Yarpaq kəsən qarışqalar:Attalar

Yarpaq kəsən qarışqalar:Attalar

Həşəratlar arasında “ictimai” yöndən seçilən qarışqalar mütəşəkkil koloniyalar şəklində yaşayırlar. Toplu şəkildə yaşadıqlarına görə, koloniyanın müəyyən nizamla hərəkət etməsi qarışıqlıq çıxmaması üçün vacibdir.

Kollektiv iş, hərbi strategiya, qabaqcıl rabitə şəbəkəsi, nümunəvi, rassional iyerarxiya, nizam-intizam, qüsursuz şəhər planlaşdırma...

Bir az əvvəl oxuduğunuz cümlə torpağın üstündə sadəcə girişini gördüyümüz qarışqa yuvalarındakı həyatın qısa xülasəsidir. İnsanlar belə, bu sahələrdə həmişə müvəffəq ola bilmirlər, ancaq qarışqalar bu sahələrdə çox bacarıqlıdırlar. Torpağın altındakı yuvalarında qarışqalar bir tərəfdən qida hazırlayıb tədarük edir, bir tərəfdən balalarına baxır, bir tərəfdən koloniyalarını qoruyur, bir tərəfdən də mübarizə aparırlar. “Dərzilik” edən, “əkinçiliklə” məşğul olan, “heyvan yetişdirən” qarışqa koloniyaları belə var. Aralarında çox güclü rabitə şəbəkəsi olan qarışqaların həyatı ictimai təşkilatlanma və öz sahələrində ixtisaslaşma cəhətdən təhlil edildikdə heç bir canlı ilə müqayisə olunmayacaq üstünlüyə malik olduqları məlum olur.

Qarışqa koloniyalarında hər fərd öz üzərinə düşəni tam yerinə yetirir. Hər fərd üçün əsas məsələ öz istəkləri deyil, koloniyanın davamlılığıdır.

Quranda Allah canlılardakı ibrətlərə diqqət çəkərək bu nümunələr üzərində dərin düşünməyimizi istəyir. Qarışqalar Allah`ın aşağıdakı ayədə diqqət çəkdiyi, düşündürən canlılardan biridir:

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allah`ın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)

Quruluşca bir qərargahdan fərqlənməyən yuvalarını inşa edərkən qarışqalar heç bir təhsil almırlar. Yumurtadan çıxdığı andan etibarən hər qarışqa öz vəzifəsini bilir və heç vaxt itirmədən vəzifəsini icra etməyə başlayır. Yuvanı necə inşa edəcəyini də bilir, qidanı necə tapacağını, sürfələrə necə qulluq edəcəyini, qısası, nə edəcəyini çox yaxşı bilir və dəqiqliklə yerinə yetirir. Bu vəziyyət qarışqaların bu biliklərə hələ dünyaya gəlmədən sahib olduqlarını göstərir. Daha doğrusu, bütün bu məlumatlar yaradıldıqları andan onları yaradan uca Allah tərəfindən qarışqalara ilham edilir.

Yarpaq kəsən qarışqalar

Qarışqalar xarici görünüşlərinə görə nə qədər bir-birlərinə bənzəsələr də, həyat tərzləri və fiziki xüsusiyyətlərinə görə təqribən 8000 növə bölünürlər. Hər növün özünəməxsus xüsusiyyətləri var.

Qarışqa növləri arasında ən maraqlısı yarpaq kəsən qarışqalar kimi tanınan attalardır. Attaların əsas xüsusiyyəti qopardıqları yarpaq parçalarını başlarının üstündə tutaraq yuvalarına daşımalarıdır. Qarışqalar bir-birinə möhkəm birləşmiş çənələrində daşıdıqları öz ölçülərinə görə olduqca böyük yarpaq parçalarının altında gizlənirlər. Odur ki, işçi qarışqalar gün ərzində işlədikdən sonra yuvaya qayıdarkən maraqlı görüntü ortaya çıxır. Belə bir görüntü ilə qarşılaşan adam meşənin torpağının sanki canlanıb yeridiyini düşünər. Attaların bu yarpaqları niyə daşıdıqlarını araşdıran elm adamları qarışqaların onlardan göbələk yetişdirilməsində istifadə etdiklərini kəşf ediblər.

Qarışqalar yarpaqları yeyə bilməzlər, çünki bədənlərində bitkilərdəki sellülozanı həzm edən fermentlər yoxdur. İşçi qarışqalar bu yarpaq parçalarını çeynəyərək bir yığın şəklinə salır və yuvanın yeraltı otaqlarında saxlayır, yarpaqların üstündə göbələk yetişdirirlər. Bu yolla böyüyən göbələklərin tumurcuqlarından özləri üçün lazım olan zülalı əldə edirlər.

