“Əsgər” canlılar

“Əsgər” canlılar

Canlıların hər biri insanları heyrətə salan bir çox yaradılış xüsusiyyətlərinə malikdir. Dövrümüzdə texnoloji imkanlar çox inkişaf etdiyi halda, canlıların bu üstün yaradılış xüsusiyyətlərindən bəzi sahələrdə istifadə edilir. Bu sahələrdən biri hərbiçilikdir. Ayədə Allah canlılarda insanlar üçün yaratdığı faydaları belə xəbər verir:

Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. (Muminun surəsi, 21)

Qurudakı minaları təmizləyən bal arıları

Bal arıları "Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik; sonra bütün meyvələrdən ye və Rəbbinin  asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır" (Nəhl surəsi, 68-69) ayəsində xəbər verildiyi kimi, insanlar üçün çox mühüm canlılardır. Bu canlıların insanlara şəfa olan baldan başqa digər faydasını xorvat tədqiqatçılar kəşf ediblər. Bal arıları qurudakı minaları qoxulayaraq yerlərini müəyyən edə bilirlər. İnsanların ən böyük problemlərindən biri olan quru minaları arıların iybilmə xüsusiyyətləri sayəsində asanlıqla təmizlənə biləcək.

Arıları təlimləndirmək üçün yeməklərinə qoxu maddəsi qatmaq metodundan istifadə edən tədqiqatçılar şəkər məhluluna az miqdarda TNT partladıcı maddəsi qatıblar. Arılar təqribən 5 dəqiqə ərzində bu məhlulu axtarıb taparaq TNT qoxusunu müəyyən edə bilirlər. Minaları tapmaq üçün təlimləndirilən arılar təbiətə buraxıldıqda termokameralar arıların hərəkətlərini izləyərək onların sıx toplandığı ərazilərdə mina basdırıldığını biləcəklər. 1991-ci ildən etibarən 2500 insanın ölümünə səbəb olan təqribən 90 min minanın arıların iybilmə qabiliyyəti sayəsində təmizlənəcəyi ümid edilir.

Arıların iybilmə qabiliyyəti itlərinkindən də güclüdür. Bu canlıların iybilmə orqanları bığcıqlarının üstündə yerləşir (həşəratların iybilmə orqanları insanlardakı kimi burundakı tənəffüs dəliklərində yerləşmir. Tənəffüs dəlikləri isə başlarında deyil, bədənlərinin başqa hissələrində yerləşir). Bığcığının içərisinə doğru beyindən gələn qoxu sinirləri uzanır. Ancaq bu sinirlər qoxu maddələri ilə birbaşa təmasda olmurlar. Çünki həşəratların bədəni – bığcıqları da daxil olmaqla – qabıqla örtülüdür.

Arı bığcıqlarının üstündə çoxlu dəliklər var. Beyindən gələn qoxu sinirləri bu dəliklərin içində qurtarır. Ancaq dəliklərin üzəri xüsusi pərdə ilə örtülüdür və sinir uclarını qoruyur, buna baxmayaraq, qoxunu keçirmə xüsusiyyətinə malikdir. Bu dəliklərin arası incə tüklərlə doludur. Bunlar arının duyğu tükləridir. Havadakı ən kiçik molekulların qoxusunu belə alacaq şəkildə və saysız-hesabsız qoxu reseptorlarından ibarət bu duyğu orqanları vasitəsilə arılar metrlərlə uzaqlıqdakı çiçəyin nektarını, tozcuqlarının olub-olmadığını, ətrini və 100 cür çiçək ətri arasındakı fərqi asanlıqla ayırd edirlər. Arıların bu xüsusiyyətindən elm dünyasında partlayıcı, narkotik maddə, uran axtarışında və hamilə qadınların, xərçəng xəstəliyinin müəyyən edilməsində istifadə edilmişdir. Mina axtarışı isə daha yeni sahə olacaq.

