Küləklərdəki bilinməyən hikmətlər

Küləklərdəki bilinməyən hikmətlər

Həyatımız boyu hamımızın şahid olduğu, çoxumuz üçün adi hadisə olan küləklər əmələ gəlməsi, təsiri və nəticəsi ilə uca Allah’ın bir çox hikmətlə yaratdığı böyük nemətdir. Allah Quranda küləyi də bütün digər yaradılış dəlilləri kimi insanların düşünməsi və şükür etməsi üçün yaratdığını bildirmişdir:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allah’ın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində başa düşən insanlar üçün əlamətlər vardır. (Bəqərə surəsi, 164)

Küləklər necə əmələ gəlir?

Havanın isinməsi isinən kütlənin genişlənməsinə, beləliklə, hərəkətə keçərək yuxarı qalxmasına səbəb olur. Ancaq yüksələn hava kütləsi atmosferdən kənara çıxa bilmədiyinə görə əvvəlcə şaquli, sonra üfüqi istiqamətdə hərəkət edir. İsinən hava kütləsinin yerini dəyişməsi təzyiqin əmələ gəlməsinə səbəb olur. Lakin atmosfer təzyiqi dünyanın hər yerində eyni deyil, çünki yerin cazibə qüvvəsinə, temperatura və ərazinin hündürlüyünə görə fərqlənir. Bu şəkildə, yüksək və alçaq təzyiq zonaları formalaşır. Atmosferdəki yüksək təzyiq zonalarını təpələrə, alçaq təzyiq zonalarını isə çuxurlara bənzətmək olar. Hava axıcı olduğuna görə, cazibə qüvvəsinin təsiri ilə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru, sanki yamaclardan axan su kimi hərəkət edir və küləkləri meydana gətirir.

Uca Rəbbimiz küləkləri Quranda müjdəçi adlandırır:

Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Məgər Allah’la yanaşı başqa bir tanrımı var?! Allah Ona şərik qoşduqlarından ucadır! (Nəml surəsi, 63)

Allah’ın müjdəçi adlandırdığı küləklərin canlıların həyatına da böyük təsiri var.

Havanın temperaturuna küləyin təsiri

Quru ilə su arasındakı temperatur və təzyiq fərqindən əmələ gələn, isti fəsillərdə rast gəlinən meh temperatura təsir edən küləklərdəndir. Gündüz saatlarında havanın temperaturu yüksəldikdə quru hissələr çox isindiyinə görə atmosfer təzyiqi düşür. Bu şəkildə, yüksək təzyiq mərkəzi olan dənizdən alçaq təzyiq mərkəzi olan quruya doğru əsən külək havanı sərinlədir. Burada diqqətçəkən xüsus budur ki, uca Allah’ın hikməti olaraq bu külək isti fəsildə, günün qızmar saatlarında dənizdən əsərək havanı sərinlədir. Gecələr isə hava onsuz da sərin olduğuna görə, qurunun daha artıq sərinləməsinə ehtiyac yoxdur. Ona görə, gecələr bu mexanizm tərsinə işləyir, qurudan dənizə meh əsir. Yay aylarında dənizdən quruya əsən brizlər buna misaldır.

Bəzi küləklər isə əsdikləri ərazinin  temperaturu ilə müqayisədə istidir. Fyon küləkləri bunun ən bariz nümunəsidir. Bu küləklər yuxarıya qalxan hava kütləsinin bir dağı aşaraq digər yamacda alçalması ilə əmələ gəlirlər. Hava kütləsi yamac boyu alçalarkən hər 100 m-də 10ºC isinir. Maraqlıdır ki, digər yamaca isti, quru külək kimi enən bu hava kütlələri Alp dağlarının şimal yamaclarında, Türkiyənin şərqi Qaradəniz və Toros dağlarının dənizə baxan tərəfində və bənzər şəraitə malik dağlıq sahələrdə, başqa sözlə, dünyanın sərin zonalarında əsir və buradakı sərt, soyuq iqlimi yumşaldır.

