Təkamül nəzəriyyəsinin əsassız olduğunun isbat edilməsi yaradılışın doğruluğunu necə göstərir?

Təkamül nəzəriyyəsinin əsassız olduğunun isbat edilməsi yaradılışın doğruluğunu necə göstərir?

Həyatın yer üzündə necə meydana gəldiyini soruşduqda qarşımıza iki fərqli cavab çıxır:

  • Bu cavablardan birincisi canlıların təkamül yolu ilə meydana gəlməsidir. Bu iddianın tərəfdarı olan təkamül nəzəriyyəsinə görə, həyat təsadüflərlə ortaya çıxan ilk hüceyrədən başlamışdır. Bu canlı hüceyrə də yenə təsadüflər nəticəsində inkişaf edərək təkamül keçirmiş və şaxələnərək dünyadakı milyonlarla fərqli növü əmələ gətirmişdir.
  • İkinci cavab isə yaradılışdır. Canlıların hamısını bütün kainata hakim olan Allah yaratmışdır. Təkamüllə meydana gəlməsi heç cür mümkün olmayan həyat və milyonlarla canlı növü bugünkü kimi əskiksiz, qüsursuz və üstün bir yaradılışa malikdirlər. Ən bəsit görünən canlı növləri belə öz-özünə, təbii şərtlərlə və təsadüflərlə əmələ gəlməyəcək qədər mürəkkəb quruluş və sistemlərə malik olması bunun açıq dəlilidir.

Bu iki yoldan başqa həyatın necə meydana gəldiyi ilə bağlı bu gün irəli sürüləcək üçüncü bir iddia, nəzəriyyə, hətta hər hansı fərziyyə belə yoxdur. Məntiq qanunlarına əsasən, iki cavabı olan sualın cavablarından birinin tamamilə səhv olduğu nəzərə alınarsa, digər cavabın tamamilə doğru olduğu başa düşülür. Ən əsas məntiq qanunlarından biri olan bu qanuna “alternativə görə nəticə çıxarma” (modus tolendo ponens) adı verilir.

Yəni əgər yer üzündəki canlı növlərinin təkamülçülərin iddia etdiyi kimi təsadüflər nəticəsində təkamül keçərək meydana çıxmadığı sübut edilərsə, bu, canlıların bir Yaradan tərəfindən yaradıldıqlarını qəti surətdə sübut edər. Təkamül nəzəriyyəsini müdafiə edən elm adamları da üçüncü alternativin olmadığını qəbul edirlər. Onlardan biri olan Duqlas Futuyma (Douglas J. Futuyma) bunu aşağıdakı sözləri ilə ifadə edir:

“Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz şəkildə ortaya çıxmışlar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül keçərək meydana gəlmişlər. Əgər qüsursuz və mükəmməl şəkildə ortaya çıxmışlarsa, onda üstün bir ağıl tərəfindən yaradılmalıdırlar”. (Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. s. 197)

Təkamülçü Futuymanın bu sözlərinin cavabını fosilləri öyrənən elm verir. Bu elm (paleontologiya) bütün canlı qruplarının fərqli zamanlarda, birdən-birə və mükəmməl formalarla yer üzünə çıxdıqlarını göstərir.

Yüz ildən çox davam edən arxeoloji qazıntı və tədqiqatlarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, qüsursuz şəkildə ortaya çıxdıqlarını, yəni yaradıldıqlarını göstərir. Bakteriyalar, onurğasız dəniz canlıları, balıqlar, yumşaqbədənlilər, buğumayaqlılar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və ya məməlilər ani surətdə mürəkkəb orqan və sistemləri ilə yer üzünə çıxmışlar. Aralarında bir-birinə keçid olduğunu göstərən fosillər də yoxdur. Paleontologiya da digər elm sahələrinin verdiyi məlumatı verir: canlılar təkamül keçməyiblər, yaradılıblar. Nəticədə, təkamülçülər həqiqətdən kənar nəzəriyyələrini sübut etməyə çalışarkən öz əlləri ilə yaradılış gerçəyinin dəlillərini ortaya çıxarmışlar.

Məşhur ingilis paleontoloq Derek V. Eycer bir təkamülçü olmasına baxmayaraq, təkamül nəzəriyyəsinin bütün iddialarını əsassız edən bu açıq həqiqəti belə etiraf edir:

“Problem budur: fosil izlərini istər növlər, istərsə siniflər səviyyəsində hərtərəfli şəkildə tədqiq etdikdə daima eyni həqiqətlə qarşılaşırıq: mərhələli təkamüllə deyil, birdən-birə yer üzündə əmələ gələn qrupları görürük”. (Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, cild 87, no. 2, (1976), s. 133)

Kembri dövrü təkamül nəzəriyyəsini

       Əsassız etmək üçün kifayətdir

Bioloqlar canlılar aləmini bitkilər, heyvanlar, göbələklər kimi təməl aləmlərə ayırır. Onlar da öz aralarında, əvvəlcə, müxtəlif siniflərə bölünürlər. Bu siniflər tədqiq edilərkən hər birinin tamamilə fərqli bədən quruluşlarına malik olduğu aşkar olur. Məsələn, buğumayaqlılar özlərinə xas bir sinifdir və bu sinfə aid edilən bütün canlılar bənzər bədən quruluşuna malikdir. Xordalılar adlanan sinif isə mərkəzi sinir sisteminə malik olan canlıları əhatə edir. Bizə məlum olan balıqlar, quşlar, sürünənlər, məməlilər kimi heyvanların hamısı xordalıların yarım sinfi olan onurğalılar kateqoriyasına daxildir.

