Orqanizmimizdə həyati əhəmiyyətə malik nasoslar

Orqanizmimizdə həyati əhəmiyyətə malik nasoslar
  • Yer üzünün ən mükəmməl nasosu olan ürək necə işləyir?
  • Hüceyrələrimizin enerji kimi istifadə etdiyi ATF harada və necə hasil edilir?
  • Mədəmizdəki nasosların funksiyası nədir?

Dövrümüzdə texnologiyanın ən əsas komponentlərindən biri nasoslardır. Quru, dəniz və hava nəqliyyatı vasitələrinin motorları nasoslar sayəsində işləyir. Neft, qaz kimi enerji mənbələrinin yerin dərinliklərindən çıxarılmasında, emalında və daşınmasında da nasoslar mühüm vasitədir. Qida mənbələrimizin əsasını təşkil edən taxıl da nasoslarla işləyən suvarma kanalları ilə sulanır. Odur ki, dövrümüzdə nasoslar olmadan həyatımız çətinləşər. Ancaq həyat üçün böyük əhəmiyyətə malik nasoslar sadəcə texnoloji məhsullarla məhdudlaşmır. Bütün dünyada istifadə edilən mexaniki nasoslardan daha çox nasos orqanizmimizdə yerləşir. Hər biri həyati əhəmiyyətə malik olan mexanizmlərdən ibarət bu nasoslar bütün mexaniki nasoslardan daha kompleksdir.

Allah insan orqanizmində yerləşən nasoslarda iki əsas mexanizm yaradıb. Bu mexanizmlərdən biri qanın bütün orqanizmə daşınmasıdır. Digəri hüceyrələrin daxili və xarici mühitinin ion mübadiləsini təmin etməkdir.

Bütün həyatımız boyu fasiləsiz işləyən ən böyük nasos: ürək

Yer üzünün ən mükəmməl quruluşa malik nasosu, hal-hazırda, sinənizin sol tərəfində işləyir. Ürək mükəmməl yaradılış xüsusiyyətləri və fasiləsiz döyünməklə 1 gündə orqanizmimizdəki qanı 1000 dəfə dövr etdirir.

Ürək təqribən yumruğunuz böyüklüyündə ətdən ibarət nasosdur. Ancaq qüvvəsini düşündükdə dünyanın ən güclü, ən uzunömürlü, ən sərfəli cihazıdır. Bunun bir çox səbəbi var. Əvvəla, ürək işləyərkən çox böyük qüvvə sərf edir. Bu qüvvə sayəsində ürək qanı 3 metr hündürlüyə qədər qaldıra bilir. Ürəyin iş qabiliyyətini belə bir misalla daha yaxşı açıqlaya bilərik. Ürək bir saatda orta ölçülü avtomobili yerdən təqribən 1 metr hündürlüyə qaldırmağa yetəcək qədər enerji meydana gətirir.

Ancaq ürəyin ən əsas xüsusiyyəti fasiləsiz işləməsidir. Ürək dəqiqədə 70 dəfə və ildə təqribən 37 milyon dəfədən çox hərəkət edən əzələdir. Bir insanın ürəyi həyatı boyu təqribən 2.5 milyard dəfə döyünür və təqribən 300 milyon litr qan vurur. Bu isə 10.000 ədəd neft çənini dolduracaq maye miqdarına bərabərdir. Ürək biz yatdıqda belə saatda təqribən 340 litr qan vurur. Başqa sözlə, ürək bir avtomobilin yanacaq çənini saatda 9 dəfə doldura bilər. Fiziki hərəkətlər zamanı, məsələn, qaçarkən ritmini daha da artırır və saatda təqribən 2270 litr qan vurur.

Ürək hər döyündükdə müəyyən miqdarda qanı böyük qüvvə ilə orqanizmin hər tərəfinə vurur. Bu əzələnin qüvvəsini anlamaq üçün yumruğunuzu saniyədə bir dəfə olmaqla nə qədər sıxa biləcəyinizi sınayın. Qısa müddətdə yorulacaq və davam edə bilməyəcəksiniz. Barmaqlarınızı və əlinizi hərəkət etdirən əzələlər bir neçə dəqiqədə yanmağa və ağrımağa başlayacaq. Buna baxmayaraq, ürək bir dəqiqə belə dincəlmədən ömür boyu gərilib-boşalır.

