Dilin möcüzəvi quruluşu

Dilin möcüzəvi quruluşu

Ağlınıza gələn düşüncələri Allah’ın sizin üçün yaratdığı qüsursuz sistem sayəsində ifadə etdiyinizi bilirsinizmi? Eyni şəkildə, deyilənləri anlamanız da bu qüsursuz sistemin bir hissəsidir. Sözlər siz fərqində olmadan beyninizdə mənaları ilə birlikdə yerlərini tuturlar. Bəs bu, necə baş verir?

Danışmaq üçün xüsusi cəhd göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan çıxması üçün səs tellərinin bir-birindən nə qədər aralı olmasını, nə qədər titrəməsini, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansını hansı sıra ilə və neçə dəfə, nə qədər gərib-boşaltmağı, ciyərlərimizə neçə sm3 hava alıb və bu havanı hansı sürət və fasilələrlə xaric etməyi hesablamırıq. İstəsək də, bunu edə bilmərik! Çünki ağzımızdan çıxan bircə sözün formalaşması insanın tənəffüs sistemindən sinir sisteminə, əzələlərindən sümüklərinə qədər uzanan bir çox sistemin ahəngdar işləməsinin nəticəsidir.

Möcüzəvi danışıq sistemi necə işləyir?

Bir şey demək istədiyiniz an beyninizdən gələn bir sıra əmr səs tellərinizə, dilinizə və oradan da çənə əzələlərinizə gedir. Beyinin nitq mərkəzi danışma prosesində rol oynayan bütün əzələlərinizə lazımi əmrləri göndərir.

Əvvəlcə, ağciyərləriniz isti hava verir. İsti hava nitq prosesinin xammalıdır. Hava burnunuzdan girir, burun boşluğu, boğaz, nəfəs borusundan sonra bronxlara, oradan da ağciyərlərə gedir. Havadakı oksigen ağciyərlərinizdə qana qarışır. Bu zaman karbondioksid də xaric olunur. Ciyərlərinizdən geri qayıdan hava boğazınızdan keçərkən səs telləri adlanan iki toxumanın arasından keçir. Bu tellər pərdəyə bənzəyir və birləşdikləri qığırdaqların təsiri ilə hərəkət edirlər. Siz danışmazdan əvvəl səs telləriniz aralı vəziyyətdə olur. Danışdığınız zaman tellər birləşir və nəfəs verdikdə çıxan hava ilə titrəyir.

Ağız və burun quruluşunuz səsinizi özünəməxsus edir. Siz sözləri ard-arda düzüb danışarkən diliniz damağınıza müəyyən qədər yaxınlaşıb-uzaqlaşır, dodaqlarınız da büzülüb-açılır. Bu proseslərdə bir çox əzələniz böyük sürətlə hərəkət edir.

Danışmaq üçün bu əməliyyatların hər biri tam yerinə yetirilməlidir. Bu kompleks əməliyyatlar çox sürətlə, qüsursuz baş verərkən sizin bunlardan heç xəbəriniz olmur.

Deyilənləri anlamaq

Yer üzündə 6000-dən çox dil var. Müxtəlif  xalqlar 6000 dil vasitəsilə bir-birləri ilə ünsiyyət qururlar. Bu dilləri təşkil edən minlərlə söz və bu sözləri cümlələrə çevirən dilşünaslıq qanunları bir-birindən çox fərqlənir.

Uilyam Neyci və Riçard Anderson adlı iki psixoloqun ingilis dilində danışan ölkələrdəki tədqiqatlarına əsasən, təxmin edilir ki, təqribən bir insan məktəbə getməyə başlayarkən 13000, orta məktəbi bitirdikdə isə 60000 söz bilir. Mədəni, yetkin insanın söz ehtiyatı isə 120000-dir. Zehnimizdəki bu nəhəng lüğətin formalaşması üçün 1 yaşından 17 yaşına qədər hər gün 10 söz və ya oyaq keçirdiyimiz hər 90 dəqiqədə yeni bir söz öyrənməli, üstəlik, öyrəndiyimiz hər sözü bir daha heç unutmamalıyıq. Halbuki, biz şüurlu şəkildə buna heç səy göstərmirik. Sözlər biz fərqinə belə varmadan  zehnimizdə mənaları ilə birlikdə qalırlar.

