Kainatdakı incə əyar

Kainatdakı incə əyar

"Biri digəri ilə tam ahəngdə yeddi göyü qat-qat yaradan Odur. Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz (uyğunsuzluq tapmaqdan) ümidini kəsərək zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır". ("Mülk" surəsi, 3-4)

«Məgər görmürsünüz ki, Allah yeddi göyü ahənglə qat-qat necə yaratdı?!». («Nuh» surəsi, 15)

«Göylərin və yerin səltənəti Onundur. O, Özünə heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onun nə cür olacağını müəyyən etmişdir». («Furqan» surəsi, 2)


Materialist fəlsəfə kainatdakı və təbiətdəki bütün sistemlərin öz-özünə fəaliyyət göstərən bir maşın kimi olduğunu və bunlardakı qüsursuz intizam və tarazlığın yaradıcısının təsadüflər olduğu iddiası ilə ortaya çıxdı. Amma hazırda materializmin və onun «elmi əsası» olan darvinizmin əsassızlığı elmi faktlarla sübut olunmuşdur (bax: Harun Yəhya, «Təkamül nəzəriyyəsinin süqutu», «Nurlar» nəşriyyatı; Harun Yahya, «Hayatın gerçek kökeni», İstanbul, Araştırma nəşriyyatı).

XX əsrdə bir-birinin ardınca həm astrofizika, həm də biologiya sahələrində kəşf edilən elmi həqiqətlər kainatın və canlıların yaradıldığını sübut etdi. Bir tərəfdən, darvinizmin tezisləri bir-bir süqut edərkən, digər tərəfdən də kainatın yoxdan yaradıldığını göstərən «Biq bənq» (yəni «Böyük partlayış») və maddi dünyadakı böyük planın və incə əyarın («Fine tuning») olduğunu göstərən dəlillər materializm iddialarının tutarsızlığını bir daha sübut etdi.

Canlı aləmin meydana gəlməsi üçün zəruri olan şərtlərə nəzər yetirəndə təkcə Yer kürəsinin bu cür xüsusi şəraitə malik olduğunu görürük. Yaşamağa əlverişli olan bu şəraiti təmin etmək üçün saymaqla qurtara bilməyəcəyimiz qədər şərt eyni anda, fasiləsiz olaraq gerçəkləşir. Kainatda təxminən 100 milyard qalaktikanın, onların hər birində 100 milyard ulduzun və bir o qədər də planetin olduğunu fikirləşsək, Yer kürəsində bu cür müstəsna bir şəraitin meydana gətirilməsinin əhəmiyyəti daha yaxşı aydın olacaq.

«Biq bənq»in partlayış sürətindən atomların fiziki tarazlığına, dörd əsas qüvvənin nisbətindən ulduzların kimyəvi əməliyyatlarına, Günəşin yaydığı şüanın cinsindən suyun maye dəyərinə, Ayın Yer kürəsinə olan məsafəsindən atmosferdəki qazların nisbətinə, Yer kürəsinin Günəşə olan uzaqlığından onun məhvərinin orbitinə olan mailliyinə, Yer kürəsinin öz ətrafındakı fırlanma sürətindən dünyadakı okeanların, dağların funksiyalarına qədər hər bir təfərrüat bizim yaşamağımız üçün fövqəladə dərəcədə münasibdir. Bu gün elm dünyası kainatın bu xüsusiyyətlərini «bəşəri prinsip» («Anthropic principle») və «incə əyar» («Fine tuning) məfhumları ilə ifadə edir. Bu anlayışlar kainatın məqsədsiz, nizamsız, təsadüfi maddə yığınından ibarət olmadığını, əksinə, insanın yaşamasını təmin edən bir məqsədə nəzərən həssas tərzdə planlaşdırıldığını xülasə edir.

Yuxarıdakı ayələrdə diqqətimiz Allah`ın yaratmasındakı ölçü və ahəngə cəlb edilir. «Furqan» surəsinin 2-ci ayəsində «ölçmək, biçmək, tənzimləmək, ölçü ilə etmək» mənalarına gələn «təqdirən», «Mülk» surəsinin 3-cü ayəsi ilə «Nuh» surəsinin 15-ci ayəsində isə «ahəng içində olan» mənasına gələn «tibəqa» kəlmələri işlədilir. Həmçinin Allah «Mülk» surəsində «ixtilaf, ziddiyyət, uyğunsuzluq, nizamsızlıq» mənalarına gələn «təfavutin» kəlməsi ilə burada ahəngsizlik axtaranların buna nail ola bilməyəcəyini bildirir.