Küləklər yağış yağdırır

Uca Allah Quranın bir çox ayəsində (Əraf surəsi 57, Hicr surəsi 22, Furqan surəsi 48-49, Nəml surəsi 63, Rum surəsi 46, Rum surəsi 48, Fatir surəsi 9, Zəriyət surəsi 1-3) küləyin yağışın əmələ gəlməsinə təsirini, yağışın əmələgəlmə mexanizmini hərtərəfli izah edir. Yağışın xam maddəsi olan su damlaları külək  vasitəsilə atmosferə qalxır və buludları meydana gətirirlər.

Yer kürəsində atmosfer dövranında müntəzəm əsən passatlarla qərb küləkləri yer üzünün müxtəlif zonalarının iqliminə və yağıntısına təsir edir. Bu küləklər rütubətli hava kütlələrini sürükləyir və havanın yüksələrək soyumasına və içindəki su buxarının sıxlaşaraq yağış şəklində yer üzünə düşməsinə səbəb olurlar.

Təqribən 30º şimal və cənub en dairələri arasında əsən passatların qarşısında sürüklədiyi hava daima yüksələrək soyuyur və buna görə, ekvatorial qurşaqda bol yağış yağır. Qərb küləkləri isə mülayim quru hissələrin qərb sahillərinə rütubətli dəniz havası gətirir, bu əraziləri mülayim, yağışlı edir. Belə ki, uca Allah Quranda buludları küləklərin önündə sürüklədiyini belə xəbər verir:

Buludları hərəkətə gətirən küləkləri göndərən Allah’dır! Biz (o buludları) quru bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Ölüləri) diriltmək də belədir! (Fatir surəsi, 9)

Qərb küləkləri kimi rütubətli dəniz havasını daşıyan digər külək növü mussonlardır. Cənubi və şərqi Asiya ölkələri, Qvineya körfəzi, Şərqi Afrika, Meksika körfəzi və Mərkəzi Amerika sahillərində əsən bu küləklər quru ilə dənizlər arasındakı temperatur və təzyiq fərqinə görə fəsillərə görə dəyişirlər. Yayda quru, qışda dəniz istiqamətində əsən bu küləklər yayda dənizdən quruya rütubətli hava gətirirlər. Buna görə, bir çox musson ölkələrində kənd təsərrüfatının əsasını bu yay yağışları təşkil edir. Uca Allah küləklər haqqında Quranda belə bildirir:

Gecə və gündüzün bir-birini əvəz etməsində, Allah’ın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri yönəltməsində ağılla düşünənlər üçün dəlillər vardır. (Casiyə surəsi, 5)

Külək enerji mənbəyidir

Dünyadakı enerji tələbatı hər il 4-5% artır. Lakin elektrik enerjisi hasilatında istifadə olunan mineral yanacaq mənbələri getdikcə tükənir. Hətta bəzi elm adamları 2030-cu ildə neft yataqlarının ehtiyacı təmin etməyəcəyini düşünürlər. Bundan əlavə, sənaye inqilabından etibarən atmosferdəki CO2 (karbondioksid) miqdarı təqribən 30% artıb. Bu vəziyyət mineral yanacaqdan istifadənin atmosferə vurduğu ziyanı da göstərir. Odur ki, külək enerjisi bərpa olunan enerji növləri arasında ən qabaqcıl və iqtisadi cəhətdən ən sərfəli enerji növüdür. Təbiətə tamamilə uyğun olduğuna görə, külək turbinləri mineral yanacaq kimi zəhərli qazlarla atmosferi çirkləndirmir. Tükənməyən enerji mənbəyi olduğu kimi, ən ucuz alternativ enerji resursudur. Uyğun küləkli ərazilərdə ənənəvi mineral yanacaq və nüvə enerjisi ilə asanlıqla rəqabətə girə bilir. Külək texnologiyası inkişaf edib istifadə sahələri artdıqca maya dəyəri də aşağı düşür. Külək turbinləri qurulduqları sahənin ancaq 1%-dən istifadə edirlər, ona görə qalan ərazidə kənd təsərrüfatı işləri həyata keçirmək mümkündür. Bu gün dünyanın ümumi külək potensialı ildə 53000 teravatt/saatdır. Bu rəqəm bütün dünyanın elektrik istehlakından 4 dəfə çoxdur. Son illərdə külək turbinlərinin artması enerjinin böyük miqdarının bu elektrik stansiyalarında hasil ediləcəyini göstərir. Uca Allah Quranda küləyi hz. Süleymanın əmrinə verdiyini və bu enerji ilə bərəkət yaratdığını bildirir. Ola bilsin ki, Allah hz. Süleymana külək enerjisindən istifadə etmə texnikasını ilham etmişdi (doğrusunu Allah bilir).