Ürəyin başqa bir xüsusiyyəti isə dəyişən şərtlərə görə lazımi qədər qan vurmasıdır. Normal şərtlərdə ürək dəqiqədə təqribən 70 dəfə döyünür. Yorucu gimnastik hərəkətlər zamanı əzələlərimizin daha çox oksigenə ehtiyacı olur. Bu zaman ürək iş ritmini artırır, dəqiqədə 180 dəfə döyünərək 5 dəfə artıq qan vurur. Normal şərtlər altında bu sürətlə və fasiləsiz işləyən bir cihaz bir müddət sonra xarab olar. Ürək isə illər boyu heç vaxt ritmini itirmədən fəaliyyətini davam etdirir.

Ürək bir mayeni digər tərəfə vuran bəsit nasos deyil. Eyni anda iki müxtəlif mayeni iki müxtəlif istiqamətə ötürən çox xüsusi yaradılışa malikdir. Normal nasoslar kimi yeksənəq iş ritmi yoxdur. Dəyişən vəziyyətə görə hansı sürətlə işləyəcəyini tənzimləyir. Bu xüsusiyyətlərini nəzərə aldıqda ürəyi içində mükəmməl kompyuter olan xüsusi yaradılışa malik nasosa bənzədə bilərik.

Ürəyin digər xüsusiyyəti qanın içində axıcı maddələri nasoslaya bilməsidir. Orqanizmə yeridilən dərmanlar və ya qəbul edilən qida maddələri qana qarışdıqda ürəklə nasoslanaraq bütün orqanizmə göndərilir. Bu yolla hüceyrələr qidalanır və xəstəliklər sağalır.

Hüceyrələrimizdəki nasoslar

Canlıları təşkil edən molekulların çoxu müsbət və mənfi yüklü ionlardan ibarətdir. Canlıların həyatı bu ionlardan asılıdır. Hüceyrələr arasında xəbərləşmə (impuls ötürülməsi), hərəkət (əzələ gərilməsi), enerji hasilatı, hüceyrənin bütövlüyünün qorunması kimi ehtiyaclar ancaq ionların hərəkəti ilə təmin edilir. İonlar, əsasən, elektrik yüklərini tarazlıqda saxlamaq üçün hərəkət edirlər.

Hüceyrə qılafından ionların keçməsi ionları tanıyan və ancaq onlara məxsus nasoslar sayəsində mümkündür. Hüceyrədaxili maye xaricdəki mayedən fərqli tərkibə malik olduğuna görə, ionlar bu mayelər arasında müvazinət qurmaq üçün keçid edirlər. İonların keçdiyi kanallar hüceyrə qılafında maye məsamə formasına düşürlər. Beləliklə, bəzi ionların, xüsusilə natrium, kalium, kalsium və xlorun hüceyrənin içinə girib-çıxmasına imkan verirlər. İon kanallarının ən əsas xüsusiyyətlərindən biri də müxtəlif ionları seçə bilmələridir.

Aparılan tədqiqatlarda məlum olub ki, ion kanalları həmişə açıq olmurlar, qapı və ya elektrik açarı kimi işləyərək ancaq bir ion növünün keçməsinə izin verirlər. Bununla yanaşı, ionları daşımaq üçün enerji tələb edən zülal “nasos”larından istifadə edilir. Ən çox tanınan nasos sistemlərindən biri natrium-kalium nasosudur. Hüceyrə qılafında kanal əmələ gətirən zülal hüceyrənin ümumi enerji hasilatının 1/3-indən yanacaq kimi istifadə edir. Bu zülal fasiləsiz hüceyrə xaricinə natrium ionlarını vurur, bunların əvəzində isə kalium ionlarını qəbul edir. Hər nasoslama prosesində hüceyrə xaricinə 3 natrium (Na+) göndərilir, hüceyrənin daxilinə 2 kalium (K+) qəbul edilir. Beləliklə, bu nasos sayəsində hüceyrənin daxilində natrium (Na+) və kalium (K+) ionlarından asılı olaraq fərqli sıxlıqlar əmələ gəlir. Orqanizmdəki bütün hüceyrələrdə yerləşən bu nasoslardan hüceyrənin daxilində ion sıxlığını təmin etmək və hüceyrənin həcmini tənzimləmək üçün istifadə edilir.