Dil məsələsində möcüzələr öyrənmə ilə məhdudlaşmır. Başqa birisinin dediyi bir sözü saniyənin beşdə 1-i qədər qısa müddətdə anlayırıq. Bu müddət o qədər qısadır ki, qarşımızda danışan insan hələ sözünü bitirmədən mənasını qavrayırıq. Yazılan sözləri isə daha sürətlə anlayırıq: bir saniyənin səkkizdə 1-i qədər müddətdə. Beynimizin bir söz hasil etməsi də bu qədər sürətlidir və saniyənin dörddə 1-i qədər müddətdə bir cismin adını tapırıq. Saniyənin dörddə biri qədər müddətdə bu sözü demək üçün ağzımız və dilimiz proqramlaşır (Steven Pinker, Language Instinct: How the Mind Creates Language, , Harper Perennial, 1994)

Elektron texnologiyalar insanın dil sürətinə çata bilmir. Belə ki, dövrümüzdə ən qabaqcıl texnologiya ilə istehsal olunan kompyuterlərin bir sözü eşitmə və anlama sürəti bizim sürətimizdən 5 dəfə yavaşdır və 15% səhv edirlər. Texnologiyanın dillə bağlı sürəti mikroprosessorun sürəti ilə mütənasib  olmadığına görə, mikroprosessorun sürətinin artması ilə aradakı fərq dəyişmir. Bundan əlavə, kompyuter proqramlarında olmayan bir söz (məsələn, xüsusi isim) dedikdə bu sözü hərfbəhərf kompyuterdə kodlamaq lazımdır.

Sözləri təşkil edən səsləri digər səslərdən ayırd etmə bacarığımız isə daha heyrətamizdir. Dildəki səslər dilşünaslıqda fonem adlanır. Aparılan təcrübələr süni şəkildə sürətləndirilmiş nitqdə saniyədə 40-50 fonem qavradığımızı göstərir. Ancaq nitq əvəzinə xışıltı kimi bir səs saniyədə 20 dəfə və daha çox təkrarlansa, artıq o səsi ayrı-ayrı eşitmirik, xışıltılı səs-küy kimi qavrayırıq. Bu, bizə göstərir ki, insan səsli ünsiyyətdə istifadə edilən nitq vahidlərini adi səs-küydən ayırd edən qabiliyyətlə yaradılıb.

Dilin xüsusiyyətləri ilə bağlı diqqət çəkən digər cəhət isə budur ki, müəyyən sayda sözlə müxtəlif cür cümlə qurmaq mümkündür və insan bütün bu cümlələri anlama qabiliyyətinə malikdir. Hər dildə məhdud sayda söz var. Ancaq bir cümlənin uzunluğu üçün heç bir məhdudiyyət olmadığı kimi, sözlər və söz qrupları da saysız-hesabsız kombinasiyalarda birləşə bilər. Məsələn, 20 sözdən ibarət cümlənin fərqli şəkildə qurulma formalarına baxsaq, 100 kentilyon (1020) ehtimal ortaya çıxar. Bu cümlələri ardıcıl demək üçün təqribən kainatın ömründən 100 dəfə çox vaxt lazımdır. Ona görə, işlətdiyimiz və ya eşitdiyimiz hər hansı cümlə, əsasən, ilk dəfə qarşılaşdığımız cümlə olur. Halbuki, biz eşitdiyimiz bir cümlə ilə ilk dəfə qarşılaşsaq da, onu düzgün anlamaqda çətinlik çəkmirik.

Zehnimizdəki nitq qabiliyyəti

Dilin kompleks quruluşu ilə bağlı dilşünasların əksəriyyətinin ortaq fikri var. Noam Çomskinin fikrincə, bir uşağın danışması üçün beyinin içinə yerləşdirilmiş, dilə aid xüsusiyyətlər olmalıdır. Çomski digər bilik və bacarıqlarımızdan fərqli olaraq nitqin öyrənilmədən qazanıldığını belə ifadə edir:

“Qrammatika və dərrakə hər kəs tərəfindən, səy göstərmədən, tez, nizamlı şəkildə sadəcə bir xalqın içində ən az münasibət, diqqət, qarşılaşma və yaşamaqla əldə edilir. Müəyyən təlimə və təhsilə ehtiyac yoxdur və əgər bu olacaqsa da, son nəticəyə töhfəsi az olar... Halbuki, məsələn, fizika biliyi əziyyətlə nəsildən-nəsilə çox çalışaraq, dəqiq təcrübələr, şəxsi düha və ciddi təhsillə qazanılır”. (Noam Chomsky, On Language: Chomskys classic works: Language and responsibility and reflections on language in one volume, New Press, 1998, səh.144)

Tanınmış dilşünasın fikrincə, uşaqlar bu  xüsusiyyəti öyrənmirlər; əgər zehində əsas qanunlar yoxdursa, kənardan təsir edən heç bir amil bunu təmin edə bilməz”. (Noam Chomsky, New Horizons in the Study of Language and Mind, Cambridge University Press,2000, səh.3-4)