Bütün canlıları Allah yaratmışdır. Allah insanların üzərində düşünmələri üçün nümunələr yaradır. Hər ağıllı insan düşünməli və vicdanının səsini dinləyərək gördüyü hər gözəl şeydə Allah`a üz tutmalıdır. Çünki Allah bağışlayandır, sonsuz ədalət sahibidir. Allah Quranda iman gətirən qullarını belə müjdələyir:

Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, həqiqətən də, O, tövbə edənləri bağışlayandır. (İsra surəsi, 25)

Su altındakı mina və torpedaları tapan delfinlər

Delfinlər başlarında yerləşən, “melon” (yemiş) adlanan xüsusi orqandan sıxlığı saniyədə 200.000 titrəyişə çatan səs dalğaları yollayırlar. Bu canlı başını hərəkət etdirərək dalğaları istədiyi tərəfə doğru istiqamətləndirə bilir. Yayılan səs dalğaları bərk cismə toxunduqda əks olunaraq geri qayıdır. Delfinin ağzının alt tərəfi reseptor funksiyası yerinə yetirir. Alt çənə reseptor kimi dalğanın əks-sədasını daxili qulağa yollayır. Alt çənə ilə daxili qulaq arasındakı sinus boşluqları lipid adlanan yağ birləşməsi ilə doludur. Bu yağ dalğanın qulağa ötürülməsi məqsədilə oraya yerləşdirilib. Daxili qulaq məlumatları beyinə göndərir. Məlumatlar delfinin beynində təhlil edilir, çox sürətlə şərh olunur. Beləliklə, delfinlər cisimləri tanıyır, cisimlər haqqında həssas, qəti məlumat əldə edirlər. Delfin bu sayədə səs dalğasının toxunduğu cismin hərəkət istiqamətini, sürətini və böyüklüyünü təfərrüatı ilə müəyyən edir.

Delfinin dalğaları şərh etmə sistemi o qədər üstündür ki, bir balıq sürüsünün içindəki bircə balığı belə izləyə bilir. Hətta zülmət qaranlıqda suyun içində özündən 3 km uzaqlıqdakı 2 metal pulu bir-birindən ayırd edə bilir. Delfinlər səs dalğalarının suda yayılma sürətini və dalğanın cismə toxunma əməliyyatını mürəkkəb riyazi hesablamalar aparmadan hesablayır, qaranlıq sularda belə cisimlərin forması, ölçüsü, sürəti və quruluşu haqqında dəqiq məlumatlar əldə edirlər.

Dövrümüzdə hərbiçilik sahəsində istiqaməti və hədəfi müəyyən etməkdə delfinlərin bu xüsusiyyətindən istifadə olunur. Rusiya və ABŞ-ın bu sahədə təlimləndirilmiş delfinləri var. San Diyeqo şəhərinin dəniz sularında XIX əsrdən qalmış bir torpeda delfinlərin dalğıcları istiqamətləndirməsi ilə tapılmışdır.

Delfinlərin bu qabiliyyətləri onların başındakı radar sisteminin qüsursuz yaradılmasından qaynaqlanır. Allah`ın üstün yaratma sənəti bir ayədə belə bildirilmişdir:

O,  yaradan, yoxdan var edən, surət verən Allah`dır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa  Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)

Yaralı və həyatını itirmiş insanların tapılmasında və partlayıcı maddə axtarışında istifadə olunan itlər

Axtarış və xilasetmə işlərində də itlərin iybilmə xüsusiyyətlərindən tez-tez istifadə olunur. Çünki Allah itin burnunu xüsusi iybilmə qabiliyyəti ilə yaratmışdır. İtin daima nəm olan burnu qoxu molekullarını hiss etməsini təmin edir. Allah itlərin tənəffüs yolunu ağzının arxasında, qida və nəfəs borularının başladığı hissədə yaratmışdır. Damağın ətli hissəsi uzanaraq tənəffüs yolunu iki yerə bölür. Bu yolla bir şeyi qoxulayan it nəfəs verərkən burnunu tərpədir, beləliklə, hava yan tərəfdəki yarıqlardan arxaya doğru gedir və itin xaric etdiyi hava qoxu mənbəyindən fərqli istiqamətə axır. Beləliklə, nəfəsdəki hava ilə qoxunun qarışmasının qarşısı alınır.

İkinci iybilmə duyğusu isə çoxlarına məlum deyil. Bu duyğu burunun içində yerləşən “vomeronazal orqan” adlanan kiçik toxuma tərəfindən hiss edilən feromonlardır. Bu xüsusi orqan damaq sümüyünün üstündə, burun boşluğunun dibində ikitərəfli yaradılmışdır. Yuxarı kəsici dişlərin arxasında yerləşən bir kanalla ağıza birləşir. İt vomeronazal orqana qoxunu ötürmək üçün dilini sürətlə, təkrarlanan hərəkətlərlə üst kəsici dişlərin arxasına vurur. Bu şəkildə, qoxunu daha tez hiss edir.