Burada attaları gözləyən təhlükə var. Göbələk yetişdirərkən zərərli göbələklər əmələ gələ bilər. Bəs əkin yerlərini ancaq göbələyi əkməzdən əvvəl təmizləyən attalar zərərli göbələklərdən necə qorunurlar? Bunun sirri yarpaqları çeynəyərkən istifadə etdikləri tüpürcəkdə gizlidir. Tüpürcəyin tərkibində zərərli göbələklərin əmələ gəlməsinin qarşısını alan antibiotiklə yanaşı, lazımi göbələyin yetişməsini sürətləndirən maddə var.

Bu cür möcüzəvi prosesi qarışqaların necə həyata keçirdiyini düşündükdə, ağlımıza “nə üçün”, “necə” kimi yüzlərlə sual gəlir. “Nə üçün qarışqalar digərləri kimi normal yolla qidalanmağı deyil, bağbanlıq edərək göbələk yetişdirməyi seçiblər? Bağa qulluq etməyi, göbələk yetişdirməyi haradan öyrəniblər? Yarpaqları çeynəyərək göbələk yetişdirməyin mümkün olduğunu necə kəşf ediblər və bunu sonrakı nəsillərə necə ötürüblər?”

Bu sualların bir cavabı var: qarışqalar gördükləri bütün işləri bacaracaq şəkildə proqramlaşdırılıb yaradılıblar. Bu cür mürəkkəb davranışlar zaman ərzində, mərhələli şəkildə əmələ gələcək bəsit proseslər deyil. Ətraflı biliyin və çox üstün ağılın əsəridir. Şübhəsiz ki, bütün məlumatları yaradıldıqları gündən qarışqalara verən, onları heyrətamiz xüsusiyyətləri ilə yaradan aləmlərin Rəbbi olan Allah`dır.

Attaların çox maraqlı müdafiə metodları var.

Yarpaq  kəsən qarışqa koloniyasının ortaboylu işçiləri, demək olar ki, bütün günlərini yarpaq daşımaqla keçirirlər. Daşıma zamanı özlərini qorumaları çətinləşir, çünki özlərini qorumağa yarayan çənələrində yarpaq daşıyırlar. Bəs özlərini qoruya bilmədiklərinə görə onları kim qoruyur?

Yarpaq daşıyan işçi qarışqaların yanlarında daima daha kiçik boylu işçilərin yeridiyi müşahidə edilib. Əvvəl bunun təsadüf olduğu zənn edilib. Ancaq daha sonra bu hərəkətin səbəbi araşdırılmağa başlanıb. Uzun tədqiqatlardan sonra qarışqalar arasında mütəşəkkil iş olduğu məlum olub.

Yarpaq daşıyan ortaboylu qarışqalar düşmən milçək növünə qarşı maraqlı müdafiə metodundan istifadə edirlər. Düşmən milçək yumurtalarını qoymaq üçün fərqli yer seçib: hər qarışqanın başına yumurta qoyur. Qarışqanın bədənində zaman ərzində inkişaf edib yumurtadan çıxan bala milçək beyninə qədər hərəkət edərək ölümünə səbəb olur. İşçi qarışqaların yanında kiçikboylu köməkçiləri olmasa, hər an hücum etməyə hazır düşmən milçəyə qarşı müdafiəsiz qalarlar. Normal vaxtlarda üzərilərinə qonmaq istəyən milçəkləri qayçıya bənzər iti çənələri ilə dərhal uzaqlaşdırmağı bacaran işçi qarışqalar yarpaq daşıyarkən bunu edə bilmirlər. Ona görə də onların əvəzinə müdafiə edən başqa qarışqanı daşıdıqları yarpağın üstünə yerləşdirirlər. Düşmən milçək hücum edəndə bu kiçik qarışqalar yarpağın üstündən düşmənə qarşı mübarizə aparırlar.

Attalar kəsdikləri yarpaqları yuvalarına daşıyarkən yollarının üstündəki bütün budaq parçalarını, kiçik çınqılları, otları toplayır və əsas yolun yan tərəflərinə düzürlər. Beləcə, yarpaqları daha rahat daşıyırlar.

Bir neçə xüsusiyyətindən bəhs etdiyimiz atta qarışqaları yer üzündəki minlərlə qarışqa növündən sadəcə biridir. Hər növün özünəməxsus xüsusiyyətləri olduğunu düşündükdə Allah`ın bənzərsiz yaratma sənətinə bir daha şahid oluruq.

Aləmlərin Rəbbi olan Allah yaratdığı hər şeyi Onu tanımağımız üçün yaratmışdır.

Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allah`ın göylərdə və yerdə yaratdıqlarında (Allah`dan) qorxan adamlar üçün dəlillər vardır. (Yunis surəsi, 6)