deyərkən, əslində zehinimizdəki elektrik siqnallarının meydana gətirdiyi görüntünü seyr edirik.

Ümumilikdə hər kəs tərəfindən qəbul edilən bu fikrə bir daha nəzər salaq: Biz “görürəm” deyərkən, əslində gözümüzə gələn işıq fotonlarının elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi “təsiri” görürük. Yəni “görürəm” deyəndə, əslində beynimizdəki elektrik siqnallarını seyr edirik.

Həyatımız boyunca gördüyümüz hər görüntü bir neçə kub santimetrlik görmə mərkəzində meydana gəlir. Oxuduğunuz bu sətirlər də, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Amma daha bir məsələni nəzərdən qaçırmamalıyıq. Yuxarıda ifadə etdiyimiz kimi kəllə sümüyü işığı qətiyyən beyinə buraxmır, yəni beyinin içi qapqaranlıqdır. Bu səbəbdən beyinin işıqla təmasda olması əsla mümkün deyildir.

Bu maraqlı vəziyyətə aid bir nümunə göstərək. Qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısında dayanıb ona uzun müddət baxaq. Amma bu müddət ərzində beynimiz şama aid işığın əsli ilə heç bir zaman təmasda ola bilməz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində aydın, parlaq və rəngli dünyanı seyr edirik.

R.L. Qreqori bizim çox təbii qarşıladığımız görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə edir:

“Görmə hadisəsinə o qədər öyrəşmişik ki, cavab tələb edən sualların olduğunun fərqinə varmaq böyük təxəyyül tələb edir. Lakin buna diqqət edin: Gözlərimizə kiçik, “kəlləmayallaq” görüntülər verilir və biz ətrafımızda bunları mükəmməl varlıqlar olaraq görürük. Retinanın üzərindəki işıq fotonları nəticəsində maddi dünyanı qavrayırıq. Bunun möcüzədən heç bir fərqi yoxdur.”

Bu vəziyyət digər duyğu üzvlərimiz üçün də eynilik təşkil edir. Səs, toxunma, dad və qoxu elektrik siqnalı olaraq beyinə çatır və buradakı müvafiq mərkəzlərdə qəbul edilir. Eşitmə hadisəsi də belə baş verir. Xarici qulaq, ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsiylə yığıb orta qulağa çatdırır; orta qulaq bu səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürür; daxili qulaq da bu titrəşmələri elektrik siqnallarına çevirərək beynə göndərir. Eynilə görmə prosesində olduğu kimi eşitmə prosesi də beyindəki eşitmə mərkəzində reallaşır. Kəllə sümüyü işığı keçirmədiyi kimi səsi də keçirmir. Bu səbəbdən “xaricimiz” nə qədər səs-küylü olsa da beynin içi tamamilə səssizdir.

Buna baxmayaraq ən dəqiq səslər beyində eşidilir. Sağlam insan qulağı heç bir xışıltı olmadan hər şeyi eşidir. Səs keçirməyən beyninizdə orkestrin simfoniyalarını dinləyir, izdihamlı mühitin bütün səs-küyünü eşidirsiniz, bir yarpağın xışıltısından tutmuş reaktiv təyyarələrinin səs-küyünə qədər geniş tezlik intervalında bütün səsləri eşidə bilərsiniz. Amma həmin anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada dərin səssizliyin olduğu aydın olar.

Bir cisimdən gələn işıq seli retina üzərinə tərs şəkildə düşür. Burada elektrik siqnalına çevrilən görüntü beynin arxa tərəfindəki görmə mərkəzinə ötürülür. Görmə mərkəzi dediyimiz yer kiçikdir. Beyin işığı keçirmədiyi üçün görmə mərkəzinə də işığın çatması mümkün deyil. Yəni biz parlaq və dərinlikli bir dünyanı kiçik və işığın əsla çata bilmədiyi nöqtədə hiss edir və ya görürük..

