Həyatın kosmosdan gəlməsi mümkün deyil

Həyatın kosmosdan gəlməsi mümkün deyil

Darvin XIX əsrin ortalarında təkamül nəzəriyyəsini irəli sürdükdə həyatın mənşəyindən, yəni ilk canlı hüceyrələrinin necə əmələ gəldiyindən heç bəhs etməmişdi. XX əsrin əvvəllərində həyatın mənşəyini araşdıran elm adamları isə təkamül nəzəriyyəsinin əsassızlığını anlamağa başladılar. Canlılardakı mürəkkəb və mükəmməl quruluş bir çox tədqiqatçının yaradılış gerçəyini görmələri üçün zəmin hazırladı. Həyatın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi “təsadüf məhsulu” olmadığı riyazi hesablamalar, elmi təcrübə və müşahidələrlə sübut edildi.

 

Fred Hoylun həyatın mənşəyi ilə bağlı iddiaları

 

Təsadüf iddiasının təkzib edilməsi və canlıların yaradıldığının məlum olması ilə bəzi elm adamları həyatın mənşəyini kosmosda axtarmağa başladılar. Fred Hoyl (Fred Hoyle) və Çandra Uikramasinkh (Chandra Wicramasinghe) bu iddianı ortaya atan elm adamları arasında ən məşhurlarıdır. Bu iki alim birlikdə qurduqları ssenaridə kosmosda həyat üçün “mayalandırmanı həyata keçirən” bir güc olduğunu irəli sürdülər. Hoyl-Uikramasinkhin ssenarisinə görə, bu toxumlar kosmosun boşluğunda yerləşən qaz və toz buludları və ya meteorit ilə daşınaraq yer üzünə gətirilmiş və burada həyatı əmələ gətirmişlər.

 

Frensis Krik də bu yolu davam edir

 

DNT-nin varlığını kəşf edən, elmi fəaliyyəti ilə məşhurlaşaraq Nobel mükafatına layiq görülən Frensis Krik də həyatın mənşəyini kosmosda axtaran alimlərdəndir. Krik canlıların yer üzündə təsadüflərlə əmələ gəlməsinin ağılsız düşüncə olduğunu anlamış, lakin bu dəfə də yer üzündəki həyatın “yadplanetli” ağıllı varlıqlar tərəfindən əmələ gətirildiyini iddia etmişdir.

 

Göründüyü kimi, həyatın kosmosdan gəlməsi fikri elm dünyasının vacib şəxslərini də təsiri altına almışdır. Bu gün həyatın mənşəyindən bəhs edən müxtəlif məqalə və mübahisələrdə bu məsələ tez-tez gündəmə gətirilir. Həyatın başlanğıcını kosmosda axtaran dünyagörüşünü iki əsas baxış tərzinə görə nəzərdən keçirmək məsələyə aydınlıq gətirəcəkdir.

 

Elmi uyğunluq

 

Kosmosdakı qaz və toz buludları ilə Yerə daşınmış meteoritlərin tədqiq edilməsi həyatın kosmosda başladığı tezisini dəyərləndirmək üçün bir açardır. Çünki bu kosmik cisimlərdə həyatın kosmosda mayalanma yolu ilə dünyadankənar varlıqlar tərəfindən əmələ gətirildiyi iddiasını dəstəkləyən və ya təsdiq edən heç bir dəlilə rast gəlinməmişdir. Bu mövzuda bu günə qədər aparılan bütün araşdırmalar nəticəsində bu cisimlərdə bəzi çox bəsit üzvi maddələrdən başqa, canlılarda mövcud olan hər hansı mürəkkəb molekul müəyyən edilməmişdir. Bu cisimlərdə müəyyən edilən üzvi maddələrin həyat üçün heç bir əhəmiyyəti yoxdur.

 

Bundan əlavə, bu maddələrdə canlıları əmələ gətirən molekullardakı asimmetriya da yoxdur. Məsələn, canlıların əsasını təşkil edən zülalları əmələ gətirən amin turşuları nəzəri cəhətdən sağ əlli və ya sol əlli olaraq iki yerə ayrılırlar. Ancaq zülalların əmələ gətirilməsində yalnız sol əlli amin turşuları iştirak edir. Meteoritlərdəki bəsit üzvi molekullarda (canlıların quruluşundakı kimyəvi molekullar) isə bu cür nizamlı quruluş deyil, nizamsızlıq var. (Massimo Pigliucci, Rationalists of East Tennessee Book Club Discussion, Oktyabr 1997)

 

Kosmosdakı cisimlərin yer üzünə həyat gətirməsi ilə bağlı tezisin qarşısında duran maneələr bununla bitmir. Bu tezisi müdafiə edənlər bu cür prosesin bu gün nə üçün baş vermədiyini açıqlaya bilmirlər. Çünki  meteorit yağışı bu gün də davam edir. Ancaq bu cisimlərin araşdırılması “mayalanma” tezisini təsdiq edəcək dəlil üzə çıxarmır.