Əlbəttə, bir atomun başqa bir atomu tanıyaraq içəri daxil olmasına izin verməsi möcüzəvi haldır. Şüursuz atomların sanki şüurlu qapıçılar kimi belə bir funksiyanı xətasız yerinə yetirməsi mümkün deyil. Atomların birləşib təsadüfən bu cür həyati əhəmiyyətli funksiyanı meydana gətirdiyini iddia etmək ağıldan kənardır. Ağıllı, vicdanlı hər insan buradakı nizamın Allah`ın əsəri olduğunu, Allah`ın hər şeyin yeganə hakimi olduğunu anlayar. Quranda Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın kitabda olmasın (Ənam surəsi, 59) ayəsi ilə bildirildiyi kimi, Allah hər şeyi bilir.

Mitoxondrilərdəki nasoslar

Oturduğumuz yerdən qalxıb yerimək, ayaq üstə dayanmaq, nəfəs almaq, gözlərimizi yumub-açmaq, qısası, yaşamağımız və bütün hüceyrələrimizin işləməsi üçün orqanizmimiz enerji kimi ATF-dən istifadə edir. ATF ehtiyacı təqribən hər insanın çəkisi qədərdir. Yəni 70-80 kq çəkidə insanın təqribən bu miqdarda ATF-ə ehtiyacı var. Bu miqdar fiziki hərəkətlərlə əlaqədar olaraq arta bilər. Halbuki, bədənimizdəki ATF miqdarı cəmi 100 qramdır. Bədənimiz çox az miqdardakı ATF-i Allah`ın yaratdığı mükəmməl sistem sayəsində hasil edir. Bu sistemin mərkəzi hüceyrələrin içində yaradılmış mitoxondridir.

Enerji stansiyası olan mitoxondrilər enerji ehtiyacımızın təqribən 95%-ni təmin edir, qalan 5% isə digər bəzi biokimyəvi reaksiyalardan əldə edilir. Mitoxondrinin həyati əhəmiyyətini bu nümunə ilə anlamaq olar: birbaşa biokimyəvi reaksiyalarla enerji əldə etmək yaşayış yerlərimizi batareyadan əldə edilən enerji ilə işıqlandırmağa bənzəyir. Əlbəttə, bu, zəif enerjidir və məhduddur. Halbuki, mitoxondri evimizin və ya digər yaşayış yerlərimizin elektrikini təmin edən su elektrik stansiyaları kimidir. Bu su elektrik stansiyasının enerji istehsal etməsi xüsusi nasoslarla baş verir. Mitoxondrilərdə ATF istehsalında iştirak edən nasoslar orqanizmin digər orqanoidlərindəki nasoslardan fərqli olaraq işləyərkən ATF-dən istifadə etmirlər. İstehsal üçün lazımi enerjini də mitoxondrinin daxili qılafındakı elektron axını zamanı hasil olan enerji ilə təmin edirlər. Allah`ın yaratdığı bu sistem sayəsində çox qənaətlə işləyən bu nasoslar mitoxondrinin bol miqdarda ATF istehsal etməsinə kömək edirlər. ATF istehsalı üçün mitoxondri qida maddələrindən istifadə edir. Ancaq enerji xammalı kimi istifadə olunan qida maddələri kiçik hissəciklərə parçalanmalı, yəni həzm olunmuş qidaya çevrilməlidir. Kiçik hissələrə parçalanmış qidalar hüceyrə tərəfindən tutulub mitoxondriyə gətirilir. Mitoxondri bu xammaddələri ən kiçik molekullarına qədər parçalayır, onların içindəki enerjini ortaya çıxarır və hüceyrələr üçün yanacaq olan ATF-ə çevirir. Mitoxondridə enerji istehsalı zamanı kompleks kimyəvi reaksiyalar gedir.

