Beyinin insan davranışlarını istiqamətləndirən hissəsi: beyinin ön payı

Beyinin insan davranışlarını istiqamətləndirən hissəsi: beyinin ön payı

• Bir insan hərəkətlərini istiqamətləndirən qərarlar verərkən, bunu bir robot kimi məntiq qaydalarına əsasən etməz. Vicdanını dinləyər, hisslərini də buna əlavə edər. Elmi araşdırmalar beyinin ön payında mövcud olan "ventromedial prefrontal korteks" adlı hissənin bu qərarları verməsində əsas rol oynadığını müəyyənləşdirmişdir.

• Bəs beyinin bu hissəsinin olmaması insanı hansı mənfi davranışlara sürükləyə bilər?

• Uca Allah Quran ayələrində beyinin bu hissəsi ilə əlaqədar nələrə diqqət çəkmişdir?

Özünü idarə etmə, nəticə çıxarma, incə düşüncəli və nəzakətli olma, qətiyyət kimi Quranda təriflənən bir çox müsbət davranışlara beynimizin ön payı nəzarət edir. Normal insanın beyninin ön payında yüksək bir hərəkətlilik olduğu məlumdur. Bu hərəkətlilik insanın hisslərinin fərqinə varmasını təmin edir. Sevgi, xoşbəxtlik, qorxu, peşmançılıq, günahkarlıq kimi romantik reflekslərin olması beyindəki ön payın yaxşı işlədiyini göstərir. Beyinin ön payının işləmə mexanizmi araşdıran elm adamları heyrətamiz nəticələrlə qarşılaşmışlar.

Beyinin ön payını işlədən möcüzə

İnsan beynini digər canlılardan fərqləndirən diqqətəçarpan xüsusiyyət onun ön pay ölçüsünün digər canlılardan 40% daha böyük olmasıdır. Elm adamları beyinin bu hissəsinin əzbərlənmiş, avtomata bağlanmış əməliyyatlar əsnasında fəaliyyətdə olmadığını beyinə bağlanan elektrodlarla və müxtəlif rentgen cihazları ilə aparılan ölçmələr sayəsində kəşf etmişlər. Ancaq yeni bir məlumat alındığı və işləndiyi zaman ön pay hərəkətə keçir. Üstəlik, yeni öyrənilən məlumat insanı xoşbəxt edirsə, ön pay  parıldamağa başlayır.

Yeni şeylər öyrəndiyimiz zaman beyinin ön payı yeni məlumatı öyrənmək üçün sürətli şəkildə işləyir. 1.3 kq ağırlığındakı bu ət parçasının hər zamankı vərdişlərindən fərqli bir məlumat olduğunu anlaması bir möcüzədir. Ancaq bundan daha möcüzəvi olan isə beyinin yeni məlumatı istifadə etmək üçün yeni dövrələrini, yəni ön payı bizim istəyimizdən asılı olmayaraq istifadəyə açmasıdır. Ön payın qeyd etdiyi yeni məlumatlar davranış modellərimizi dəyişdirərək ətrafımızı fərqli şəkildə qəbul etməyimizə gətirib çıxarır.

Bu dövrü, yəni yeni məlumatın fərqli nəticələr meydana gətirməsini biz izləmərik. Bu mexanizm möcüzəvi şəkildə avtomatik olaraq reallaşır. Məhz bu zaman əhəmiyyətli bir gerçək ortaya çıxır: Quranda uca Allah beyinin bu qisminə diqqət çəkir. Beyinin ön payının olduğu hissə burunun üstündə başın ön qismində, yəni alnımızdadır. Uca Allah "… Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın …" (Hud surəsi, 56) ayəsi ilə bizə bu gerçəyi bildirir və beyinin ön payının işinə nəzarət edənin uca Allah olduğunu xəbər verir. Müasir elmin yerini və funksiyasını hələ yeni öyrəndiyi bu gerçəyin 1400 il əvvəl endirilmiş Quranda olması isə böyük bir möcüzədir.

Beyinin ön payı insan davranışlarını necə istiqamətləndirir?