XX əsrin axırlarına yaxın dövrdə işlədilməyə başlanan «incə əyar» ifadəsi də bu ayələrdə bildirilən həqiqəti təsdiq edir. Son 20-30 ildə bir çox alimlər kainatın təsadüflər yığını olmadığını, əksinə, hər təfərrüatda insanın yaşayışını nəzərə alan fövqəladə bir plan və əyarlama məhsulu olduğunu göstərdilər (Bax: Harun Yəhya, «Kainatın yaradılışı»; Harun Yəhya, «Möcüzələr zənciri»). Kainatdakı bir çox xüsusiyyətlər kainatın yaşamaq üçün xüsusi olaraq planlaşdırıldığını açıq-aşkar göstərir. Fizik Karl Giberson bu gerçəyi belə ifadə edir: «Son 40 ildir fizika və kosmologiyadakı inkişaf elmi lüğətə «plan» kəlməsini qaytardı. 1960-cı illərin əvvəllərində fiziklər insan həyatı üçün aşkar «incə əyar»la hazırlanmış bir kainatın örtüyünü açdılar. Kainatda həyatın mövcud olmasının qüsursuz bir tarazlıqdakı fiziki amillərə bağlı olduğunu kəşf etdilər». İngilis astrofiziki, professor Corc F.Ellis bu incə əyardan belə bəhs edir:

«(Kainatdakı) bu kompleksi mümkün edən qanunlarda heyrətamiz bir incə əyar görünür. Kainatda mövcud olan bu kompleksin həyata keçməsi «möcüzə» sözünü işlətməməyi çox çətinləşdirir».

"Biq bənq"in partlayış sürəti

Kainatın təşəkkül tapması anı olan «Biq bənq»də qurulan tarazlıq onun təsadüfən meydana gəlməyəcəyinin açıq nümunələrindən biridir. Avstraliyadakı Adelaide Universitetinin məşhur riyazi fizika professoru Pol Devisə görə, «Biq bənq»dən sonra baş verən genişlənmə sürəti hətta milyard dəfə milyardda bir nisbətində (1/1018) fərqli olsaydı da, kainat meydana gəlməzdi.

Stefan Haukinq də «Zamanın qısa tarixi» adlı əsərində kainatın genişlənmə sürətindəki bu fövqəladə müvazinəti belə qəbul edir: «Kainatın genişlənmə sürəti o qədər riskli bir nöqtədədir ki, «Biq bənq»dən sonrakı birinci saniyədə bu nisbət əgər yüz min milyon dəfə milyonda bir daha kiçik olsaydı, kainat indiki vəziyyətinə gəlməmişdən əvvəl çökərdi».

Dörd qüvvə

Kainatdakı bütün fiziki hərəkət və quruluşlar bu gün müasir fizikanın qəbul etdiyi «dörd əsas qüvvə»nin - Yerin cazibə qüvvəsinin, elektromaqnit qüvvəsinin, güclü nüvə qüvvəsinin və zəif nüvə qüvvəsinin əlaqəsi və tarazlığı sayəsində meydana gəlib. Bu qüvvələr bir-birindən fövqəladə dərəcədə fərqli dəyərlərə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton bu qüvvələr arasındakı həssas tarazlığı belə açıqlayır:

«Əgər Yerin cazibə qüvvəsi bir trilyon qat daha güclü olsaydı, o zaman kainat daha kiçik bir yer olardı və ömrü də daha qısa davam edərdi. Orta bir ulduzun kütləsi hazırkı Günəşimizdən bir trilyon qat daha balaca olardı və ömrü də bir il qədər ola bilərdi. Digər tərəfdən, əgər Yerin cazibə qüvvəsi bir az daha gücsüz olsaydı, heç bir ulduz və ya qalaktika əsla meydana gələ bilməzdi. Digər qüvvələr arasındakı tarazlıq da çox həssasdır. Əgər güclü nüvə enerjisi bir az daha zəif olsaydı, o vaxt kainatdakı yeganə qərarlı element hidrogen olardı. Başqa heç bir atom ola bilməzdi. Əgər güclü nüvə enerjisi elektromaqnit qüvvəsinə nisbətən bir az daha güclü olsaydı, həmin vaxt da kainatdakı yeganə qərarlı element nüvəsində iki proton olan bir atom olardı. Belə olacağı təqdirdə, kainatda heç hidrogen olmayacaq, ulduzlar və qalaktikalar -əgər meydana gəlsələr də- hazırkı quruluşlarından çox fərqli olacaqdılar. Açığı, əgər bu əsas güclər hazırda malik olduqları dəyərlərə eynilə malik olmasaydılar, heç bir ulduz, planet və atom da olmayacaqdı. Həyat da mövcud olmayacaqdı».

