Müsəlmanlar və elm

Müsəlmanlar və elm

       İslam əxlaqının bəşəriyyətə yönəltdiyi nurlardan biri də elmi düşüncədir. İslamdan əvvəl ərəblər və digər Yaxın şərq xalqları kainatın və təbiətin necə yarandığı və hərəkəti barədə heç maraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrənmişdilər. Allah Quranda inananlara, göylərin və yerin necə var olduğunu araşdırmalarını əmr edir:

       O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-imran surəsi, 191)

        Bu şüur İslam mədəniyyətində böyük elmi yüksəlişi başlatmışdı. Bu, dünya tarixində əvvəllər rast gəlinməyən elmi inkişaf idi. İslamın elmi yüksəlişinin mərkəzi isə İslam imperiyasının paytaxtı olan Bağdad idi. İslam dünyasının dörd tərəfindən gələn elm adamları, mütəfəkkirlər, tədqiqatçılar Bağdadın məşhur Hikmət evində görüşür və Allahın yaratdığı kainatın sirlərini açmaq üçün tədqiqatlar aparırdılar.

       Müsəlman elm adamlarının Quran əxlaqına riayət edərək əldə etdikləri bu şüur bəşəriyyətin həmin dövrə qədər mövcud olmuş ən böyük elmi nailiyyətlərini meydana gətirirdi. Həmçinin Quranda müsəlmanlara təlqin edilən açıq fikirli olmaq müsəlmanların digər mədəniyyətlərin elmi təcrübələrini ön mühakiməsiz şəkildə araşdırmalarına və inkişaf etdirmələrinə səbəb olmuşdur. Müsəlmanların elmi əsərləri elmi mövzularda aparılmış çoxsaylı araşdırma, müşahidə, təcrübə və hesablarla dolu idi.

       Bu gün dünyada istifadə edilən onluq say sistemini və rəqəmləri icad edənlər müsəlman riyaziyyatçıları idi. Cəbr və triqonometriya müsəlman riyaziyyatçılarının kəşfidir. Müsəlman elm adamları astronomik müşahidələrə böyük əhəmiyyət verirdilər. Müasir astronomiya onların metodlarına əsaslanaraq qurulmuşdur. Müsəlman alimlər Ayın Dünya ətrafındakı hərəkətini də hesablamış və bunu riyazi düsturlarla göstərmişdilər. İslam dünyasının müxtəlif bölgələrindəki görkəmli arxitektura əsərləri bu elmi infrastruktur sayəsində qurulmuşdu.

       Müsəlmanların ən mühüm kəşflərindən bəziləri isə tibb sahəsində olmuşdu. O dövrdə avropalılar xəstəlikləri pis ruhların lənəti hesab edirdilər. Müalicə anlayışı Avropa təfəkküründə yox idi. Müsəlman elm adamları isə araşdırmaların nəticəsində xəstəliklərin gözlə görülməyən kiçik canlılardan (mikroblardan) yoluxduğunu təsbit etmişdilər. Bunun nəticəsində də xəstələrin sağlam insanlardan təcrid edilərək müalicə edilməsinin vacibliyini başa düşmüşdülər. Beləliklə, dünyanın ilk müasir xəstəxanaları qurulmuşdu. Müsəlman xəstəxanalarında fərqli tipdəki xəstələr üçün ayrılmış xüsusi hissələr və elmi müalicə üsulları var idi. Hətta ruhi xəstəliklər musiqinin köməyi ilə müalicə edilirdi. Həmin dövrlərdə Avropada isə ruhi xəstələr şeytanın xidmətçisi kimi qəbul edilib diri-diri oda atılırdı. Müsəlman həkimlərin insan anatomiyası üzərindəki işləri o qədər dəqiq idi ki, düz 6 əsr ərzində Avropanın tibb fakültələrində əsas mənbə olaraq istifadə edilmişdi.

       Məşhur ingilis tədqiqatçı Terri Cons tərəfindən BBC televiziyası üçün hazırlanan və İslam dünyasını tədqiq edən sənədli filmdə İslamın bu yüksək elmi səviyyəsindən belə danışılır:

      “Harran şəhərindən olan islami mütəfəkkirlərdən biri Yer ilə Ay arasındakı məsafəni dəqiq ölçmüşdü. Bir başqa müsəlman alim isə atomun parçalandığı təqdirdə, Bağdad böyüklüyündə bir şəhəri məhv edə biləcək qədər gücünün ortaya çıxacağını yazmışdı. Harveydən əsrlər əvvəl, 1154-cü ildə Şamda tikilən tibb fakültəsində həkimlər tərəfindən tələbələrə anatomiya, qoruyucu dərmanlar, gigiyenik əməliyyatlar və qan dövranı sistemi öyrədilirdi”.

       Avropalılardan əsrlər əvvəl qan dövranını bilən müsəlman həkimlər xəstələrin nəbzlərini sayaraq müayinə edirdilər. Doğuşlar dövrün ən gigiyenik üsulları ilə reallaşdırılırdı. Müsəlman cərrahların istifadə etdiyi və o dövrün tibb kitablarında göstərilən əməliyyat vasitələri kifayət qədər inkişaf etmiş tibb bilgisinin sübutları idi.

       İslam dünyasının elmi məktəblərində kişilər kimi qadınlar da təhsil alır, elmin inkişafında onlar da iştirak edirdilər.

       Müsəlman elm adamları işığın quruluşu və optika mövzusunda da çox böyük nailiyyətlərə imza atmışdılar. Gözün quruluşunu təfərrüatlı şəkildə izah edən ilk  müsəlman optik İbn əl-Heytəm idi. İbn əl-Heytəmin linzalar barəsində apardığı uğurlu araşdırmalar kameranın meydana gəlməsinə səbəb olmuşdu. Görmə qüsurlarının səbəbini kəşf edən müsəlman həkimlər avropalılardan düz 1000 il əvvəl uğurlu katarakta əməliyyatları aparırdılar.

       İslamın böyük elmi mirası Avropanın 15-ci əsrdən etibarən başlayan elmi yüksəlişinin də ən əhəmiyyətli qaynağı idi. Xristian elm adamları müsəlmanlardan öyrəndikləri məlumatlar və üsullarla Avropa elmini qururdular. İslamın nuru onları da aydınlatmışdı.