ABŞ-ın Pensilvaniya Universiteti Tibb Mərkəzinin mütəxəssisi prof. dr. Andryu Nyuberq namaz qılan və dua edən bir qrup müsəlman üzərində araşdırma aparmışdır (Religion And The Brain; Newsweek, 7 Mayıs 2001 s: 50). Araşdırmaya görə, huşu içində edilən duanın və Allah`ı düşünmənin beyinin ön payına 80 dəfə daha çox qan vurduğunu, bu səbəblə, namaz qılan insanlarda yaddaş və şəxsiyyət pozuntularına çox az rast gəlindiyini, hətta bu insanların daha uzun ömürlü olduğunu və yaddaş itkisinə uğramadıqlarını ortaya qoymuşdur. Bəs bu, necə reallaşır?

Beyinin ön hissəsində qərar vermə mexanizminin olduğu ön pay adlanan hissədə dua və namaz əsnasında qan miqdarı diqqətəçarpan şəkildə artır və beyinin ön payına daha çox miqdarda qlükoza daşınır. Bu da hüceyrələrin daha sürətli qidalanması, beyinin daha aktiv işləməsi mənasını verir. Beyinin ön payının daha sürətli işləməsi isə insanın hisslərinin fərqinə varması və qərar vermə, şəxsiyyət, problem həll etmə, səhvləri təkrar etməmə, sevgi kimi insani hisslərin ön plana çıxmasını təmin edir.

Günümüzdəki elmi tərəqqinin də sübut etdiyi kimi, beyinin ön payının daha təsirli işinə vəsilə olan namaz ibadətinin əhəmiyyəti bir daha aydın olmuşdur. Necə ki, uca Rəbbimiz bir Quran ayəsində belə buyurur:

 "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allah`ı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (Ənkəbut surəsi, 45)

Beləliklə, Qurandakı bu hökm bir daha reallaşmış və namazın insanı hər cür pislikdən qoruduğu elmi olaraq da sübut edilmişdir.

Beyinin ön payının fərqli şəkildə işləməsi nələrə gətirib çıxarar?

Aparılan araşdırmalar ön payda pozuntu olduğu və ya fəaliyyətin olmadığı vəziyyətində insanlarda anormal davranışların meydana gəldiyini müəyyən etmişdir. Çünki beyinin ön payındakı hərəkət azlığından peşmanlıq, günahkarlıq, qorxu kimi hisslər yaranmır və ön payın fərqli işləməsi insanları şiddətə yönəldir. Belə ki, mərhəmətsiz şəkildə cinayət törədən qatillər, terroristlər və diktatorlar kimi şəxslərin beyinlərinin ön payının normal insanlarınkından fərqli işlədiyi PET (Positron Emission Tomography) kimi göstərmə texnikaları ilə təyin olunmuşdur. PET beyinin yanacağı sayılan qlükozanın beyinin müxtəlif hissələri tərəfindən nə qədər istehlak edildiyini ölçür. Məlumatlara görə, təcavüzkar və mərhəmətsiz insanların prefrontal kortekslərindəki qlükozanın səviyyəsi normal insanlarınkından daha azdır. Bu isə beyinin ön payında bir hərəkətsizlik meydana gətirir və normal işləməsinə mane olur. Uca Allah`ın insanlara təqdim etdiyi mükəmməl nemət olan beyinin ön payı normal işləməyəndə bir-birindən fərqli şəxsiyyət pozuntuları yaranır. Bu şəxsiyyət pozuntularından bəziləri bunlardır:

Cinayətə meyil: Amerikalı elm adamı Adrian Rainenin dediyinə görə, beyinin ön payının zərər görməsi və ya normal işləməməsi insanın düşüncəsiz hərəkət etməsinə, özünü idarəetmə qabiliyyətinin itməsinə, uşaq hərəkətləri etməsinə, zaman anlayışının zəifləməsinə, qərar vermə bacarığının itməsinə gətirib çıxarır. Təcavüzkar və mərhəmətsiz insanların beyinlərinin müxtəlif xəbərdaredənlərə verdiyi reaksiyalar araşdırılmış və belə insanların beyinlərinin ölüm, əzab kimi sözlərə, şiddət ehtiva edən qan dolu şəkillərə reaksiya vermədiyi ortaya çıxmışdır.