Çomski bu sözləri ilə nitqin öyrənilmədiyini, dilin əsas quruluş vahidlərinin anadangəlmə zehində mövcud olduğunu irəli sürür. Həqiqətən də dil o qədər mürəkkəb quruluşa malikdir ki, əgər buna bizi hazırlayan bir daxili sistem olmasa, öyrənmək və öyrətmək qeyri-mümkündür. İnsan danışmağı öyrənmək üçün dilşünaslıq dərsləri keçmir. İki-üç yaşlarında heç bir dil qanunu bilmədən danışmağa başlayır, fərqinə belə varmadan dilşünasların illərdir davam edən elmi fəaliyyətlərlə aşkar etməyə çalışdığı dil qanunlarından həyatı boyu heç çətinlik çəkmədən istifadə edir. Məsələn, dilşünaslıq təhsili almamış insandan danışdığı dilin cümlə quruluşunu təşkil edən mürəkkəb, qeyri-müəyyən qanunlar soruşulsa, cavab verə bilməz. Ancaq heç xəbərdar olmadığı bu qanunlara uyğun olaraq asanlıqla cümlə qurur.

İnsanda ancaq dilə aid xüsusiyyətlərin deyil, xarici dünyaya aid əsas məfhumların da anadangəlmə hazır şəkildə olması filosoflar kimi elm adamlarının diqqətini çəkmişdir. Təkamül nəzəriyyəsinin qabaqcıl tərəfdarlarından olan dilşünas Stiven Pinker bunu belə dəyərləndirir:

“Dilin işləmə forması hər kəsin beynində sözlərdən ibarət lüğətin olması, sözlərin qarşılığı olan məfhumların olması və məfhumlararası əlaqələri ifadə etmək üçün sözləri birləşdirən qanunlar bütününün olmasıdır… Həqiqətən də körpələrin qavrama qabiliyyəti ilə bağlı təcrübələr göstərir ki, körpələr cisimlərlə bağlı sözləri öyrənməzdən əvvəl məhz bizim gözlədiyimiz kimi, cisimlərin məfhumlarını bilirlər”. (Steven Pinker, The Language Instinct, Harper Perennial, 1994, səh.85,159)

İnsan məfhumlarla düşünür. Düşüncələr məfhumların qarşılığı olan sözlərin müəyyən ardıcıllıqla birləşərək əmələ gətirdiyi mənalı cümlələrlə ifadə edilir. Ancaq burada nəzərdən qaçmayan böyük möcüzə budur ki, biz düşündüyümüz və sözlərin qarşılığı olan bu məfhumların getdikcə artması üçün lazım olan kök proqrama anadangəlmə sahibik, yəni bu məfhumlarla birlikdə yaradılmışıq.

Həyatımız boyu sahib olacağımız insani xüsusiyyətlərin əsası olan bu məfhumlar bazası ilə yaradılmasaydıq, düşünməyi, dərk etməyi və danışmağı bacarmayacaqdıq. Bu da bizə göstərir ki, qurduğumuz hər cümlə, işlətdiyimiz hər söz bizə Allah’ın bəxş etdiyi nitq qabiliyyəti sayəsindədir.

Düşünmək və danışmaq üçün lazımi məfhumlara anadangəlmə malik olduğumuzu Çomski belə vurğulayır:

“Leksikoqrafiya (lüğətlərin tərtibi və tədqiqi ilə bağlı dilçilik sahəsi) və ya deksriptiv semantika sahələri ilə məşğul olmuş hər kəsin bildiyi kimi, sözün mənasını tərif etmək çox çətindir. Adlandırıla bilən ən bəsit məfhumların belə mənaları çox mürəkkəbdir. Uşaqlar dil qabiliyyəti qazanma prosesinin ən sürətli  olduğu dövrlərdə bir sözü çox az sayda, hətta bir dəfə eşidərək öyrənirlər. Gündə bəlkə bir düjün, bəlkə də daha çox söz öyrənmələri bizi bu nəticəyə gətirir. Bu fakt göstərir ki, məfhumlar bütün mürəkkəblikləri və quruluşları ilə birlikdə əvvəlcədən müəyyən edilmiş şəkildə istifadəyə hazırdırlar. Anadangəlmə bu zəngin baza mövcuddur, uşaq isə hazır məfhumlarla sözləri misalların köməyi ilə birləşdirir”. (N. Chomsky, New Horizons in the Study of Language and Mind, Cambridge University Press, 2000, səh. 61)

Dil və onunla əlaqədar sistemlər ən incə təfərrüatı ilə birlikdə dizayn olunmuş, insanın xidmətinə verilmişdir. Bu məlumatın sahibi nə insanın özü, nə də təkamülçülərin fərziyyələri olan təsadüfi hadisələrdir. Bu əsas məfhumları, səsləndirilən sözləri, simvollarla düşünməyi və bunlara malik olan insanı Allah yoxdan yaratmışdır.