Qoxu hissimizin meydana gəlməsi də buna bənzərdir. Vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar, burunun epitelindəki titrək tüklərdə olan qəbuledicilərə gəlir və burada qarşılıqlı təsir yaradırlar. Bu təsir beynimizə elektrik siqnalı olaraq çatdırılır və qoxu kimi qavranılır. Nəticədə bizim yaxşı ya da pis deyə adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsirlərinin elektrik siqnalına çevrildikdən sonra, beyində yaratdığı təsirdən başqa bir şey deyil. Parfüm, çiçək, sevdiyiniz yeməyin, dənizin qoxusunu, xoşunuza gələn və ya da gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beynə heç zaman çata bilməzlər. Səs və görüntüdə olduğu kimi beyninizə çatan yalnız elektrik siqnallarıdır. Nəticə olaraq, doğulduğunuz andan etibarən beyninizdən xaricdəki obyektlərə aid bildiyiniz qoxular duyğu orqanlarınız vasitəsi ilə hiss etdiyiniz elektrik qıcıqlarıdır.

Bir ocağın işığını və istiliyini hiss etdiyimiz anda belə beynimizin içi qapqaranlıqdır və temperaturu heç dəyişmir.

Eləcə də insan dilinin ön tərəfində dörd fərqli tip kimyəvi qəbuledici var. Bunlar duzlu, şirin, turş və acı dadlarına uyğun gəlir. Dad qəbuledicilərimiz bir sıra kimyəvi prosesdən sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə çatdırır. Bu siqnallar da beyin tərəfindən dad hesab edilir. Şokoladı ya da sevdiyiniz meyvəni yediyinizdə hiss etdiyiniz dad, elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Beyninizin xaricində olan əşyaya isə əsla çata bilməzsiniz; şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Beyninizə gedən dadbilmə sinirləri kəsilsə, onda yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz, dadbilmə hissinizi tamamilə itirərsiniz.

Burada qarşımıza daha bir həqiqət çıxır. Bir yeməyi daddığımızda bir başqasının o yeməkdən aldığı dadın və ya bir səsi eşitdiyimizdə başqa birisinin eşitdiyi səsin bizim qəbul etdiklərimiz ilə eyni olduğundan əmin olmaq mümkün deyil. Bu gerçəklə əlaqədar Linkoln Barnet (Lincoln Barnett) belə deyir:

“Bir insanın qırmızını görməsi, ya da Do notunu eşitməsinin başqası ilə eyni olub-olmadığını bilmək mümkün deyil.”

Toxunma hissimizə gəldikdə də fərqli bir şeyin olmadığını görürük.. Bir cismə toxunduğumuzda xarici dünyanı və əşyaları tanımağımıza səbəb olan məlumatlar, dəridəki sinirlər vasitəsilə beyinə çatdırılır. Toxunma hissi beynimizdə meydana gəlir. Zənn edildiyi kimi toxunma hissini qəbul etdiyimiz yer barmaq uclarımız ya da dərimiz deyil, yenə də beynimizdəki toxunma mərkəzidir. Bizlər əşyalardan gələn elektrik qıcıqlarının beynimizdə şərh olunması nəticəsində sərtlik və ya yumşaqlıq, isti və ya soyuq kimi hisslər qəbul edir və bunları bir-birindən fərqləndiririk. Hətta bir cismi tanımağımızı təmin edən ən incə təfərrüatı belə bu qıcıqlar sayəsində əldə edirik. Bu mühüm həqiqətlə bağlı B. Rassl (B. Russel) və L. Vitgeynşteyn (L. Wittgeinstein) kimi məşhur filosofların düşüncələri isə belədir:

“…bir limonun həqiqətən var olub olmadığı və hansı müddət ərzində var olduğunu hesaba çəkmək və araşdırmaq mümkün deyil. Limon yalnız dillə aydın olan dad, burunla alınan qoxu, gözlə görülən rəng və formadan ibarətdir və yalnız bu xüsusiyyətlər elmi araşdırmanın və mühakimənin mövzusu ola bilər. Elmin obyektiv dünyanı bilməsi əsla mümkün deyil.”

Yəni maddi dünyanın əslinə çatmağımız qeyri-mümkündür. Əlaqədə, təmasda olduğumuz bütün əşyalar, əslində görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Müvafiq mərkəzlərində məlumatları şərh edən beynimiz, həyatımız boyu maddənin bizim xaricimizdəki “əsli” ilə deyil, beynimizdəki kopiyaları ilə münasibətdə olur. Biz isə bu kopiyaları xaricimizdəki həqiqi maddə zənn edərək yanılırıq.