Güclü əsən küləyi Süleymana (ram etdik). Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə tərəf əsərdi. Biz hər şeyi bilirik. (Ənbiya surəsi, 81)

Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq. (Səba surəsi, 12)

Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. (Sad surəsi, 36)

Küləklər yelkənli gəmilər dövründə də mühüm rol oynayıb. Passatların bəzi dillərdə “ticarət küləkləri” adlandırılmasının səbəbi də budur. Dövrümüzdə də gəmilər küləyin itələmə qüvvəsindən istifadə edir.

Küləklərin mayalama xüsusiyyəti var

Küləklər yağış damlasını əmələ gətirən kristalları daşıyaraq buludları, toxumların daşınması ilə də bitkiləri mayalandırır.

Biz küləkləri dölləndirici kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. (Belə olmasaydı,) siz onu yığıb saxlaya bilməzdiniz. (Hicr surəsi, 22)

Küləklərin müəyyən ölçüdə olmasının hikmətləri

Küləklər müəyyən ölçüdə əsdiklərinə görə yağış yağan musson ölkələrində yağışların az yağdığı və ya gecikdiyi illərdə qıtlıq olmur.

Küləkləri rəhməti önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki, onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara və necə-neçə insanlara ondan içirdək. (Furqan surəsi, 48-49)

Küləklər uca Allah’ın müəyyən etdiyi ölçüdən sürətli əssə, daima fırtınalar meydana gələrdi. Xüsusilə, tropik qurşaqda rast gəlinən və sürəti saatda bir neçə yüz kilometrə çatan spiralvarı hava hərəkətləri formasındakı tayfunlar məhvedici təsiri ilə böyük zərərlərə səbəb olardı. Yaxın dövrlərdə ABŞ-ın şərqində əsən qısamüddətli İsabel qasırğası 21 nəfərin ölümünə, 3.5 milyon nəfərin elektriksiz qalmasına səbəb olmaqla yanaşı, su basqınları ilə minlərlə insanın evini tərk etməsi ilə nəticələnmişdir. Uca Allah istəsə, daş yağdıran fırtınalı küləklər göndərməyə qadir olduğunu Quranda bildirir:

Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz. (Mülk surəsi, 17)

Rəbbimiz Ad qövmü kimi bəzi inkarçı qövmləri bu cür küləklərlə həlak etmişdir:

Adın (Ad qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman Biz onların üstünə hər şeyi qurudub məhv edən  bir külək göndərmişdik. (Zəriyət surəsi, 41)

Küləklər müəyyən ölçüdə əsməsəydi, sərinlədici deyil, dondurucu soyuq və ya səhralarda əsən hamsin, sirokko küləkləri kimi isti-quraq ola bilərdi. Hər iki halda, bitkilər yaşaya bilməz, bitkilər aləminin olmaması isə bütün canlılar aləminin məhvinə səbəb olardı.

Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər. (Ali-İmran surəsi, 117)

İqlimlərin mövcud xüsusiyyətləri də Rəbbimizin küləklər vasitəsilə bizə verdiyi nemətdir.

Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar. Həqiqətən, bunda çox səbir edən, çox şükür edən hər bir kəs üçün ibrətlər vardır! (Şura surəsi, 33)

Ancaq bunlardan heç biri, Allah’ın izni ilə, baş vermir, müəyyən ölçüdə əsən külək uca Rəbbimizin neməti kimi bizə saysız-hesabsız fayda verir.