İtlər iz axtarışında, əsasən, bədən qoxumuz vasitəsilə bizi tapır. Bizim hiss etmədiyimiz bu qoxu ölü hüceyrələrimizdən ətrafa yayılır və itlər bu qoxunu aydın hiss edirlər. Dəqiqədə 40.000 ədədə yaxın yayılan “rafts” adlı bu hüceyrələr insanın özünəməxsus qoxusunu atmosferə daşıyır. Bu qoxu külək və digər atmosfer hadisələri ilə uzaq məsafələrə daşınır və yayılır. İtlər yaşayan insanın qoxusunu bu hüceyrələr sayəsində tapır. Axtarış cihazları huşunu itirmiş yaralıların ürək döyüntülərini tutmadıqda bu insanlardan yayılan qoxu ilə itlər dağıntılar altındakı yaralıları tapırlar.

Partlayıcı maddə axtaran itlər partlayıcı maddələrin qoxusunu qarışmış başqa qoxulara baxmayaraq, asanlıqla ayırd edirlər. İtin həssas burnu partlayıcı maddə ilə partlayıcı olmayan üzvi maddə qoxularını ayırd edir. Partlayıcı maddə tapmaqda yaxşı təlimləndirilmiş it qədər həssas cihaz yoxdur.

Rabitə üçün təlimləndirilən göyərçinlər

Çin ordusu müharibə şəraitində müasir texnologiyanın imkanlarından istifadə etmək olmadıqda, ənənəvi rabitə metodundan istifadə etmək üçün 10.000 göyərçini təlimləndirməyə başlayıb. Bu göyərçinlər Çinin quru və okean sərhədlərində yerləşdirilmiş hərbi hissələrlə Himalay dağlarının ətəyindəki uzaq və dağlıq sahələrdəki hərbi sahələr arasında rabitəni təmin edəcək. Saatda 120 km sürətlə uçan göyərçinlər təqribən 100 q çəkidə yük daşıyacaq şəkildə təlimləndirilirlər.

Göyərçinlərdən bu gün olduğu kimi, keçmişdə də hərbi məqsədlərlə istifadə olunub. 1937-ci ildə ABŞ Hava Qüvvələrindən təqaüdçü polkovnik Şenolt Yaponiyanın işğalına qarşı müharibədə istifadə etmək üçün Çinə yüzlərlə xəbər daşıyan göyərçin gətirmiş və Çin ordusunun ilk göyərçin birliyini qurmuşdur.

İkinci Dünya Müharibəsinin gedişatını dəyişdirən Normandiya əməliyyatında da simsiz rabitə vasitələrinin nasistlər tərəfindən blok ediləcəyindən narahat olan ingilis əsgərləri ilə rabitə qurmaq üçün yüzlərlə göyərçindən istifadə olunmuşdur. Əməliyyatın müvəffəqiyyətlə sona çatması xəbərini də Londona bir göyərçin çatdırıb. Allah`ın göyərçinlərə bəxş etdiyi istiqaməti müəyyən etmə qabiliyyətindən hərbi sahədə istifadə olunur.

Göyərçinlərin üst dimdiyini örtən dəridə duyğu sinirlərinə gedən incə liflərdə (dendritlərdə) tərkibində dəmir olan maqemit və maqnetit zərrəciklər var. Yerin xarici maqnit sahəsinə həssas olan, xüsusi yaradılmış bu reseptorlar üçölçülü mürəkkəb quruluşa malikdir. Yerin maqnit sahəsi ilə əlaqə quran maqnetitli hüceyrələr əldə etdiyi məlumatları sinirlərə ötürür, sinirlər isə onları elektrik impulsuna çevirərək şərh olunması üçün beyinə göndərir.

Göyərçin bədənindəki qüsursuz sistemlərin mükəmməl uyğunluğu sayəsində min kilometrlərlə uzaqlıqdakı yeri müəyyən edə bilir və heç vaxt səhv etmir.

Bu bənzərsiz yaradılışın və ağılın sahibi isə aləmlərin Rəbbi olan uca Allah`dır. Rəbbimiz bir Quran ayəsində bu həqiqəti belə xəbər verir:

Sizin yaradılışınızda və (Allah`ın yer üzünə) yayıb-səpələdiyi canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)

Allah`ın üstün yaratmasına bir çox nümunə verə bilərik. Kainatın yaradılışından bəri keçən milyard illər ərzində Allah hər şeyi elmi və hökmranlığı ilə yaratmışdır. Rəbbimizin yaratma elmi Quranda belə bildirilmişdir:

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir çat görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada  zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)