Heyvanların fərqli sinifləri arasında osminoqlar kimi yumşaq bədənli canlıları əhatə edən molyuskkimilər sinfi və ya girdə soxulcanları əhatə edən nematodlar (girdə qurdlar) sinfi kimi çox fərqli kateqoriyalar var. Bu kateqoriyaların ən əsas xüsusiyyəti isə, əvvəldə də dediyimiz kimi, tamamilə fərqli orqanizmlərə malik olmasıdır.

Bəs bu canlılar necə ortaya çıxmışlar?

Əvvəlcə, təkamül nəzəriyyəsinin bu barədəki fərziyyəsini nəzərdən keçirək. Məlumdur ki, bu nəzəriyyə canlıların ortaq bir əcdaddan başlanğıcını götürdüyünü və kiçik dəyişiklərlə fərqləndiyini irəli sürür. Onda canlılar lap əvvəl bir-birinə çox bənzər və bəsit formalarda ortaya çıxmalı, sonra zaman ərzində inkişaf edib şaxələnməli idilər.

Yəni təkamül nəzəriyyəsinə görə, canlılar tək bir kökdən gələn, ancaq sonra budaqlara ayrılan bir ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə darvinist mənbələrdə təkidlə vurğulanır və “həyat ağacı” məfhumu tez-tez istifadə edilir. Bu həyat ağacına görə, əvvəl təkcə bir sinif əmələ gəlməli, sonra digər siniflər kiçik dəyişiklərlə və uzun zaman mərhələləri ərzində hissə-hissə üzə çıxmalıdır.

Təkamül nəzəriyyəsinin iddiası budur. Bəs, həqiqətən, belə olub?

Əsla. Əksinə, heyvanlar ilk ortaya çıxdıqları dövrdən etibarən çox fərqli və mürəkkəb quruluşlara malikdirlər. Bu gün məlum olan bütün heyvan sinifləri yer üzündə eyni anda, Kembri dövrü adlanan geoloji dövrdə üzə çıxmışlar. Kembri dövrü yaşı 530-520 milyon il hesablanan 10 milyon illik geoloji dövrdür. Bu dövrdən əvvəlki fosil izlərində tək hüceyrəli canlılar və çox bəsit bir neçə çox hüceyrəlilərdən başqa heç bir canlının izinə rast gəlinmir. Kembri dövrü kimi son dərəcə qısa bir dövr ərzində isə (10 milyon il geoloji cəhətdən çox qısa zaman mərhələsidir) bütün heyvan sinifləri tamamilə qüsursuz halda bir anda ortaya çıxmışlar!

Kembri qayalıqlarında tapılan fosillər ilbizlər, tribolitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, molyusklar,   dəniz zanbaqları kimi çox fərqli canlılara aiddir. Bu təbəqədəki canlıların çoxunda dövrümüzdəki nümunələrində heç bir fərqi olmayan göz, qəlsəmə, qan dövranı kimi mürəkkəb sistemlər, inkişaf etmiş fizioloji quruluşlar vardır. Bu quruluşlar həm çox mürəkkəb, həm də çox fərqlidir. Təkamülçü ədəbiyyatın məşhur jurnallarından “Earth Sciences” (Yer elmləri) jurnalının redaktoru Riçard Monestarski (Richard Monestarsky) Kembri partlayışı haqqında bu məlumatları verir:

“Bu gün gördüyümüz olduqca mürəkkəb heyvan formaları ani surətdə ortaya çıxmışlar. Bu an Kembri dövrünün əvvəlinə təsadüf edir ki, dənizlərin və yer üzünün ilk mürəkkəb məxluqlarla dolması bu təkamülçü partlayışla başlamışdır. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış onurğasızlar erkən Kembri dövründə onsuz da var idi və yenə bu gün olduğu kimi, bir-birindən çox fərqlidir”. (Richard Monestarsky, "Mysteries of the Orient", Discover, aprel 1993, s. 40)

Darvinizmin dünya səviyyəsindəki ən məşhur tənqidçilərindən biri olan Berkli Universitetinin professoru Filip Conson (Phillip E. Johnson) paleontologiyanın ortaya qoyduğu bu həqiqətin darvinizmlə açıq ziddiyyətini belə açıqlayır:

“Darvinist nəzəriyyə həyatın bir növ getdikcə çoxalan fərqlilik üçbucağı içində təkmilləşdiyini irəli sürür. Buna əsasən, canlılar ilk canlı orqanizmdən və ya ilk heyvan növündən başlayaraq getdikcə fərqlənməli və bioloji təsnifatın daha yuxarı kateqoriyalarını əmələ gətirməlidirlər. Lakin heyvan fosilləri bizlərə bu üçbucağın, əslində, başıaşağı dayandığını göstərir: siniflər elə əvvəldən hər zaman birlikdə var olmuşdur, sonradan getdikcə sayları azalır”. (Phillip E. Johnson, "Darwinism's Rules of Reasoning", Darwinism: Science or Philosophy, Foundation for Thought and Ethics, 1994, s. 12)

Filip Consonun bildirdiyi kimi, siniflərin mərhələli şəkildə əmələ gəlməsi bir tərəfə, bütün siniflər bir anda mövcud olmuşlar, hətta sonrakı dövrlərdə bəzilərinin nəsli kəsilmişdir. Çox fərqli canlıların bir anda və qüsursuz şəkildə ortaya çıxmalarının mənası isə, təkamülçü Futuymanın da qəbul etdiyi kimi, yaradılışdır.

Göründüyü  kimi, əldə olan bütün elmi tapıntılar təkamül nəzəriyyəsinin iddialarının əsassız olduğunu və yaradılış gerçəyini göstərir.