Sevgisizlik: Araşdırmalar göstərmişdir ki, şəxsiyyət pozuntusu göstərənlərə sevgi sözləri ilə müraciət edəndə, onlar: "Bir fincan qəhvə verərsənmi?" - deyə cavab verə bilərlər. Bir sıra ardıcıl qətllər törədən qatil üzərində aparılan beyin araşdırmalarına görə, belə nəticə əldə edilmişdir: bu şəxslər ən yaxınlarının şəkilləri onlara göstərildiyi zaman ən kiçik hiss əlaməti belə göstərmirlər.

Anti-sosial şəxsiyyət pozuntusu: Bu şəxslərin fərdi və ictimai əlaqələrdə də müvəffəqiyyətsiz olduqları müxtəlif nümunələrlə müəyyən olunmuşdur. Bu müvəffəqiyyətsizliyə yaddaş problemləri, özlərini idarə edə bilməmələri, tənbəllik, ilhamsızlıq, keylik, təşəbbüs əskikliyi, gələcəklə əlaqədar proyekt yoxluğu, yeni şeylər öyrənməmə və diqqət dağınıqlığının səbəb olduğu bildirilmişdir.

Bir Quran möcüzəsi: beynimizdə hərəkətlərimizi istiqamətləndirən bölgə

Uca Allah alın bölgəsində olan və normal işləməyəndə təcavüzkar bir şəxsiyyətin ortaya çıxmasına səbəb olan beyinin ön hissəsinə Quranda diqqət çəkməkdə və bu hissənin normal işləməməsi vəziyyətində insanı günaha sürükləyəcəyinə belə işarə edir:

"Xeyr! Əgər son qoymasa, (Biz onun) kəkilindən tutacağıq  özü də yalançı, günahkar kəkilindən!" (Ələq surəsi, 15-16)

Yuxarıdakı ayələrdə keçən "yalançı, günahkar kəkil" ifadəsi son dərəcə diqqətçəkicidir. 1400 il əvvəl Quranda diqqət çəkilən bu bölgə və onun vəzifəsi haqqındakı məlumatlara müasir elm adamları ancaq son 60 il içində şərh gətirə bilmişlər. Kəllənin içinə, başın ön qisminə baxanda beyinin ön alın bölgəsi görünəcək. Bu bölgənin funksiyaları haqqında fiziologiya sahəsində aparılan araşdırmalar nəticəsində əldə edilən məlumatlar “Anatomiya və fiziologiyanın əsasları” (“Essentials of Anatomy and Physiology”) adlı kitabda bu şəkildə yazılır:

"Hərəkətlərin motivi, planlama və başladılması alın paylarının ön qismi olan ön alın bölgəsində (cerebrum) reallaşır. Bura birlik korteksinin bir bölgəsidir..." (Rod R. Seeley, Trent D. Stephens, Philip Tate, Essentials of Anatomy & Physiology, 2-ci nəşr, Mosby-Year Book İnc., St. Louis, 1996, s. 211; Charles R. Noback, N. L. Strominger, R. J. Demarest, The Human Nervous System, İntroduction and Review, 4-cü nəşr, Lea & Febiger, Philadelphia, 1991, s. 410-411)

Kitabda bu bölgə ilə əlaqədar bu sətirlər yer tutur:

"Hərəkətlə olan əlaqəsi ilə birlikdə, ön alın bölgəsinin, eyni zamanda, təcavüzkarlığın da funksional mərkəzi olduğu düşünülür..." (a. g. e.)

Bu şərhlərdən aydın olur ki, beyinin ön alın bölgəsi planlama, motiv, yaxşı və ya pis hərəkətlərin başladılması, yalan və ya doğrunun deyilməsi ilə əlaqədar fəaliyyətləri icra edir.

Göründüyü kimi, bunlar “Ələq” surəsində keçən "yalançı günahkar kəkil" ifadəsi ilə böyük paralellik təşkil edir. Elm adamlarının son 60 il içində kəşf etdikləri bu kimi elmi gerçəkləri Allah Quran ayələrində əsrlər əvvəl insanlara xəbər vermişdir.