6 gündə yaradılış

6 gündə yaradılış

Yaşadığımız kainatın yaşı bir çox tədqiqatın mövzusudur. Bu mövzu ilə bağlı ən dolğun və düzgün məlumat isə Allahın 1400 il əvvəl nazil etdiyi Quranda verilmişdir. Müasir dövrümüzdə aparılan tədqiqatların nəticələrinin Quranda Rəbbimizin altı gündə yaradılış haqqında verdiyi məlumatlarla uyğunluq təşkil etməsi Quranın möcüzələrindən biridir.

Müasir elmlə Quran arasındakı uyğunluğun başqa bir nümunəsi isə kainatın yaşıdır: kosmoloqlar kainatın yaşının 16-17 milyard il olduğunu hesablayıblar. Quranda isə bütün kainatın 6 gündə yaradıldığı açıqlanır. İlk baxışda fərqli görünən bu zaman kəsikləri arasında, əslində, çox təəccüblü uyğunluq var. Əslində, kainatın yaşı ilə əlaqədar bizə məlum olan bu iki rəqəmin hər ikisi doğrudur. Yəni kainat Quranda bildirildiyi kimi, 6 gündə yaradılmışdır və bu müddət bizim zamanı qavradığımız formada 16-17 milyard ilə bərabərdir.

1915-ci ildə Eynşteyn zamanın nisbi olduğunu, məkana, səyahət edən şəxsin sürətinə və o andakı yerin cazibə qüvvəsinə görə zamanın axım sürətinin də dəyişdiyini irəli sürmüşdür. Zamanın axım əmsalındakı bu fərqləri nəzərə aldıqda Quranda 7 müxtəlif ayədə bildirilən kainatın yaradılış müddətinin elm adamlarının hesablamaları ilə uyğun olduğu görünür. Quranda bildirilən 6 günlük müddəti 6 dövr kimi düşünək. Çünki zamanın nisbiliyini nəzərə alsaq, gün bugünkü şərtlərlə Yer kürəsindəki 24 saatlıq zaman kəsiyini ifadə edir. Ancaq kainatın başqa yerində, başqa zamanda və şəraitdə gün daha uzunmüddətli zaman kəsiyidir. Belə ki, bu ayələrdə (Səcdə surəsi, 4; Yunus surəsi, 3; Hud surəsi, 7; Furqan surəsi, 59; Hədid surəsi, 4; Qaf surəsi, 38; Əraf surəsi, 54) işlədilən 6 gün (sittəti əyyamin) ifadəsindəki “əyyamin” sözü “günlər” mənası ilə bərabər, “dövr, an, müddət” mənalarını da verir.

Kainatın ilk dövrlərində zaman bugünkü alışdığımız axım sürətindən daha sürətlə axmışdır. Bunun səbəbi budur: “Biq Bənq” anında (kainatın ilk yaranma anı) kainat çox kiçik bir nöqtəyə sıxışdırılmışdı. Bu böyük partlayış anından bəri kainatın genişlənməsi və həcminin böyüməsi kainatın sərhədlərini milyardlarla il artırdı. Belə ki, “Biq Bənq”dən etibarən kosmosun genişlənməsinin universal saata da mühüm təsiri olub.

“Biq Bənq” anındakı enerji universal zamanın axım sürətini milyon dəfə milyon (1012) qat yavaşlatmışdır. Kainat yaradıldıqda universal zamanın axım əmsalı dövrümüzdəki zaman anlayışı ilə müqayisədə milyon dəfə milyon qat böyük idi, yəni zaman daha sürətlə keçirdi. Ona görə, Yerdə milyon dəfə milyon dəqiqə keçdikdə kainatda sadəcə bir dəqiqə keçmiş olur.

Zamanın nisbiliyi nəzərə alınaraq hesablandıqda 6 günlük zaman kəsiyi 6 milyon dəfə milyon (trilyon) gün edir. Çünki universal zaman Yerdəki zamandan milyon dəfə milyon qat sürətlə axır. 6 trilyon gün təxminən 16.427 milyarda uyğun gəlir. Bu rəqəm dövrümüzdə kainatın təxmin edilən yaşıdır.

6.000.000.000.000 gün / 365.25 = 16.427.104.723 milyard

Digər tərəfdən, yaradılışın 6 gününün hər biri bizim zaman anlayışımızla bir-birlərindən fərqli zamanlara uyğun gəlir. Bunun səbəbi zamanın axım əmsalının kainatın genişlənməsi ilə tərs mütənasib olaraq azalmasıdır. “Biq Bənq”dən etibarən kainatın böyüklüyü 2 dəfə artdıqca zamanın axma əmsalı yarım dəfə azalmışdır. Kainat böyüdükcə kainatın böyümə sürəti də getdikcə artan şəkildə yavaşlamışdır. Bu genişlənmə sürəti “Fiziki kosmologiyanın əsasları” adlı dərsliklərdə izah edilən, dünyanın hər yerində məlum olan bir həqiqətdir. Yaradılışın hər gününü Yerdəki zamanla hesabladıqda qarşımıza aşağıdakı ədədlər çıxır:

Zamanın başladığı andan etibarən yaradılışın 1-ci günü (1-ci dövr) 24 saat davam etmişdir. Ancaq bu müddət Yerdəki zamanla 8 milyard ilə bərabərdir.

Yaradılışın 2-ci günü (2-ci dövr) 24 saat davam etmişdir. Bizim zamanla bu, əvvəlki günün yarısı qədərdir, yəni 4 milyard ildir.

3-cü gün (3-cü dövr) isə əvvəlki günün, yəni 2-ci günün yarısı qədər – 2 milyard il davam etmişdir.

4-cü gün (4-cü dövr) 1 milyard il,

5-ci gün (5-ci dövr) 500 milyon il,

6-cı gün (6-cı dövr) 250 milyon il davam etmişdir.

Nəticə: yaradılışın 6 günü, yəni 6 dövrü Yerdəki zamana uyğun hesablanıb toplandıqda 15 milyard 750 milyon il edir. Bu rəqəm dövrümüzdəki təxminlərlə paralellik təşkil edir.

Bu nəticə XXI əsrdə elmin ortaya qoyduğu faktlardır. Elm 1400 il əvvəl Quranda xəbər verilmiş həqiqəti təsdiq edir. Quran və elm arasındakı bu uyğunluq Quranın hər şeyi bilən və yaradan Allahın vəhyi olduğunun dəlilidir. Rəbbimiz altı gündə yaradılışı ayədə belə bildirmişdir:

Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Allahdır... (Əraf surəsi, 54)