Göy cisimləri arasındakı məsafələr

Göy cisimlərinin fəzada yayılması və aralarındakı nəhəng boşluqlar Yer kürəsində canlı həyatın mövcud olması üçün vacibdir. Göy cisimləri arasındakı məsafələr dünyadakı həyatı dəstəkləyəcək şəkildə bir çox universal güclə ahəngdar olan bir hesab daxilində yerbəyer edilmişdir. Maykl Denton özünün «Təbiətin taleyi» («Nature's Destiny») adlı kitabında supernovalar və ulduzlar arasındakı məsafədəki müvazinəti belə açıqlayır:

«Supernovalar və əslində, bütün ulduzlar arasındakı məsafələr çox qarışıq bir mövzudur. Qalaktikamızda ulduzların bir-birinə uzaqlığı orta hesabla 30 milyon mildir. Əgər bu məsafə bir qədər daha az olsaydı, planetlərin orbitləri qərarsız hala gələrdi. Əgər bir az daha çox olsaydı, bir supernova tərəfindən paylanan maddə o qədər dağınıq hala gələcəkdi ki, bizimkinə oxşar planet sistemləri böyük ehtimalla əsla meydana gələ bilməyəcəkdi. Əgər kainat yaşamaq üçün əlverişli bir məkan olacaqdırsa, supernova partlayışları çox müəyyən bir nisbətdə həyata keçməli və bu partlayışlarla digər bütün ulduzlar arasındakı uzaqlıq çox aydın uzaqlıqda olmalı idi. Bu uzaqlıq hal-hazırda mövcud olan uzaqlıqdır».

Cazibə qüvvəsi:

- əgər daha güclü olsaydı, dünya atmosferi daha çox ammonyak və metan qazı yığar, bu da həyat üçün çox mənfi olardı;

- əgər daha zəif olsaydı, dünya atmosferi çox su itirər və yaşayış mümkün olmazdı.

Günəşə uzaqlıq:

- əgər daha çox olsaydı, planetimiz çox soyuyar, atmosferdəki su dövranına mənfi təsir göstərər, planet buz dövrünə daxil olardı;

- əgər daha yaxın olsaydı, planetimiz qovurular, atmosferdəki su dövranına mənfi təsir göstərər, həyat mümkün olmazdı.

Yer qabığının qalınlığı:

- əgər daha qalın olsaydı, atmosferdən Yer qabığına daha çox miqdarda oksigen ötürülərdi;

- əgər daha nazik olsaydı, yaşamağı əlverişsiz edəcək miqdarda çox vulkanik hadisə baş verərdi.

Dünyanın öz oxu ətrafında fırlanma sürəti:

- əgər daha yavaş olsaydı, gecə ilə gündüz arasındakı temperatur fərqi çox olardı;

- əgər daha sürətli olsaydı, atmosfer küləklərinin sürəti daha çox olar, qasırğalar və tufanlar yaşamağı qeyri-mümkün edərdi.

Dünyanın maqnit sahəsi:

- əgər daha güclü olsaydı, çox qatı elektromaqnit fırtınaları olardı;

- əgər daha zəif olsaydı, Yer kürəsi «Günəş küləyi» deyilən və Günəşdən atılan zərərli hissəciklər qarşısında mühafizəsiz qalardı. Hər iki vəziyyətdə də yaşamaq qeyri-mümkün olardı.

Albedo təsiri (Yer üzündən əks edən Günəş şüasının Yer üzünə çatan Günəş şüasına nisbəti)

- əgər daha çox olsaydı, buz dövrü sürətlə başlayardı;

- əgər daha az olsaydı, oranjereya təsiri həddindən artıq istiləşməyə səbəb olar, dünya əvvəlcə aysberqlərin əriməsi ilə suların altında qalar, sonra da istidən qovrulardı.

Atmosferdəki oksigen və azot nisbəti:

- əgər daha çox olsaydı, həyati funksiyaları mənfi tərzdə sürətlənərdi;

- əgər daha az olsaydı, həyati funksiyaları mənfi tərzdə ləngidərdi.