 

Bu tezisi müdafiə edənlərin qarşısındakı digər mühüm sual da budur: həyatın kosmosda bir şüur tərəfindən meydana gətirilərək Yerə daşınması qəbul edilsə belə, yer üzündəki milyonlarla müxtəlif canlı növü necə əmələ gəlmişdir? Bu çıxılmaz vəziyyət həyatın kosmosda başladığını iddia edənlərin qarşısında duran ən böyük əngəldir.

 

Bütün bunlarla bərabər, kainatda yer üzündəki həyatı əmələ gətirdiyi iddia edilən hər hansı bir sivilizasiya və ya varlığa aid izə də rast gəlinməmişdir. Xüsusilə son 30 il ərzində sürətlə irəliləyən astronomik müşahidə və araşdırmalar nəticəsində kainatda Yerdə həyat əmələ gətirəcək bir sivilizasiyaya aid heç bir iz tapılmamışdır.

 

“Yadplanetlilər” tezisinin arxa planı

 

Göründüyü kimi, yadplanetli varlıqların yer üzündə həyatı əmələ gətirdiyi tezisi heç bir elmi təmələ əsaslanmır. Bu tezisi təsdiq edən və ya dəstəkləyən heç bir tapıntı yoxdur. Ancaq bu tezisi ortaya atan elm adamları belə bir axtarışa, əslində, mühüm bir həqiqəti gördükləri üçün başlamışlar.

Yer üzündə həyatın başlanğıcını təsadüflərdə axtaran nəzəriyyənin müdafiə edilməsinin heç bir mənası yoxdur. Canlıların quruluşu və hüceyrədəki komplekslik ancaq şüurlu yaradılışı göstərir.

 

Burada digər bir cəhət də var: həyatın mənşəyini kosmosda axtaran elm adamları həyatın başlanğıcı mövzusuna yeni şərh gətirmirlər. Məlumdur ki, təkamül nəzəriyyəsi həyatın yer üzündə təsadüflər nəticəsində ortaya çıxdığını müdafiə edir. Hoyl, Uikramasinkh, Krik kimi alimlər də bu cür təsadüfi əmələ gəlmənin mümkün olmadığını gördükdə, həyatın kosmosdan gəlməsi fikrinə üz tutublar. Həyatın təsadüflər nəticəsində meydana gəlməsinin qeyri-mümkünlüyü yer üzünə aid olduğu kimi, kosmosa da aiddir və şüurlu yaradılışı qəbul etmək məcburiyyəti yenə də ortaya çıxır.

 

Ancaq bu şüurlu yaradılışın mənbəyi barədə ortaya atdıqları “yadplanetlilər” tezisi çox ziddiyyətli  və mənasızdır. Müasir fizika və astronomiya kainatımızın bundan 12-15 milyard il əvvəl “Big Bang” adlandırılan böyük partlayışla meydana gəldiyini aşkar etmişdir. Kainatdakı hər cür maddi varlıq da bu zaman ərzində ortaya çıxmışdır. Beləliklə, Yerdəki həyatın mənşəyini kainatdakı başqa bir maddi mənşəli həyatda axtaran düşüncə kosmosda mövcud olduğunu iddia etdiyi həyatın necə meydana gəldiyini də açıqlamalıdır. Bu cür yanaşma məsələni həll edilməməsinə səbəb olur.

 

Göründüyü kimi, “kosmosdan gəlmə” tezisi təkamül nəzəriyyəsini dəstəkləmir, əksinə, təkamülün mümkün olmadığını üzə çıxarır və həyat üçün şüurlu yaradılışdan, yəni bütün canlıların Allah tərəfindən yaradıldığının başqa bir açıqlama olmayacağını qəbul edir. Bu tezisi ortaya atan elm adamları doğru əsasa istinad edərək səhv yola düşmüş və yaradılışın mənbəyini kosmosda axtarmağa çalışmışlar.

 

Ancaq şüurlu yaradılışın mənbəyinin “yadplanetlilər” olmadığı açıqdır. Bir anlıq yad planetlilərin olduğunu fərz etsək belə, onların özlərinin də təsadüfən ortaya çıxmadıqları, ancaq şüurlu şəkildə yaradıldıqları aydındır (çünki fizika və kimya qanunları kainatın hər yerində eynidir və bu qanunlar həyatın “təsadüfən” əmələ gəldiyini təsdiqləmir). Bu da kosmosu, kainatı və onların içindəki hər cür varlığı hər şeyin fövqündə, heç nəyə tabe olmayan, maddədən və zamandan asılı olmayan, üstün elm, qüdrət və ağıl sahibi Allah tərəfindən yaradıldığını göstərir.