Bütün bu möcüzəvi proseslər bir həqiqəti göstərir: mitoxondri bütün canlıları təşkil edən saysız-hesabsız detal kimi hər şeyi ən incə təfərrüatına qədər bilən, elmi ilə hər şeyi əhatə etmiş (Ənam surəsi, 80) Allah`ın əsəridir.

Mitoxondrinin enerji istehsal etmək üçün elektronlardan istifadə etməsi qida maddələrinin həzm edilməsi ilə mümkündür. Həzm üçün isə nasoslara ehtiyac var.

Mədəmizdəki nasoslar

Nasoslar sadəcə hüceyrənin içində və xaricində deyil, orqanların içində də yüksək qatılıqda ion olmasını təmin edir. Məsələn, qidaların həzm olunduğu mədəmizdə turşulu mühit var. Bu turşulu mühit həm həzm prosesinə kömək edir, həm də qidalarla gələn mikroorqanizmlərin bağırsağa keçməsinin qarşısını alır. Bu yolla bağırsaqlar qidalarla qəbul edilən mikroorqanizmlərdən qorunur. Mədə turşusu ülgücü belə həzm edir, xalını deşir. Bu turşunun əmələ gəlməsi üçün mədədəki hüceyrələr mədənin daxilinə hidrogen ionları nasoslayır. Beləliklə, mədənin içindəki mayenin pH dəyəri düşür və turşulu mühit hazırlanır. Hidrogen ionu (H+) nasosladığı üçün mədədəki nasoslara zülal nasosu da deyilir. Ancaq həzm təkcə mədədə getmir, hüceyrələr xaricdən qəbul etdikləri maddələri həzm etmək, leykositlər tutduqları bakteriyaları və digər zərərli mikroorqanizmləri məhv etmək üçün güclü turşu hasil etməlidirlər. Bu güclü turşular məhz nasoslar sayəsində hasil edilir.

Lizosomlardakı nasoslar

Hüceyrələrimizdə həzm sisteminə kömək edən digər yaradılış möcüzəsi də lizosomlardır. Bu orqanoidlər hüceyrədə parçalama prosesini həyata keçirirlər. Lizosomun ifraz etdiyi fermentlərlə orqanizmdə bir çox parçalama prosesi baş verir. Bu parçalama prosesi orqanizm üçün əhəmiyyət daşıyır. Çünki xarici mühitdən hüceyrənin içinə daxil olan bakteriyaları, yad cisimləri və bəzi zülalları parçalayır. Ancaq parçalama prosesi üçün turşulu mühit lazımdır. Hüceyrənin daxili isə turşulu deyil. Əgər hüceyrə tamamilə turşulu mühitdən ibarət olsaydı, hüceyrəni təşkil edən əsas orqanoidlər parçalanar və hüceyrə bütövlüyünü itirərdi. Odur ki, Allah hüceyrənin içində ancaq lizosomları turşulu edən sistem yaradıb. Hüceyrənin içində bu kiçik orqanoidin içinin turşulu olması nasoslar vasitəsilə baş verir. Lizosomun membranında yerləşən xüsusi nasoslar xaricdən daxilə hidrogen ionları nasoslayır. Bu, eynilə mədədə olduğu kimi orqanoidin daxilindəki pH dəyərini aşağı salır və turşulu mühit əmələ gətirir. Şüuru və ağlı olmayan lizosomlar Allah`ın üstün ağlının təcəllisi olaraq turşululuq dərəcəsini ehtiyaca görə tənzimləyə bilirlər.

Orqanizmimizdəki sistemlərdən hər hansında bir dəyişiklik olsa, bütün kompleks sistemlərin pozulmasına, funksionallığını itirməsinə, bəzən də orqanizmə zərər verməsinə səbəb olar. Ancaq Rəbbimizin üstün yaratması ilə bu proses daima müntəzəm şəkildə davam edir. Bütün bu proseslər Allah`ın üstün yaratmasındakı nizamın və qüsursuzluğun nümunələrindəndir. Allah insan orqanizmini bir bütün olaraq qüsursuz yaradıb. Bir ayədə belə buyurulur:

Göylərdə və yerdə böyüklük Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Casiyə surəsi, 37)