Atmosferdəki karbondioksid və su nisbəti:

- əgər daha çox olsaydı, atmosfer həddindən artıq isinərdi;

- əgər daha az olsaydı, atmosferin hərarəti düşərdi.

Ozon təbəqəsinin qalınlığı:

- əgər daha çox olsaydı, Yer kürəsinin temperaturu çox düşərdi;

- əgər daha az olsaydı, Yer kürəsi həddindən artıq isinər, Günəşdən gələn zərərli ultrabənövşəyi şüalara qarşı bir mühafizəsi qalmazdı.

Seysmik (zəlzələ) hərəkətləri:

- əgər daha çox olsaydı, canlılar üçün davamlı dağıntı olardı;

- əgər daha az olsaydı, okean qatındakı qidalar suya qarışmaz, okean və dənizlərin həyatına, dolayısilə, bütün dünya canlılarına mənfi təsir edərdi.

Yer kürəsinin oxunun əyriliyi:

Dünyanın mehvəri öz orbitinə 23 dərəcəlik bir bucaqla maillik edir. Fəsillər bu maillik nəticəsində meydana gəlir. Bu maillik indiki dəyərindən daha çox, ya da daha az olsaydı, fəsillər arasındakı hərarət fərqi həddən artıq dərəcələrə çatacağı üçün dünyada dözülməz hərarətdə yay olar və həddindən artıq soyuq qış fəsilləri yaşanardı.

Günəşin böyüklüyü

Günəşin yerində daha kiçik bir ulduzun olması Yer kürəsinin həddindən artıq soyumasına, böyük bir ulduzun olması isə dünyanın istidən yanıb qovurulmasına gətirib çıxarardı.

Ayla Yer kürəsi arasındakı cazibə təsiri:

- əgər daha az olsaydı, Ayın şiddətli cazibəsinin atmosfer şərtlərinə, Yer kürəsinin öz oxu ətrafındakı fırlanma sürətinə və okeanlardakı qabarmalara-çəkilmələrə çox sərt təsirləri olardı;

- əgər daha az olsaydı, şiddətli iqlim dəyişikliklərinə səbəb olardı.

Ayla Yer kürəsi arasındakı məsafə:

- əgər bir qədər daha yaxın olsaydı, Ay dünya ilə toqquşardı.

- əgər bir qədər daha uzaq olsaydı, Ay kosmosda itib gedərdi;

- əgər bir qədər daha az yaxın olsaydı, Ayın dünya üzərində yaratdığı qabarma-çəkilmələr təhlükəli səviyyədə böyüyərdi. Okean dalğaları qitələrin çökək yerlərini örtərdi. Bunun nəticəsində baş verən sürtünmə okeanların hərarətini çoxaldar və Yer kürəsində həyat üçün zəruri olan həssas temperatur balansı məhv olardı;

- əgər bir qədər daha az uzaqlıqda olsaydı, qabarma-çəkilmələr azalar, bu da okeanların daha hərəkətsiz olmasına səbəb olardı. Durğun su dənizdəki həyatı təhlükəyə atar, bununla yanaşı nəfəs aldığımız havadakı oksigen nisbəti təhlükəli vəziyyətə düşərdi.

Yer kürəsinin hərarəti və karbon əsaslı həyat

Həyatın əsası olan karbon elementinin mövcudluğu müəyyən səviyyədə qalan istiliyə bağlıdır. Karbon həyatı meydana gətirən amin turşusu, nükleik turşu və proteinlər kimi əsas üzvi molekullar üçün zəruri olan bir maddədir. Dolayısilə, həyat ancaq karbon əsasında mövcud ola bilər və bunun üçün də mövcud olan hərarət ən az -200 C, ən çox +1200 C ola bilər. Dünyanın hərarəti də bu aralıqdadır.

Burada sadalananlar Yer kürəsində həyatın meydana gəlməsi və canlı aləmin mövcudluğunun davam etməsi üçün vacib olan çox həssas tarazlıqlardan yalnız bir neçəsidir. Təkcə burada qeyd olunanlar da kainatın və dünyanın təsadüflər nəticəsində, təsadüfi hadisələrin bir-birinin ardınca gəlməsi sayəsində yarana bilməyəcəyini qəti şəkildə göstərmək üçün kifayətdir. XX əsrdə istifadə edilməyə başlanan «incə əyar», «bəşəri prinsip» məfhumları Quranda əsrlərlə əvvəl bildirilən «ahəng və hesabla yaradılışı» təsdiq edir.